Kişilərin ayaqları naməhrəmdir? – XXI əsrin “şortik” DAVASI

Hazırda oxunan: Kişilərin ayaqları naməhrəmdir? – XXI əsrin “şortik” DAVASI

30141

Azərbaycanda geyimlərə qarşı münasibət hələ də birmənalı deyil. XXI əsrdə yaşasaq da, insanlar geyim seçərkən hələ də ətrafdakıların fikirlərinə uyğun davranır. Bu davranış cəmiyyətimizin mentalitetinə uyğun olaraq həm kişilərdə, həm də qadınlarda eyni qaydadadır.

Yenidən gündəmə gələn kişilərin şort geyimi ilə bağlı məsələyə toxunacağıq. 

Cəmiyyətimizdə hələ də kişilərin şort geyinməsi, yay olsa belə, xoş qarşılanmır. Azərbaycan ənənəvi müsəlman ölkəsidir və Quranda kişi ayaqları məhrəm hesab olunduğuna görə, daim örtülü olmalıdır prizmasından yanaşanların davranışları anlaşılan deyil. Dəfələrlə kişilərin şort geyinməsi ilə bağlı ictimaiyyətdə narazılıqlar, etirazlar baş qaldırıb, xoşagəlməz olaylar yaşanıb. Rəsmi qurumlara, təhsil ocaqlarına, hətta sərbəst yerlərə şortla gedən kişilər sərt qınanılaraq, onlara qarşı kobud davranış sərgilənib.
 

MÖVZU İLƏ BAĞLI:

İki dosta geyim tərzinə görə hücum edildi - Biri öldü, biri isə...


Şortla kafeyə daxil olan kişi çölə çıxarılıb

Buna bənzər hal bu günlərdə Novxanı qəsəbəsindəki məşhur restoranlardan birində yaşanıb. Kafeyə şortla daxil olan gənc oğlan obyekt sahibi tərəfindən çölə çıxarılıb. Məlum davranışa isə əynində şort olması əsas gətirilib. Müştəriyə bildirilib ki, şortla restorana gələnlərə xidmət göstərilmir. Sosial şəbəkələrdə məsələni ictimailəşdirən kişi sözügedən davranışı heç cür qəbul etmədiyini və hər bir kəsin geyim sərbəstliyi var deyə vurğulayıb. 

Polis şöbəsinə “şortik” lə girə bilməyib

Ötən gün məlum məsələ ilə bağlı daha bir bənzər olay yaşanıb. Göyçay Rayon Polis şöbəsinin əməkdaşları Sfera.az saytının baş redaktoru Ozal Məmmədovun “şortik” geyindiyi üçün binaya daxil olmasına imkan verməyiblər. Polislər bu qaydanın "şəxsi təşəbbüs" olduğunu əsas gətiriblər. Xatırladaq ki, bir müddət əvvəl sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişinin binaya buraxılmaması ictimaiyyətdə rezonans doğurmuşdu. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuata verdiyi açıqlamada geyimlə bağlı heç yerdə qadağa olmadığını bildirmişdi. 

Əxlaq geyimlə ölçülür?

Maraqlıdır, “əxlaq geyimlə ölçülmür” ifadəsini əsas tutan cəmiyyətimiz şort geyən kişilərə niyə aqressiv münasibət nümayiş etdirir? Həqiqətənmi, bu geyim növü naməhrəm hesab olunur

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Elşad Miri sözügedən məsələnin mental dəyərlərlə əlaqələndirildiyini bildirib:

“Mental dəyərlərin özü nə qədər qanundur, nə qədər eyni yerdə, eyni şəkildə davam etdirilə bilər mahiyyəti daşıyır. Nə kişinin, nə də qadının geyiminə heç kimin qarışmağa ixtiyarı yoxdur. Xüsusilə şortla bağlı hansısa yerdə qadağa və yaxud qayda yoxdursa, heç kim bu məsələyə müdaxilə edə bilməz”.

İslamın uniforması yoxdur

İlahiyyatçı qeyd edilən məsələnin dini izahını da verib:


“İslamın uniforması yoxdur. İslam insanların hansı formada geyinib, geyinməməyini deyil, ilk növbədə adam olmasını təbliğ edir. Adam olmayandan sonra istəyirsiz qapalı olun, ya da açıq olun. Məsələn, mental dəyərlərimizə görə əsrin əvvəllərində bəzi kişilər  şapka ilə gəzirdilər. Hətta kinozal və başqa yerlərə daxil olan zaman şapkaları üçün özəl stul da ayırırdılar. İndi şapka ilə gəzən kişi varmı? Yaxud o dövrün kişilərinin geydiyi şalvar indiki ilə eynidirmi? Hələ qadınlara toxunmuram...”

İlahiyyatçı əlavə edib ki, qeyd edilən problem insanların zahiri ilə davranmaq cəhalətidir. Bu gün insanların beyninin içindəkiləri başqalarına faydalı şəkildə istifadə etməsi ilə məşğul olmalıyıq. Yoxsa filan belə geyindi...Sənə nə, mənə nə...”

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin