Kəbinlə nikaha girib boşananlara aliment VERİLİRMİ? - HÜQUQİ İZAH

Hazırda oxunan: Kəbinlə nikaha girib boşananlara aliment VERİLİRMİ? - HÜQUQİ İZAH

31253

Azərbaycanda hələ də rəsmi nikahdan çəkinib vətəndaş nikahına girən qadın və kişilərimiz var. Son vaxtlar molla nikahından ailə quranların sayı artıb. Dini nikah rəsmi prosedur sayılmasa da bəzi ailələrin düşüncəsində talaq nikahı hələ də prioritet hesab olunur. Halbuki belə evliliklər qeyri-sivil ayrılmalar və ödənməyən alimentlərlə nəticələnir.

Məlumat üçün bildirək ki, 2020-ci ildə ölkədə rəsmi nikahda olmayan qadınlar 17 714 uşaq dünyaya gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

Düyünə düşən aliment DƏRDİ – Fond məsuliyyətsiz atalara çarə olacaqmı? - BAXIŞ


Demək ki, rəsmi nikah olmadan münasibət qurub birgə yaşayanların sayında artım tendensiyası yüksələn  xətt üzrə davam edir. Çox vaxt qeyri-rəsmi nikaha girən ailələr boşanandan sonra aliment problemi yaranır. Onların əlavə hüquqi prosedurlardan keçmələri tələb olunur.

Maraqlıdır, kəbin nikahı ilə ailə qurub boşananların aliment problemi necə həll olunur? DNT ilə alimentə nail olmaq mümkün olurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Fariz Namazlı sözügedən məsələnin hüquqi izahını belə verib:

“Dini nikahın heç bir hüquqi əhəmiyyəti yoxdur. Amma istər rəsmi, istərsə də qeyri rəsmi nikaha girənlərdən doğulan uşaqlara atalıq verilibsə, yəni atanın adı müəyyən olunubsa, o halda aliment tələb oluna bilər. Hətta tərəflər rəsmi qaydada boşanmasa belə, o halda da aliment tələbi var. Yeganə şərt odur ki, uşağın atalığı müəyyən olunsun. Onun doğum haqqında şəhadətnaməsində uşağın soyadı və atasının adı göstərilsin. Əgər qadın rəsmi nikahda deyilsə, atalığın müəyyən olunmasına dair şəhadətnamə olur. Bundan əlavə qadın nikahda olduğu dövrdə uşağı dünyaya gəlirsə, qanun belə göstərir ki, uşağın atası qadının əri hesab olunur. Bunun üçün kişi tərəfinin xüsusi ərizə verməsinə ehtiyac yoxdur. Qadının uşağı doğularsa, onun faktiki birgə yaşadığı şəxs uşağın atasının olduğu barədə qeydiyyat idarəsinə ərizə verməlidir.

O halda uşağa atalıq verilir. Əgər kişi ərizə verməsə, qadın məhkəmə qaydasında atalığı müəyyən etməlidir. Atalıq müəyyən olunandan sonra isə aliment barədə iddia qaldırıla bilər”.


Vəkil DNT ilə alimentə necə nail olmağın detallarından da danışıb. O, deyib ki, kişi atalıqdan imtina edərsə və ya qeydiyyat idarəsinə getməsə, o halda qadın atalığın müəyyən olunması ilə bağlı məhkəmədə iddia qaldırır:

“Məhkəmə DNT təyin edir və ekspertiza nəticəsində uşağın atasının olub-olmaması müəyyən olunur. DNT ekspertizasının qiyməti 2500 manatdır və məbləği dərhal ödənməlidir. Pulu qadın ödəyir. Əgər ekspertiza nəticəsində uşağın atası iddia olunan tərəfin dediyi şəxs müəyyən olunursa  o zaman məhkəmə pulun atadan tutularaq qadına ödənilməsi barədə qətnamə çıxara bilər”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin