Dekabrda Paşinyanı daha ağır günlər gözləyir

Hazırda oxunan: Dekabrda Paşinyanı daha ağır günlər gözləyir

3072

10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin atəşkəs haqqında birgə bəyanat imzalanmasından sonra Dağlıq Qarabağda sakitçilik hökm sürür.

Müharibə meydanı isə Qarabağdan Yerevana köçürüldü.

Bəyanatın imzalanmasından bir neçə saat keçmiş Ermənistanda baş verən etiraz dalğası bu günə qədər davam etməkdədir.

Bir yandan meydanlarda öz övladlarını tələb edən əsgər valideynləri, digər tərəfdə isə Paşinyanın istefasını tələb edən müxalifət.

Azərbaycanın işğal olunmuş rayonlarının geri qaytarılma vaxtı yaxınlaşdıqca Ermənistan siyasi arenasında toqquşmalar daha da intensiv xarakter alır.

Hazırda Ermənistanda müqaviləni zəruri hesab edən və sona qədər də müqaviləyə əməl edəcəyini bəyan edən tərəf baş nazir Nikol Paşinyandır.

Paşinyanın bu məsələdə arxalandığı əsas müttəfiqi Ermənistan ordusu və Təhlükəsizlik qüvvələridir. 

Paşinyan hakimiyyətinin ilk illərindən etibarən bu iki qurumda ciddi təmizləmələr həyata keçirmiş və özünə sadiq şəxsləri önəmli vəzifələrə gətirmişdi.

Ermənistanda ordu və təhlükəsizlik qüvvələrinin hakimiyyətə təsir imkanlarına yaxşı bələd olan Paşinyan bu vasitə ilə özünə qarşı hücum ehtimalını zərərsizləşdirməyə çalışırdı.

Paşinyanın arxalandığı ikinci qüvvə isə xaricdəki erməni diasporası və Qərb dövlətləri ilə demokratiya çərçivəsində qurulan əlaqələrdir.

Müharibədə məğlub olan Paşinyan höküməti diplomatik yollarla Azərbaycan və Türkiyəyə sanksiya tətbiq olunmasına, Dağlıq Qarabağdakı ermənilərin vəziyyətini yaxşılaşdırmaq, status məsələsində uğur əldə etmək üçün bir sıra dövlətlərin Dağlıq Qarabağı tanımasına çalışır.

Paşinyanın qarşısında isə 17 siyasi partiya, keçmiş hökümət rəsmiləri yer alır.

Ermənistan müxalifətinin ilk günlər əsas hədəfi sülh bəyanatından narazı olan xalqı küçələrə çıxarmaq və Paşinyanı istefasını tələb etmək idi.

Lakin etirazların ilk günündən etibarən müxalifət meydanda istədiyi dəstəyi ala bilmədi. Mitinqlərdə əsasən hərbiçi ailələri və Ermənistan müxalifətinin aktivistləri yer alırdı.

Xalqın böyük əksəriyyəti isə hələ də gözləmə mövqeyindədir. 

Paşinyana meydanda qalıb gələ bilməyən müxalifət Ermənistan siyasi sisteminin verdiyi imkanlarla parlamentin etimadsızlığına nail olmağı hədəfləmiş, lakin yetərli səs çoxluğunu əldə edə bilmədiyi üçün bu plan da uğursuz olmuşdu. 

Mitinqlərin səmərəsizliyini görən müxalifət hazırda parlamentdə səs çoxluğuna nail olmaq və növbədən kənar seçikilər vasitəsilə Paşinyanı sıradan çıxarmaq üçün çalışır.

Paşinyana qarşı yönələn ikinci istiqamət isə mətbuat və hakimiyyət daxili təsir imkanları vasitəsilə onun şəxsi nüfuzunun alçaldılmasıdır.

Ermənistan XİN Paşinyanı yalan danışmaqda ittiham etməsi, bir sıra mətbuat orqanlarında Paşinya bağlı provakativ məlumatlara yer verilməsi və keçmiş səfir Mikel Minasyanın açıqlamları əsasən buna xidmət edir.

Paşinyan hakimiyyətinə hücumların üçüncü istiqaməti isə Ermənistan mətbuatında Qərb meylli şəxslərə qarşı kompaniyanın aparılması təşkil edir.

Kompaniyanın məqsədi xalqda Paşinyan və tərəfdarlarının Qərbin adamı olduqları və Rusiyadan uzaqlaşdıqları üçün cəbhədə məğlub olduqlarına inandırmaqdır.

Bir sıra Sorosçuların tənqidi ilə başlayan kampaniyada sıra Andranik Koçaryana gəlib. Koçaryan Paşinyan hökümətində anti-rusiya meylli əsas şəxslərdən hesab olunur və Milli Məclisin Təhlükəsizlik Strategiyası komitəsinin rəhbəridir.

Andranik Koçaryanın hədəf alınması böyük ehtimalla Paşinyan və təhlükəsizlik qüvvələri arasında ixtilafların yaradılmasına xidmət edir.

Bu cür fəaliyyət bir yandan xalqın neytral kütləsini siyasi proseslərə cəlb etmək mahiyyəti daşıyırsa, digər tərəfdən də Rusiya meylli qüvvələrin əlini gücləndirməyə xidmət edir.

Əsas müzakirə mövzusu isə Nikol Paşinyan və Rusiya arasındakı münasibətlərdir.

Ermənistanın “Hraparak” qəzeti Rusiya prezidenti Vladimir Putinin son çıxışında xoş sözlər deməsini Nikol Paşinyanın Rusiyanın dəstəyini alması kimi qəbul edilməməli olduğunu qeyd edib.

Qəzetin fikrincə, Paşinyanın Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılacağı son tarix olan 1 dekabra qədər hakimiyyətdə qalması Rusiyanın maraqları çərçivəsindədir.

Çünki Rusiya Ermənistanda hər hansı hakimiyyət dəyişikliyinin baş verməsini və Dağlıq Qarabağdakı sülhməramlı fəaliyyətinə maneçilik törədilməsini istəmir.

Buna görə də, Rusiya Paşinyana birbaşa zərbə vurmayacaq. Ancaq Paşinyanı Şuşa məsələsindəki yalanlarının ifşa edildiyi kimi, diplomatik dillə də cəzalandırmaqda davam edəcək.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin