Şoyqunun “böyük köç” planı – Rusiya Sibirə niyə çəkilir?

Hazırda oxunan: Şoyqunun “böyük köç” planı – Rusiya Sibirə niyə çəkilir?

31500

Rusiyada son dönəmlərdə yeni bir nəhəng proyekt müzakirə mövzusuna çevrilib. Belə ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkənin yeni planı ilə bağlı fikirlər səsləndirib. Layihəyə görə Kreml Sibirdə bir neçə böyük şəhər inşa etməyi hədəfləyir. Müdafiə naziri üç, daha yaxşı halda isə beş şəhərin salınmasının vacibliyini bildirib. Qeyd edək ki, sözügedən yaşayış məntəqələrinin sənaye mərkəzlərinə çevrilməsi və hər birində bir milyona yaxın insanın məskunlaşması nəzərdə tutulub.

Bu cür böyük proyektin reallığa dönüşməsi üçün isə elə də uzun müddətə ehtiyac duyulmadığı qeyd olunur.

Belə ki, rusiyalı mütəxəssislər 5-7 il sonra bu cür yaşayış məskənlərinin inşa edilməsinin mümkünlüyünə inanırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyana verilən SON TAPŞIRIQ: “Rus əsgəri yaralanmalı və ya öldürülməlidir...”


Yeni şəhərlərin salınması layihəsi çərçivəsində, hətta paytaxtın da Sibirə köçürülməsi gündəmdədir.

Xatırladaq ki, bu ideya hələ SSRİ dövründə də gündəmə gəlmiş, lakin daha sonra İttifaqın dağılması ilə reallığa çevrilə bilməmişdi.

Moskvanın isə, birdən-birə belə bir ideya ilə çıxış etməkdə bir sıra məqsədləri var:

1.Sibir Rusiyanın təbii ehtiyatlarla ən zəngin regionudur. Lakin əhalinin məskunlaşma səviyyəsinə görə bu region ölkənin Avropa hissəsindən xeyli geri qalır. Bu köçürülmə isə, həmin ehtiyatların çıxarılması və emalı prosesi üçün lazımi işçi qüvvəsinin təmin olunması deməkdir. Eyni zamanda sənaye mərkəzlərinin şərqə köçürülməsindən təbii ehtiyatların minlərlə kilometr daşınmasına ehtiyac qalmayacaq ki, bu da logistik xərcləri xeyli azaldacaq. 

2. Rusiya şəhərsalma layihəsi ilə yeni sənaye mərkəzləri yaratmaqla ölkədə məskunlaşan, eyni zamanda digər ölkələrdən durmadan köç edən miqrant ordusunu yerləşdirmək üçün əlverişli imkan yaradacaq. Bu isə ölkə əhalisinin artımı ilə nəticələnəcək və ərazisinə görə xeyli az vətəndaşı olan Rusiyanın gələcək inkişafı üçün önəmli imkanlar yaranacaq.

3. Ölkənin mərkəz və şərq regionlarında salınacaq yeni şəhərlər, eyni zamanda paytaxtın buraya köçürülməsi Rusiyanın təhlükəsizliyi baxımından da böyük əhəmiyyət kəsb edir. Belə ki, Moskvanın əsas rəqibi olan NATO ölkənin qərb regionuna yaxın bölgələrdə, xüsusilə də, son dönəmlərdə daha çox canfəşanlıq etməkdədir. Bu isə, Rusiyanın qərbində yerləşən ölkələri özünə bufer zona kimi saxlamasını vacib edir. Sözügedən siyasət isə, Qərbin daha da fəallaşmasına və Rusiyanın sanksiyalarla üzləşməsinə səbəb olmaqla, şimal qonşumuza böyük zərbə vururdu. Lakin mərkəzin köçürülməsi Kremlin bu cür problemlərdən də yaxa qurtarmasına səbəb olacaq.

4. “Böyük köç”lə birlikdə boş qalmış Sibir çöllərinə cənubdan hərisliklə baxan Çin təhlükəsinə qarşı mühüm tədbir görüləcək. Bununla da, Rusiyanın şərq bölgələrində artan Çin investisiyaları və nüfuzu qarşısında Moskva öz iddiasını ortaya qoyaraq, gələcəkdə yarana biləcək böhranlı vəziyyətin önünü erkən tədbirlərlə kəsə bilər.

Qeyd edək ki, Şoyqunun açıqlması bu mövzuda ilk deyil. Belə ki, daha əvvəl də rus siyasətçi Vladimir Jirinovski oxşar təkliflə çıxış etmişdi.

Jirinovski bir müddət əvvəl verdiyi açıqlamada miqrantların Sibirə köçürülməsi ideyasını önə sürmüşdü.

Eyni zamanda Rusiyanın “böyük köçürmə” planı xeyli müddətdir ki Kanadada da tətbiq olunmaqdadır. Okenanın o tayında yerləşən Kanada şimal qonşumuz kimi böyük ərazilərə və buna tərs mütənasib olaraq xeyli az əhaliyə malikdir.

Buna görə də, rəsmi Ottava ölkəyə gələn miqrantları şimal bölgələrində yerləşdirməyə çalışır.

Ümumilikdə isə, Şoyqunun bu ideyası reallığa dönüşərsə Rusiyanın SSRİ dönəmində olduğu kimi, dünya nəhənginə çevrilməsi yolunda mühüm addım atılacaq və şimal qonşumuz əvvəlki əzəmətli günlərinə qayıtmaq imkanı yaxalayacaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin