Ermənistan Şuşanı niyə atəşə tutmağa başladı?
Politoloq Cümşüd Nuriyevin gikrincə, bu bəzi qüvvələrin Azərbaycanın siyasi nəbzini yoxlamaq cəhdidir:
“İyulun 7-də Prezident İlham Əliyevin verdiyi fərman Rusiyanın Qafqaz siyasətini alt-üst etdi. Rus sülhməramlılarının təsiri altında olan Laçın dəhlizi Şərqi Zəngəzur iqtisadi rayonunda birləşdirildi. Ermənistan üçün bu fərman gözlənilməz oldu. Ona görə də Ermənistan yeni sınaqlar həyata keçirərək Azərbaycanın siyasi nəbzini yoxlamaq istəyir. Hazırda ermənipərəst qüvvələr Azərbaycanı siyasi eksperiment sahəsinə çevirmək üçün min bir hoqqadan çıxır. Edilən təxribatlar, atılan bütün siyasi addımlar, hərbi müdaxilələr ancaq Azərbaycanın harada səhv buraxacağına hesablanmış bir gedişdir”.
MÖVZU İLƏ BAĞLI:
Amerikalı ekspertlər Şuşa döyüşlərinin SİRRİNİ AÇDI – Şəhər hansı saatda, necə AZAD OLUNUB?
Cümşüd Nuriyev bildirib ki, Azərbaycan sülhməramlıların fəaliyyətsizliyi, öz missiyalarını yerinə yetirmədikləri barədə bir sıra qərarlar qəbul etməlidir.
“Azərbaycan sülhməramlıların BMT nizamnaməsinin 6 və 7-ci fəslinin bütün müddəalarını pozduqlarını bir-bir faktlarla gündəmə gətirməlidir. Onlar yaralananlar, atəşkəsin nə zaman, hansı şəraitdə pozulması haqqında faktları toplayıb beynəlxalq məhkəməyə müraciət etməlidir. Bundan başqa Azərbaycan vətəndaşların pozulan hüquqlarına görə insan haqqları, dəymiş iqtisadi ziyana görə isə Beynəlxalq İqtisad məhkəməsinə müraciət etməlidir.
Ermənilərin təxribatlarının qarşısını almaq üçün digər dövlət qurumlar da fəaliyyətini gücləndirməlidir”.
Politoloq bu işdə siyasi partiyaların və QHT-lərin də xüsusi rolundan danışıb. O, bu məsələnin siyasi qurumlar tərəfindən gündəmə gətirilməsinin vacibliyini də vurğulayıb:
“Azərbaycanda kifayət qədər siyasi partiyalar, QHT-lər var. Müharibə zamanı onlar da birləşib mübarizə aparırdılar. İndi də o fəallığı göstərib, xüsusi müraciətlər etməlidirlər.
Onlar Şuşaya səfər etməkdən imtina edən ölkələrin səfirlikləri qarşısında etiraz aksiyaları keçirməlidirlər. Ən azından sülhməramlıların fəaliyyətləri haqqında petisiya qəbul edib, Rusiya səfirliyinə təqdim etməlidirlər. Həmçinin də bu aksiyalar ABŞ səfirliyinin qarşısında keçirib, onlara 28 il ərzində ATƏT-in həmsədri kimi fəaliyyətsizliklərini bildirməlidirlər. Arxayınlaşmaq olmaz, nə olsun ki, qalib gəlmişik, mübarizə hələ davam edir. Ermənistanla sülh sazişi olmayınca, istənilən vaxt müharibə qaçılmazdır”.
Vüsalə Balayeva, Bizim.Media