Hövsanda “Patı”çıların yeni FIRILDAQLARI - Evlərə “hücum” edirlər - SOS

Hazırda oxunan: Hövsanda “Patı”çıların yeni FIRILDAQLARI - Evlərə “hücum” edirlər - SOS

31505

“Gözəl bacım, kimi sevirsiz onun canına, mənə kömək edin. Allah rizası üçün, uşağım epilepsiya xəstəsidir. Yoldaşım gecə növbəsindədir. Buralarda yaşayıram, qonşuyam. İstəyirsiz gedək evimi göstərim. Uşağımın epilepsiyası tutub, mənə 7 manat köməklik edə bilərsiz, dərmanını alım? Narahat olmayın, yoldaşım gəlsin, borcunuzu çatdıracağam”.

Üz gözü dağılmış, gözlərinin altı şişkin, dodaqlarının kənarə göyərmiş, hicablı, təxminən 30 yaşlarında qadın üz tutduğu ev sahibindən “yardım” umur. Qapılara düşəcək qədər niyə diləsin ki? Diqqətlə qadını dinləyən, özünün də ana olduğunu düşünən ev sahibi darvazanı bağlayıb pul gətirmək üçün evə qaçır. “Ana” harayına, xəstə uşağının şəfasına yetişmək üçün... Sanki son ümid yeri olaraq çarəsiz körpəni düşdüyü vəziyyətdən o, qurtaracaq, sağalması üçün çabalanan “ana” ya dünyaları verəcək. Nə bilsin ki, qapısında potensial narkoman, övladının deyil, özünün harayına yetişməsi üçün “yem” axtaran cani dayanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Sintetik uyuşdurucular hansı BÖLGƏLƏRDƏ istehsal olunur? - HƏYƏCAN TƏBİLİ
 


Qeyri-ixtiyarı qışqırır...

Evə qaçıb cəld pulqabısını çıxarır, 7 manatı əlində hazırlayıb qapıdan çıxanda, həyat yoldaşı ilə qarşılaşır. “Nə olub? O qadına aparırsan? Ağlını itirmisən? Bütün günü küçələrdə sülənir, bilirsən kimdir?” - ərinin cavabına məsum baxışlarla nəzər yetirən ana “narkoman” ifadəsini eşidər-eşitməz qeyri-ixtiyari qışqırır. 

Bəli, hadisə Bakıda, konkret desək, Hövsan qəsəbəsində cərəyan edib.  Daha doğrusu analoji hal qəsəbədə yaşayan bir neçə ev sahibinin başına gəlib. Təsadüfən birgə söhbət zamanı məlum olub ki, qapılara düşüb pul dilənən orta yaşlı qadın və kişilər narkotik aludəçiləri, bu bəladan qurtula bilməyən binəvalardır. 

Potensial təhlükəlilərdən qurtulacağıqmı?

Bənzər daha bir olay ötən həftə qəsəbənin bağ massivində yaşanıb. Bağ evlərindən birinin qapısını döyən və danışanda əlləri, dodaqları titrəyən yaşlı kişi ev sahibi olan qadına “uşağım üstünə qaynar su tökərək yanıb, pulum yoxdur. Mənə 3-5 manat kömək edin, dərman alım” deyə yalvaran zaman qonşunun göz-qaş işarəsinə oyanıb. “Məndə də pul yoxdur” deyib yola saldığı kişi oradan uzaqlaşandan sonra  qonşu tərəfindən işin əsl-astarı ilə tanış olub. Üstəlik gənc oğlanlardan ibarət narkotik aludəçilərinin gündüz və ya gecə sahibi olmayan evlərə oğurluğa girmələrini də öyrənib. 

Qəsəbə daxilində gedən məlumatlardan belə anlamaq olur ki, sözügedən “qəhrəman” larımızın sayı günü-gündən artır və bənzər olayla bağlı hər gün bir başqa olay eşidilir. 

Aydındır ki, narkomanların böyük əksəriyyəti pul əldə etmək üçün yalan danışır. Bu potensial təhlükəlilərin öz maraqlarının təmin edilməsi naminə bədbəxt və xoşagəlməz hadisələr törədəcəyinə də heç kim zəmanət vermir. 

Ölkədə narkomanların sayının azaldılması üçün hüquq mühafizə orqanları tərəfindən müvafiq tədbirlər və maarifləndirici işlər aparılsa da, ortaya çıxan yeni problemlə bağlı təşviş yaranıb. 

Ümid edirik ki, aidiyyəti qurumlar qeyd edilən faktlarla bağlı məəsələni də nəzarətə götürəcəklər. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin