Bakı Nəqliyyat Agentliyi "BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur” deyən millət vəkili Fazil Mustafaya cavab verib. Agentliyin mətbuat katibi Mais Ağayev deputatın fikirlərini məntiqsiz adlandırıb. Mais Ağayev Fazil Mustafaya tövsiyə edib ki, deputat bir az piyada gəzsin və ictimai nəqliyyatdan istifadə edərək görülən işlərin əyani şahidi olsun.
MÖVZU İLƏ BAĞLI:
“Parkovka” DÜYÜNÜ – Vahid parklama qura bilməyən BNA cərimə yığmağa 6 milyon XƏRCLƏYİB
Bizim.Media xəbər verir ki, Fazil Mustafa BNA-nın ona cavabı yer alan linki “Facebook” hesabında bölüşüb və başlıq formasında yeni statusu ilə agentliyi bir daha tənqid edib.
Millət vəkilinin yeni yazısının adı “BAKI NƏQLIYYAT SOYĞUNÇULUĞU AGENTLİYİ”dir:
“BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur. Bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb, yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş tıxacda qalır. Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan? Üstəlik də hər gün minlərlə nəqliyyat idarə edən Azərbaycan vətəndaşı müəmmalı şəkildə qeydiyyat aparan kameralar vasitəsi ilə cərimələnir və haradasa ölkədə boynunda cəriməsi olmayan vətəndaş tapmaq çətindir. Bu irad və ittihamları səsləndirməkdə məqsədimiz var və əsas məqsədimiz də Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimə oyunbazlığı vasitəsi ilə sürücülərin kütləvi şəkildə soyulmasının qarşısını almaqdır”.
Qeyd edək ki, Fazil Mustafa geniş yazısında BNA mətbuat katibini də, agentliyin rəhbərini də savadsız adlandırıb:
“Səsləndirilən iradlara doğru-dürüst izah vermək yerinə hələ ki, bir millət vəkilinə piyada gəzməyi tövsiyə edirlər, ardınca digər millət vəkillərinə bu tövsiyə ediləcək, daha da varlanandan sonra nazirlərə və daha yuxarılara piyada gəzməyi tövsiyə edəcəklər. Bu qurumun belə bir iddialı rəhbəri bu minvalla 2025-ci ildə özünün prezidentliyə namizədliyini versə qətiyyən təəccüblənmərəm. Burada da özlərini dolaşdırdıqlarının fərqində deyillər. Hamı piyada gəzməyə başlasa, əcəba indiyə qədər etdikləri görməmişliyi indi də piyadalardan cərimə pulu yığmaqlamı davam etdirəcəklər?”.
Bizim.Media