Azərbaycan nəyi xilas etmək istəyir? – Fokuslandığımız MƏQAM - TƏHLİL

Hazırda oxunan: Azərbaycan nəyi xilas etmək istəyir? – Fokuslandığımız MƏQAM - TƏHLİL

29582

Ötən əsrin 90-cı illərinin ilk üçilliyində dünyada Azərbaycan haqqında elə də informasiya yox idi. Ta ki, Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər...

Azərbaycanlılar üçün Ümummilli lider sayılan şəxsiyyət dünya liderləri üçün tanınmış, hər zaman hesablaşdıqları siyasətçi olub. Buna səbəb isə Azərbaycan müstəqilliyini bərpa edənə qədər onun SSRİ rəhbərliyində yer alması, Moskva adından əksər beynəlxalq görüşlərə qatılmasıdır. Yəni, bir ölkənin liderinin dünya siyasətçiləri tərəfindən tanınması və hörmətlə qarşılanması onun idarə etdiyi dövlət üçün siyasi imic formalaşdırır. Bu nüfuzun qarantı olan Heydər Əliyevin də ilk addımı çiçəklənən Azərbaycan adlandırdığı Odlar Yurdunu planetin üfiqlərində işıqlandırmaq idi.
 

MÖVZU İLƏ BAĞLI:

Plüralizmi şərtləndirən 3 ƏSAS AMİL – Fikir, söz və mətbuat AZADLIĞI


Azərbaycana işıq saçan “Əsrin Müqaviləsi”

Sözügedən saziş həm də dünyanı işıqlandırırdı. Çünki 1994-cü ilin sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə Bakının hesabına bir çox paytaxtların da qazanc əldə etməsi, enerjilə təmin olunması idi. XX əsrin bu müqaviləsi həm də XXI əsrdə Azərbaycanın regional və qlobal layihələri üçün zəmanət talonu oldu. 

Bakı-Tbilsi-Ceyhan, TAP, TANAP və başqa proyektlərlə Azərbaycan adı Qafqazda, Kiçik Asiyada, həmçinin Avropada da hallanır. 

Əlbəttə neft və qazına görə Azərbaycan hələ II Dünya savaşı illərində də Avropada populyarı idi, yoxsa Hitler boğazında qalan tortda Abşeron yarımadasını işarələməzdi. Lakin ölkənin bütün dünyada şöhrətlənməsi sırf bir sahə ilə əhatələnə bilməz. Bu səbəbdən də Bakı müxtəlif sferalara aid beynəlxalq tədbirlərə ev sahibliyi etdi.

Stadionlar, komplekslərlə zəngin olan Bakı həm də siyasi arenadır!

Azərbaycan paytaxtı idmanın hər növünə aid mötəbər yarışlara ev sahibliyi edib. Elə idmançılarımızın da yetərincə birincilik və digər medalları var. Ən azından finalda azərbaycanlı idmançıya uduzan rəqibin fanatları hirsindən, marağından da olsa, istər-istəməz qalib ölkəni araşdırır. O ki qaldı Azərbaycanda baş tutan çempionatlara, Bakıya gələnlər şəhərdən ayrıla bilmir, maksimum bir ildən sonra da olsa turist kimi Azərbaycana səfər edir. İlk Avropa oyunlarının Azərbaycanda keçirilməsi, Avroviziya mahnı müsabiqəsi, İslam oyunları, Formula-1, futbol üzrə Avro-2020, Çempionlar Liqası və s. turnirlərə ev sahibliyi etmək həm də minlərlə əcnəbini qonaq etməkdir.

Azərbaycana turist axınının artması iqtisadiyyata dəstəklə yanaşı, həm də Yer Kürəsi sakinlərinin ölkəmiz haqqında məlumatlanmasıdır. 


Təhsil olimpiadaları, tələbə-gənclər mübadiləsi, dini sammitlərin keçirilməsi də Azərbaycanın hər sektorda populyarlaşmağı deməkdir. İqtisadi “rıçaq”lardan əlavə ölkənin hazırkı siyasi mövqeyi, diplomatik zirvəsi də asan əldə olunmayıb. 

Regionda yeni reallıqlar qlobal səhiyyədə ədalət axtarışlarına paraleldir...

Azərbaycanın ən böyük siyasi uğurlarından biri Qoşulmama Hərəkatına sədrlik etməsidir. 120 ölkənin Ermənistanı işğalçı kimi tanıması da məhz bu təsisatdakı faydalı sədrliyin isbatıdır. BMT-dən sonra ikinci ən böyük təsisata sədrlik etmək Azərbaycanın dünyaya, dünyanın da Azərbaycana sıx inteqrasiyasına şərait yaratdı. Bakı bəzi siyasi mübahisələrin müzakirə meydanına çevrildi. Son illər NATO hərbçiləri ilə rus zabitlərinin danışıqlar masasının Azərbaycan paytaxtında qurulması da təsadüfi deyil.
 

Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın şöhrəti 4 okeanın əhatəsində olan 6 materikə yayıldı. Sanki günəş Yaponiyadan yox, Azərbaycandan doğdu. 


Hər istiqamətdə sığortlanmış siyasət yürüdən hökumət ordu quruculuğunu da diqqət mərkəzində saxlayırdı. Diplomatiyanın Bakıdan yana olması, Azərbaycana hər an savaş icazəsi verirdi ki, torpaqlar erməni işğalından azad olunsun. Lakin humanizm nümunəsi olan Azərbaycan yenə də ermənilərə konflikti sülh yolu ilə həll etməyi təklif etdi, amma onların cavabı əvvəlki kimi hərbi təxribatlar oldu. “Dəmir Yumruq” işə düşdü və Bakı İrəvanı diz çökdürdü. 44 günlük savaş ərzində Prezident İlham Əliyevin əcnəbi telekanallara verdiyi müsahibələr isə “master class” oldu. ABŞ, Almaniya, Fransa, Britaniya, İtaliya, Çin, Yaponiya, Türkiyə, Rusiya və başqa dövlətlərin ən baxımlı media şirkətlərinin əməkdaşlarının ölkə başçısına ünvanladığı suallar unudulmaz cavablar aldı. Həmin KİV-nin çoxmilyonlu izləyici kütləsi Azərbaycanın haqq savaşından agah oldu, ölkəmiz barədə məlumat topladı və erməni yalanlarını da bildi.
 

Azərbaycan bölgədə yeni reallıqlar yaratdı və hazırda Cənubi Qafqazın həm iqtisadi, həm də siyasi qıfıllarının açarları Bakıda saxlanılır.


Bunun paralelində Azərbaycan dünyanı cənginə alan pandemiya ilə də mübarizə aparır. Prezident İlham Əliyev videoformat şəkildə BMT sessiyalarında da dünyada ədalətsiz peyvənd bölgüsünü gündəmə gətirib. Hərçənd Azərbaycanın özü vaksin istehsalçısı deyil, amma Qırğızıstana peyvənd yardımları edir.

Ölkənin növbəti haqq davası bu dəfə bütün dünyanı əhatə edir, çünki Azərbaycan böyük gücləri zəif dövlətlərlə də hesablaşmağa çağırır. 

44 günlük müharibədə olduğu kimi, Azərbaycanın vaksinlə bağlı iradlarına da dünya susur, beynəlxalq aləm cavab tapa bilmir.

Anar Rəhimov, Bizim.Media 

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin