30 ildə NEÇƏ DEPUTAT mandatını itirib? - SİYAHI

Hazırda oxunan: 30 ildə NEÇƏ DEPUTAT mandatını itirib? - SİYAHI

30873

Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin İntizam komissiyası deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunub. Bu səbəblə avqustun 3-də Milli Məclis bütöv tərkibi ilə toplaşaraq millət vəklinin mandatına yenidən nəzər salacaqlar.

Maraqlıdır ki, indiyə qədər bu cür hallar mütəmadi olaraq təkrarlanıb. Milli Məclisin formalaşmasından sonra bir neçə deputat fəaliyyəti müddətini bitirməmiş, öz mandatını itirib.
 

MÖVZU İLƏ BAĞLI:

Silah istəyən DEPUTATLAR – Maraqlı SİYAHI


Xatırladaq ki, Müstəqillik elan olunduqdan sonra Ali Sovet quruluşca ləğv olunaraq yerini yeni struktura Milli Məclisə verdi. 125 nəfər təmsilçisi olan məclisdə indiyə qədər bir neçə deput toxunulmazlığı ləğv olunaraq millət vəkili adlarını itiriblər.

Bəs, xalq tərəfindən seçilən millət vəkilləri hansı situasiyada toxunulmazlıqlarını itirə bilirlər?

Bu səbəblər Konstitusiyanın 89-cu maddəsində öz əksini tapıb. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi:

I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:

1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

5) özü imtina etdikdə;

6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Mandatları ləğv olun deputatlar

Bizim.Media vaxtilə mandatları ləğv olunan deputatların siyahısını təqdim edir. 

Gülər Əhmədova

Mandatdan məhrum edilmiş deputatlardan biri, sabiq millət vəkili Gülər Əhmədovadır. Xanım deputat o zamanlar özü deputatlıq mandatından imtina edib. Belə ki, 2012-ci ilin sentyabrında ləğv olunan Azərbaycan Beynəlxalq Universitetinin eks-rektoru Elşad Abdullayev açıqlamasında G.Əhmədovanın ona 2 milyon manat qarşılığında Milli Məclisə üzv seçiləcəyi vədi verdiyini iddia edib. Yaranan qalmaqaldan sonra o, həmin ilin noyabr ayında istintaqa kömək məqsədilə öz mandatından könüllü imtina edib. 

Hüseyn Abdullayev “Quska”

Keçmiş deputat Hüseyn Abdullayevin də mandatı əlindən alınan millət vəkillərindəndir.

H.Abdullayev 2005-ci ildə Milli Məclisdə deputatlıq kürsüsündə əyləşib. 2007-ci ildə Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı o, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə əlbəyaxa olub. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alınıb və özü isə həbs olunub. 2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, buna nail ola bilməyib.

Əli Əhmədov 

Əli Əhmədov 2013-cü il oktyabrın 22-də Prezident İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini vəzifəsinə təyin edildiyi üçün deputatlıq mandatı ləğv olunub. Qanuna görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisdə təmsil oluna bilməz.  Bu səbəbdən də  2013-cü ilin noyabrın 12-də Mərkəzi Seçki Komissiyası Əli Əhmədovu Milli Məclisin sırasından xaric edib. 

Mübariz Qurbanlı 

Mübariz Qurbanlı da 21 iyul 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edildikdən sonra deputat mandatından məhrum edilib. Mərkəzi Seçki Komissiyası tərəfindən onun deputat səlahiyyətlərinə xitam verilib.

İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadəyə də vaxtilə  “kütləvi iğtişaş” maddəsi ilə cinayət işi açılıb, və 2003 – cü ildə deputat toxunulmazlığı ləğv edilib. Onun mandatı ləğv edildikdən sonra həbs olunub. 

Fikrət Sadıqov

2003-cü ilin oktyabr ayında Azərbaycanda dövlət çevrilişinə cəhd ittihamı ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının işlər müdiri Akif Muradverdiyev və Milli Məclisin deputatı Fikrət Sadıqov həbs edilib.  Milli Məclis dövlət çevrilişinə cəhddə ittham olunan deputatı Baş Prokurorluğun parlamentə müraciətindən sonra toxunulmazılq hüququndan məhrum edib.

Asəf Hacıyev

Vaxtilə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edən Asəf Hacıyev də mandatı ləğv olunan deputatlardandır. Belə ki, Asəf Hacıyev 9 dekabr 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilib. Bundan sonra 2015 – ci ildə o, könüllü olaraq, deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət edib. 

Rəfael Cəbrayılovun

Deputat vəsiqəsini girov qoyub, sələmə milyonlarla dollar pul götürən və həmin vəsaitləri geri qaytarmayan Rəfael Cəbrayılovun deputat səlahiyyətlərinə 2019-cu il oktyabrın 2-də rəsmən xitam verilib.

Qeyd edək ki, o zaman adı borc qalmaalında hallanan Rafael Cəbrayılov özü mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. 

Fuad Muradov 

Fuad Muradov 2018-cü il aprelin 23 -də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr vəzifəsinə təyin edildiyi üçün deputatlıq mandatı ləğv olunub. Bu səbəbdən də  Mərkəzi Seçki Komissiyası Fuad Muradovu Milli Məclisin sırasından xaric edib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin