Mədəniyyət Nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov mənimsədiyi büdcə vəsaitlərini-5 milyon manatı geri qaytarıb.
Bizim.Media xəbər verir ki, Zakir Sultanovun vəkili bu gün avqustun 6-da məhkəmədə, iş üzrə keçirilən hazırlıq iclasında bu haqda bildirib.
Z.Sultanov ötən il DTX tərəfindən həbs olunmuşdu və 5 milyon manatdan artıq büdcə vəsaitinin mənimsənilməsində ittiham olunurdu.
İş üzrə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti zərərçəkmiş kimi tanınıb. Dövlət Xidməti məhkəməyə mülki iddia təqdim edib. Keçmiş məmur iddiada göstərilən məbləği ödəməyə razılaşıb və vəkilin bildirdiyinə görə, məbləğin 4 milyon manatını nəğd olaraq ödəyib. Sabiq Xidmət rəisinin 600 min dollarlıq, 130 min, 10 min və 20 min manatlıq əmlaklarının üzərinə də məhkəmə qərarıyla həbs qoyulmuşdu. Sultanov həmin əmlakların da zərərin ödənilməsi üçün hesablanması ilə razılaşıb.
2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramovla birlikdə tutulan Sultanov o vaxtdan DTX-nin istintaq təcridxanasında saxlanılır. Bu ilin mayında sabiq nazir müavininin işi məhkəməyə göndəriləndə Sultanovun işi ayrıca icraata götürülmüşdü. Onların hər ikisinin işinə hazırda ayrı-ayrılıqda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Məhkəmədə vəkil Z.Sultanovun dəyən zərəri ödəməsini əsas gətirərək onun ev dustaqlığına buraxılması barədə vəsatət verib.
Prokuror Sultanovun ev dustaqlığına buraxılmasına etiraz edib və bunu keçmiş məmurun şahidlərə təzyiq göstərə biləcəyi ilə əsaslandırıb. Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası da onun həbsdən buraxılmasını məqsədəuyğun saymayıb.
Müdafiə tərəfinin daha bir vəsatəti sabiq Xidmət rəisinin DTX-dan Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına köçürülməsi haqda olub. Məhkəmə bu vəsatətə müsbət cavab verib.
Avqustun 13-dən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində iddia olunan yeyintilərlə bağlı dindirmələr aparılacaq.
Sultanov CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Mədəniyyət nazirinin rüşvət almaqda ittiham olunan keçmiş müavini Rafiq Bayramovun mühakiməsi də yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb və prokuror ona 10 il həbs cəzası verilməsini təklif edib. Sabiq nazir müavini özünü təqsirli bilmir. (virtualaz.org)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:39 / 07.08.2021
“Mədəni” korrupsiya: Zakir Sultanov 5 milyonu geri ödədi
Hazırda oxunan: “Mədəni” korrupsiya: Zakir Sultanov 5 milyonu geri ödədi
Hazırda oxunan: “Mədəni” korrupsiya: Zakir Sultanov 5 milyonu geri ödədi
31580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.