Türkiyə-İsrail yaxınlaşması: Azərbaycanın rolu həlledici olacaq

Hazırda oxunan: Türkiyə-İsrail yaxınlaşması: Azərbaycanın rolu həlledici olacaq

28467

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin yeni Prezidenti İshak Hersoq arasında telefon danışığı baş tutub. Müzakirə zamanı tərəflər arasında dialoqun qurulmasının vacibliyi məsələsinə toxunulub.

İki ölkə lideri arasında danışıqlar isə, ölkələrin qarşılıqlı münasibətlərində müsbət irəliləyişlərin ola biləcəyinə inamı xeyli artırıb.
 

MÖVZU İLƏ BAĞLI:

İSRAİLLƏ DİALOQ – Netanyahu getdi, Türkiyə danışıqlara razılaşdı


Fələstin münaqişəsi uzun müddətdir ki iki ölkə arasında əsas problemli mövzu olaraq qalmaqdadır. Belə ki, 2010-cu ildə məhz Qəzza zolağına humanitar yardım üçün gedən “Mavi Mərmərə” gəmisinə İsrail hərbiçiləri tərəfindən basqın edilməsi, ölkələri bir-birilə düşmən vəziyyətinə gətirmişdi. Hökumətlər arasında dialoqun qurulması məsələsi 10 ilə yaxın müddətdə ara-sıra gündəmə gəlsə də, heç vaxt ciddi irəliləyişə nail olmaq mümkün olmayıb.

Lakin indiki durumda, Türkiyə-İsrail münasibətlərində normallaşmanın əldə olunması üçün əlverişli şəraitin yarandığını söyləyə bilərik. 

Belə ki, ilk olaraq, rəsmi Tel-Əvivdə hökumət dəyişikliyi və yeni koalisiyanın Fələstinlə bağlı nisbətən mülayim siyasət yürütməsi səbəbindən rəsmi Ankara ilə müsbət irəliləyişlərə nail olmaq üçün fürsət ələ düşüb. Xüsusilə də, İsraildə yeni hökumətin Fələstinə vaksin yardımı etməsi və Qəzza ətrafındakı mühasirə tədbirlərini yumşaltması bölgədə gələcək sülh üçün mühüm faktor hesab oluna bilər. Eyni zamanda keçmiş hökumət rəhbəri Benyamin Netanyahu ilə gərgin münasibətlərin olması da, Türkiyə tərəfinə əməkdaşlığın ilk addımlarını atmağa imkan vermirdi.

İkinisi, İsrailin əsas müttəfiqi olan ABŞ-ın da sözügedən münaqişədə Fələstinin xeyrinə addımlar atması da diqqətdən yayınmayıb. Ağ Evin bu cür siyasət yürütməsi isə, Tel-Əvivin Fələstinə qarşı siyasətində dəyişikliklərə, dolayısı ilə Türkiyənin də İsrailə qarşı əməkdaşlıq mövqeyindən çıxış etməsinə səbəb ola bilər.

Tərəflərin siyasi əlaqələrini bərpa etməsinə şərait yaradan digər önəmli amil isə iqtisadi tərəfdaşlıqdır.

Həm hal-hazırda ölkələr arasında iqtisadi münasibətlərin mövcudluğu, həm də gələcək üçün yüksək inkişaf perpektivlərinin olması əməkdaşlıq üçün mühüm əhəmiyyətə malikdir.

Eyni zamanda, Azərbaycan faktorunu da yaddın çıxarmaq olmaz. Hər iki ölkə ilə yüksək səviyyədə dostluq münasibətlərinə malik olan rəsmi Bakı Türkiyə və İsrail rəsmiləri arasında baş tutacaq görüşlərdə vasitəçi kimi əvəzsiz rol oynaya bilər. Azərbaycanın səylərinin iki ölkə arasında əlaqələrin inkişafında körpü rolunu oynayacağı ilə bağlı daha əvvəl də bir sıra mütəxəssislər tərəfindən fikirlər səsləndirilib.

İsrail-Türkiyə əlaqələrinin normallaşması Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir.

Çünki ölkələr arasında problemlərin olması Bakı üçün də mənfi təsirlər yaradırdı. Lakin İsrail və Türkiyə arasında münasibətlərin isinməsi, təkcə iki ölkə üçün yox, Azərbaycan üçün də müsbət nəticələr doğuracaq.

Ümumilikdə isə, regionda sülhün bərpası üçün ən önəmli şərtlərdən biri olan Türkiyə İsrail yaxınlaşmasının yüksək templə davam edəcəyini və Azərbaycanın bu prosesdə əsas rol oynayacağına indidən proqnozlaşdırmaq olar.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin