Arxeoloqlar Türkiyədə eramızdan əvvəl II əsrdə tikilən "yemək otağı" aşkar ediblər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Daily Mail” nəşrində yer alıb.
Mənbə yazır ki, Türkiyənin cənub-şərqində, antik Zevgma şəhərində arxeoloqlar qayaya həkk olunmuş, eramızdan əvvəl II və ya III əsrlərə aid iki otaq aşkar tapıblar.
MÖVZU İLƏ BAĞLI:
Muzeydəki mumiya hamilə imiş - FOTOLAR
Mütəxəssislər tapılan otaqların "yemək otağı" olaraq istifadə edildiyini və evin özünün də yüzillər əvvəl burada nahar məclisləri təşkil edən nüfuzlu bir ailəyə aid olduğunu düşünürlər.
Tapılan otaqlar mürəkkəb mozaika naxışları ilə bəzədilib. Qazıntı işinin rəhbəri, Ankara Universitetinin arxeoloqu Kutalmış Gerkay deyib ki, bu, “binanın sahiblərinin ziyalı və estet olduqlarını” sübut edir.
İndi Gerkayın komandası tavandakı təhlükəli çatlaqları möhkəmləndirməklə məşğul olduğundan otaqlarda iş dayandırılıb. Arxeoloqlar ziyarətçilərin xarabalıqları görə bilməsi üçün qazıntıları bu ilin sonunda tamamlayacaqlarına ümid edirlər.
Bu ərazidə əvvəllər qədim mozaika, freska və memarlıq üslubu ilə inşa edilən tikili tapılıb (qazıntılar 2004-cü ildən bəri davam edir). Bəzilərinin bir neçə min yaşı var.
Qədim şəhərin əsası eramızdan əvvəl 300-cü ildə yunanlar tərəfindən qoyulub. Toros dağlarından və Fərat çayından çox da uzaqda olmayan məkan əvvəlcə Selevkiya adlanıb.
İnkişafının zirvəsində burada təxminən 80 min sakin yaşayıb. Eramızdan əvvəl 64-cü illərdə şəhər romalılar tərəfindən fəth edilib və adını Zevgma qoyublar.
Bizim.Media