İrəvanda konsert verərsinizmi? – Azərbaycanın şou əhlinin maraqlı CAVABLARI

Hazırda oxunan: İrəvanda konsert verərsinizmi? – Azərbaycanın şou əhlinin maraqlı CAVABLARI

31606

44 günlük müharibədə Azərbaycanın qazandığı möhtəşəm zəfərdən sonra, xalqımız humanizm, multikultral dəyərlərini bir daha gözlər önünə sərərək bütün dünyaya öz sülhsevər xüsusiyyətlərini nümayiş etdirdi. 

Azərbaycan ermənilər tərəfindən bir çox faciələrlə üzləşdiyniə baxmayaraq, bütün dünyaya ermənilərlə sülh şəraitində yaşamağa hazır olduqlarını dəfələrlə elan edib.

Lakin mənfur düşmənlərimiz buna öz təxribatları, şovinist hərəkətləri ilə hələ də mane olmağa çalışır. 

Azərbaycan hökuməti isə multikultural dəyərlərə sadiq olaraq yenə də erməni irsinin qorunmasında, erməni vətəndaşlarla birlikdə yaşamağın mümkünlüyü haqda konkret mənəvi və siyasi iradə nümayiş etdirir.

Bəs, şou nümayəndələri bu haqda nə düşünür? Onların sülh müqaviləsinin imzalanması haqda fikirləri necədir?

Elə bunu nəzərə alaraq, onlara “Sülh müqaviləsi imzalansa, iki xalq rahat bir şəkildə regionda yaşamağa başladığı təqdirdə, dəvət alsanız, İrəvanda konsert verərsinizmi?” sualı ilə müraciət etdik.

Xalq artisti Faiq Ağayev Bizim.Media-ya açıqlamasında bildirir ki, bu barədə danışmaq hələ tezdir, çünki gələcək məsələlərin necə cərəyan edəcəyi hələ ki, bəlli deyil.

“Bilirsinizmi, arabanın qarşısında qaçmaq ən axmaq işdir. Bizim Azərbaycan vətəndaşı olan ermənilərlə aramızın nə zaman düzələcəyi bəlli deyil. Onlar əgər bizim kimi Azərbaycan qanunlarına tabe olacaqlarsa, bəlkə o zaman sizin verdiyiniz sualı müzakirə etmək olar. Ancaq indi hələ ki, yaralarımızın qaysağı bağlanmayıb, bu barədə danışmağa dəyməz”.

Müğənni Afət Fərmanqızı isə qeyd edib ki, bu fikrin özü absurddur. Çünki biz ermənilər tərəfindən çox acı faciələr yaşamışıq.

“Mənim düşüncəmə görə, onlar bizim əbədi düşmənimizdir. İlanın ağına da lənət, qarasına da. Mən heç bir vaxt bunu etmərəm”.

Əməkdar artist Lalə Məmmədovanın fikri isə daha sərt olub. O, Bizim.Media-ya bildirib ki, heç vaxt belə mövzu onun müzakirə predmetinə çevrilə bilməz.

“Əsla, mən buna heç vaxt razılıq vermərəm. Ümumiyyətlə, bu mövzuda söhbət gedə bilməz. Mənim üçün bu başqa cür ola da bilməz”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin