Azərbaycana yeni təzyiq vasitəsi - İstanbul Konvensiyası

Hazırda oxunan: Azərbaycana yeni təzyiq vasitəsi - İstanbul Konvensiyası

32233

Avqustun 10-da Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycan hökümətinə İstanbul konvensiyasının qəbul edilməsi ilə bağlı çağırış ünvanlayıb. Səfirliyin yayımladığı bəyanatda Böyük Britaniyanın Azərbaycanda gender bərabərliyini dəstəkləməkdə davam etdiyi qeyd olunub. Səfirlik Azərbaycanı qadınlara qarşı zorakılıq hallarının düzgün araşdırılmasının və zərərçəkmiş şəxslərin mühafizəsinin təmin olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, 11 may 2011-ci ildə imzalanmış İstanbul Konvensiyası məişət zorakılığına son qoymaq məqsədi ilə yaradılan beynəlxalq çərçivə hesab olunur.

Konvensiyanı ilk imzalan dövlət Türkiyədir, lakin bir müddət əvvəl Türkiyə milli dəyərləriə zidd olduğunu əsas gətirərək rəsmi şəkildə konvensiyadan ayrıldığını elan edib.

Türkiyənin ayrıldığı bir məqamda Azərbaycanın Konvensiyaya dəvət olunması, Böyük Britaniyanın Cənubi Qafqazda Azərbaycanla yaxın əməkdaşlığa malik olması isə bəzi suallar doğurur. Çağırışla bağlı hər hansı mənfi cavabın Azərbaycan və Britaniya arasındakı mövcud iqtisadi əməkdaşlığa zərər vurub vurmayacağı isə önəmli suallardan biridir.

İlk öncə qeyd edək ki, hər bir dövlət kimi Böyük Britaniya üçün də Cənubi Qafqazdakı iqtisadi maraqlar daha önəmlidir, nəinki burdakı sosial-iqtisadi vəziyyət. Hətta siyasi nəzəriyyənin “Dost düşmən yoxdur, sadəcə dəyişən maraqları var” kimi məşhur tezisi belə məhz Böyük Britaniya nümunəsində meydana çıxıb.

Bu baxımdan Britaniya səfirliyinin Azərbaycana çağırışı ölkənin Cənubi Qafqazdakı iqtisadi maraqlarının fonunda elə də ciddi görünmür.

Lakin sırf iqtisadi mənafelər üçün Böyük Britaniyanın və bütövlükdə Qərbin Azərbaycana qarşı tam şəkildə loyal olacağını gözləmək sadəlövhlük olardı. Çünki böyük dövlətlərin siyasi xəttləri çoxşaxəlidir və mürəkkəb dinamizmi ilə fərqlənir. Azərbaycanla bir sahədə fəal əməkdaşlıq edilməsi Böyük Britaniyanın digər sahələrdə Azərbaycana qarşı əks mövqedə olmayacağına təminat vermir. Hər sahənin və istiqamətin özünəməxsus maraqları və prioritetləri mövcuddur.

Məlumdur ki, II Qarabağ müharibəsində əldə olunan qələbə Azərbaycan üçün ən böyük təzyiq vasitəsini sıradan çıxarıb. Artıq Qərb “Qarabağ problemi”nin həllini və siyasi-hərbi dəstək məsələsini Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edə bilməyəcək. Lakin Azərbaycanın geosiyasi və iqtisadi əlverişli mövqeyi yeni təzyiq mexanizmlərinin yaradılmasını da şərtləndirir.

Çünki yeni təzyiq vasitlərinin yaradılması böyük dövlətlərin Cənubi Qafqazdakı maraqlarını reallaşdırmaq üçün Azərbaycana yeni təsir imkanları deməkdir.

Böyük Britaniya üçün Azərbaycana və ya hər hansı başqa bir dövlətə təsir imkanlarını olması, əgər yoxdursa, belə bu cür imkanların yaradılması xüsusilə əhəmiyyətlidir. Çünki bu cür təzyiq vasitələri ilk öncə Böyük Britaniyanın regiondakı maraqlarının təmin olunması üçün vacibdir. 
Müharibənin son çatdığı andan etibarən Azərbaycanda yeni təzyiq vasitələrinin yaradılması istiqamətində fəal iş aparıldığı məlumdur. Qadın və LGBT hüquqlarının qabardılması və İstanbul Konvensiyası kimi mövzular bu yeni təzyiq vasitələrinin yaradılmasından xəbər verir.

Bu cür çağırışlar Azərbaycanda həll olunmamış problemlərin olduğunu önə çəkir və narazı qrupların yaranmasına, gələcəkdə potensial etiraz dalğasının formalaşmasına şərait yaradır.

Bu gün Britaniya səfirliyi Azərbaycanı Konvensiyaya qoşulmaqla bağlı çağırış edirsə, bu Azərbaycanla hansısa sahədə maraqlarının toqquşduğundan xəbər verir. Əks halda Konvensiya məsələsinin daha əvvəl deyil də məhz, indi ortaya atılmasının səbəbini izah etmək çətindir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin