Son zamanlar Azərbaycanda narkotik maddələrin və istifadəçilərinin sayının geniş yayılması cəmiyyətdə rezonans doğurub. Ciddi siqnal yaradan zəhər yayıcıları ilə hüquq-mühafizə orqanları da mübarizəyə başlayıblar. Demək olar ki, hər gün “ağ ölüm”lə məşğul olanlar yaxalanır dövriyyədən külli miqdarda narkotik maddə çıxarılır. Amma narkotikdən, xüsusilə “patı” və “şüşə” istifadə edənlərin sayında çoxluq müşahidə edilir. Bu məsələ ilə bağlı aparılan rəsmi rəqəmlər də Azərbaycanda narkomanların sayının artmasını təsdiq edir.
Səhiyyə Nazirliyinin məlumatına görə, bu ilin yanvarınadək 33 min 788 nəfər narkotik istifadəçisi qeydiyyatda olub. Onlardan 618 nəfəri qadın, 9-u isə 15-17 yaşda olan yeniyetmələrdir.
Narkomaniyanın yayılması cəmiyyətin sağlam olması və insanların həyat tərzi üçün də təhlükə törədir. Narkomanlıq artdıqca, sosial münasibətlərdə gərginlik və cinayətlər də artır.
Ötən il ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4 233 nəfər cəlb edilib. Bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üzrə hesabatında deyilir.
Qeyd olunur ki, onlardan 16-18 yaşadək 5 nəfər, 18-25 yaşadək 321 nəfər, 26-29 yaşadək 738 nəfər, 30 yaş və ondan yuxarı isə 3169 nəfər təşkil edir.
Bundan əlavə 2020-ci ildə ölkədə qeydə alınmış 26 004 cinayət hadisəsinin 5252-si (20,2 faizi) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu da 2019-cu ilin göstəricisindən 19,8 faiz çoxdur.
MÖVZU İLƏ BAĞLI:
Sintetik uyuşdurucular hansı BÖLGƏLƏRDƏ istehsal olunur? - HƏYƏCAN TƏBİLİ
Məlumat üçün bildirək ki, ölkə hüdudlarının bəzilərində narkotikdən istifadəyə sərbəstlik var. Amma bu imkanın yaradılması xüsusi şərtlər və qaydalar çərçivəsində həyata keçir. Nəzarətlilik, məkan və saatla bağlı təlimatlara riayət edilir.
Azərbaycanda necə, narkotikdən istifadəyə sərbəstlik verilməlidirmi?
Bizim.Media-ya danışan hüquqşünas Əsabəli Mustafayev hesab edir ki, Azərbaycanda da belə bir tədqiqat aparılmalıdır:
“Müəyyən edilməlidir ki, ölkəmizdə narkotikdən istifadəyə açıq şəkildə icazə verilsə, nə baş verər? Müqayisə üçün deyim ki, xaricdə zəif dozalı narkotikdən istifadəyə yalnız xüsusi məkanlarda, barlarda və müəyyən saatlarda icazə verilir. Orada qanunun tələblərinə nəzarət olunması çox ciddidir. Biz də buna nail ola biləcəyikmi? İnsanlar qayda və qanunlara əməl edə bilərlərmi? Bunlar tədqiq olunmalıdır. Qonşu ölkələrin təcrübəsi öyrənməli, cəmiyyətdə müzakirə olunmalı, ondan sonra tətbiqinə qərar verilməlidir”.
Vəkil Avropa ölkələrinin bəzilərində zəif narkotiklərin satışına icazə verildiyini bildirib:
“Onlar araşdırma aparıblar ki, zəif narkotiklər insanların həyatına və sağlamlığına təhlükəli deyil. Bunun istifadəsinə böyük nəzarət altında və əsasən gecə barlarında icazə verirlər. Məsələn, Hollandiyada narkotikdən istifadəyə bir neçə ildir ki, imkan verilib. İstifadəsi açıq olan ölkələrdə narkotik aludəçilərinin də sayı azdır. Çünki zəif dozalı narkotikdən istifadə imkanı olduğu üçün insanlar güclü narkotikə meyllənmirlər. Həyata böyük zərər vuracaq narkotiklərə artıq ehtiyac qalmır”.
Cinayətlərin artma səbəbini narkotik maddələrin qiymətlərinin həddindən artıq aşağı düşməsi və əlçatan olması ilə əsaslandıran Əsabəli Mustafayevin fikrincə, mübarizə ilk növbədə narkotik istehsalçılarına qarşı yönəlməlidir:
“Bir nəfərin birdəfəlik istehlakı üçün hətta bu maddə 1 manatdan aşağıdır. Deyilənlərə görə ucuz narkotiklər yerli istehsaldır. Əvvəllər xaricdən gələn maddələr çox baha idi və əldə olunması üçün külli miqdarda pul tələb olunurdu. Bu, çox qorxulu tendensiyadır. Çünki buna aludəçi olanların çox hissəsi gənclərdir. Narkotiklərin qəbulu nəticədə cinayət hadisələrin çoxalmasına gətirib çıxarır. Əgər narkotik maddənin istehsalı və satışı çoxalırsa, bu artıq özü cinayət əməlidir. İkincisi, onu istehlak edən insanlar özləri cinayət törədirlər. Oğurluq, soyğunçuluq, narkotik maddə istifadəsi zamanı baş verən qətllərin də kökündə “ağ ölüm” ə maraqdır. Vəkillik fasliyyətimdə ən çox müşahidə etdiyim hallardan biri narkotik istehlak edənlərin həbs olunmasıdır. Düzdür, onların arasında xırda alverçilər də var. Böyük narkoticarətçilər hələ də azadlıqdadırlar və öz şər əməlləri ilə məşğuldurlar”.
Alçina Amilqızı, Bizim.Media