Nəhayət dünən şeytanın qıçı sındırıldı və Milli Şura uzun zamanların sükutunu pozaraq meriyanın barmaq göstərdiyi əlverişsiz yerdə-şəhər mərkəzindən xeyli uzaqda olduğu adından da bəlli olan 20-ci sahədə öz siftəsini elədi. Mitinqin izdihamlı və ya sönük alınması barədə yersiz dedi-qoduya vaxt ayırmaq istəmirəm.
Çünki artıq dövran dəyişib və müxalifətin mitinqçilərin sayı barədə bir, hakimiyyətin tamam başqa rəqəmlər iddia etdiyi günlə arxada qalıb. Çünki artıq “sosial şəbəkə” adlı bir tərəfsiz arbitr var və o reallığı elə çılpaqlığıyla ortaya qoyur ki, daha çənə vurmağa yer qalmır. Şəxsən təəssüratlarım kimin üçünsə maraqlı olsaydı deyərdim ki, Milli Şuranı çox lazımi və yetərincə qələbəlik olan bir aksiya keçirdiyinə görə mənim əvəzimdən təbrik etsinlər. Unutmaq olmaz ki, havalar hədsiz dərəcədə isti, əksinə, siyasi hərarət kifayət qədər sərindir və üstəlik, qəpiyə möhtac edilmiş on minlərlə vətəndaşımız istəsə belə əlverişsiz nəqliyyat sistemi və məkanın uzaqlığına görə həmin aksiyanı yalnız mətbuatdan izləmək zorunda qalıb, şübhəsiz ki, bu da mitinqçilərin sayına həlledici təsirini göstərməliydi...
Elə əslində mən 20-ci sahəylə bağlı öz fikirlərimi oxucularla paylaşmaq niyyətindən bu yazını yazmaq həvəsinə düşmüşəm. Daha doğrusu, Azərbaycandakı demokratiya tamarzılarının azsaylı əcnəbi sadiq dostlarından biri hesab etdiyim keçmiş ABŞ diplomatı və indilərin hüquq müdafiəçisi olan Rebekka Vinsentin Milli Şuranın 18 avqust mitinqinə həsr etdiyi bir köşə yazısı məni bu mövzuya baş vurmağa vadar elədi. Xanım Vinsent də bu aksiyanın keçirilməsi qərarını tarixi hadisə kimi qiymətləndirir və hakimiyyətin son illər apardığı repressiv addımlarını bir-bir sadaladıqdan sonra 20-ci sahəni “dünyanın qurtaran yeri” adlandırır. Ancaq məncə istər gündəlik şəxsi həyatımızda, istərsə də siyasi səhnədə üzləşdiyimiz situasiyalara “hər şərdə bir xeyir var” prinsipiylə yanaşılmalıdır.
Bu baxımdan mən Rebekka xanımın qənaətini bölüşmürəm və düşünürəm ki, hakimiyyətə iddialı bir qurum üçün ona təklif edilən yerin yaxın və uzaqlığı indiki məqamda o qədər də əhəmiyyət kəsb etməməlidir və 20-ci sahə heç də dünyanın qurtaran yeri deyil. Milli Şura zəhmət çəkib həmin əraziyə o qədər tərəfdarını toplamalıdır ki, hamı onların daha böyük meydan istəməsini anlayışla qarşılasın. Təbii ki, “hamı” dedikdə hakimiyyəti nəzərdə tutmuram. Çünki onlar anlayışdan uzaq bir siyasi təcrübəyə sahibdirlər və belələrini başa salmağa cəhd etmək də mənasızdır. Mən proseslərə seyrçi qalan və qərar qəbul etməkdə çətinlik çəkən siyasi qüvvələri və narazı elektoratı təmsil etsə də qorxusundan cınqırını çıxara bilməyən, eyni zamanda qulağı səsdə və bir himə bənd olan milyonlarla məzlum kəsimi nəzərdə tuturam ki, məhz onlar izdihamı görərək ürəklənə və növbəti aksiyalarda həvəslə iştirak edə bilərlər.
Milli Şura bu psixoloji səddi aşmalı və növbəti çoxminli aksiyalar üçün indidən zəmin hazırlamalıdır. Düşünürəm ki, 18 avqust mitinqində Milli Şura bu baryeri aşa bildi və aksiyaların davamlı, artan saylı olması üçün indi onqat enerji, maddi və mənəvi resurslar cəlb edilməlidir. Prezident kürsüsünə göz dikənlər unutmamalıdırlar ki, azadlıq kimi kreslonu da heç kimə hədiyyə etmirlər, onu zorla, güc göstərərək alırlar. Dünya əzəldən belə qurulub və əslində bu gün də heç nə dəyişməyib. Bir sözlə, “könlü balıq əti istəyənin baldırı suda gərək” məsəli elə bizim müxalifətə də şamil edilməlidir. Könüllərindən bu “balığı” yemək keçirsə onu bir hiylə ilə tora salmağı bacarmalıdırlar. Bunu lap dünyanın qurtaran yerində etmək tələb olunsa belə...






























































































