Avqustun 19-da Moskvada çimərlik futbolu üzrə 11-ci dünya çempionatına start veriləcək.
Bizim.Media xəbər verir ki, mundialda 16 komanda 4 qrupda mübarizə aparacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar mübarizəni dörddəbir davam etdirəcəklər.
Komandalardan Rusiya, ABŞ, Paraqvay və Yaponiya A, Mozambik, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Tahiti seçmələri B qrupunda yer alıblar. C qrupunda Belarus, Salvador, İsveçrə, Braziliya, D qrupunda isə Portuqaliya, Oman, Seneqal və Uruqvay yığmaları mübarizə aparacaqlar.
MÖVZU İLƏ BAĞLI:
Gənclərin ilk çimərlik futbolu kubokunun final mərhələsi keçirildi - FOTO
Çempionatın açılış matçında BƏƏ və Tahiti yığmaları qarşılaşacaqlar. Mundialın qrup mərhələsinin oyunlarına avqustun 24-də yekun vurulacaq. Avqustun 26-da dörddəbir, iki gün sonra isə yarımfinal qarşılaşmaları keçiriləcək. Avqustun 29-da isə üçüncü yer uğrunda görüş və final matçı oynanılacaq.
Çimərlik futbolu üzrə dünya çempionatı ilk dəfə 1995-ci ildə keçirilib və 2005-ci ilə qədər hər il təşkil olunub. 2005-ci ildən etibarən dünya çempionatını FIFA təşkil etməyə başlayıb. Həmin vaxtdan sonra mundial iki ildən bir keçirilir.
FIFA-nın təşkilatçılığı ilə indiyədək keçirilən 10 dünya çempionatında Braziliya millisi 5 dəfə kuboka sahib olub. Portuqaliya və Rusiya milliləri 2, Fransa isə 1 dəfə çempion adını qazanıb.
İki il əvvəl keçirilmiş sonuncu mundialın finalında Portuqaliya İtaliyanı 6:4 hesabı ilə məğlub edərək ikinci dəfə çempion olub. Üçüncü yer uğrunda oyunda isə Rusiya yığması Yaponiyaya qalib gəlib – 5:4.
Bizim.Media