Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası hazırlanıb.
Bizim.Media bildirir ki, bu, Prezident İlham Əliyevin “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” fərmanında əksini tapıb.
Fərmana əsasən, Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasna əsasən, vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun bu məqsədlə açılmış müvafiq xəzinə hesabı vasitəsilə həyata keçiriləcək.
Qaydaya əsasən, vəsaitin uçotu “Mühasibat uçotu haqqında” qanuna, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən və Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçiriləcək.
Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən təmin olunur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu vəsaitdən istifadəyə dair Maliyyə Nazirliyinə müvafiq hesabat təqdim edir.
Vəsaitdən istifadə ilə bağlı digər məsələlər Nazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında müvafiq Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
Vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur, Azərbaycan Respublikası Baş Prokurorluğunun sərəncamındadır və onun istifadəçisi dəyişdirilə bilməz.
Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) Azərbaycan Respublikası Baş Prokurorluğunun xüsusi xəzinə hesabına köçürülməsini təmin edir.
Vəsaitdən istifadə istiqamətləri müəyyənləşib.
Vəsaitin prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
- işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;
- bütün işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;
- işçilər üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə.
Prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə vəsait aşağıdakı istiqamətlərə xərclənir:
- malların (işlərin və xidmətlərin) alınmasına;
- inzibati və təsərrüfat təyinatlı binaların tikintisinə, onların əsaslı və cari təmirinə;
- beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə;
- Azərbaycan Respublikası Baş Prokurorluğunun internet informasiya ehtiyatlarına, habelə “Elektron prokurorluq” informasiya sisteminə maliyyə yardımının ayrılmasına;
- maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə. Vəsaitin 50 faizi bu Qaydada nəzərdə tutulmuş məqsədlər üçün ayrılır.
Verilən mükafatların məbləğini işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq Azərbaycan Respublikasının Baş prokuroru müəyyən edir.
Bu Qaydaya əsasən ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı müvafiq olaraq Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara uyğun olaraq tutulur.
Bizim.Media