“Uembli” stadionunda İngiltərə hesabı açıb.
Bizim.Media xəbər verir ki, qol matçın 2-ci dəqiqəsində vurulub.
Kiran Treppiyerin cinah ötürməsindən sonra Lük Şov qapıya dəqiq zərbə vurub.
***
Futbol üzrə Avropa çempionatının final matçı “Uembli” stadionunda başlayıb.
Bizim.Media xəbər verir ki, meydanda İtaliya və İngiltərə yığmaları üz-üzə gəlirlər.
İtaliya millisinin heyətində meydana Canluici Donnarumma, Emerson, Ciorcio Kellini (k), Leonardo Bonuççi, Ciovanni Di Lorenzo, Jorcinyo, Marko Verratti, Nikolo Barella, Federiko Kiesa, Lorenso İnsiqne və Ciro İmmobile, İngiltərə yığmasının start heyətində isə Cordan Pikford, Luk Şou, Harri Makuayr, Con Stons, Kayl Uolker, Kieran Trippier, Deklan Rays, Kalvin Filips, Meyson Maunt, Rahim Sterlinq və Harri Keyn (k) çıxıblar.
Saat 23:00-da başlayan qarşılaşmanı niderlandlı Byörn Kuipers idarə edir.
Bu komandalar indiyədək 27 dəfə qarşılaşıb. Onların 10-da İtaliya, 8-də isə İngiltərə millisi qalib gəlib. Doqquz oyun heç-heçə başa çatıb. Top nisbəti ingilislərin xeyrinədir – 33:31.
Çempionatda son dərəcə inamlı oyun nümayiş etdirən İtaliya yığması A qrupundakı rəqiblərini – Türkiyə (3:0), İsveçrə (3:0) və Uels (1:0) seçmələrini məğlub edərək səkkizdəbir finala yüksəlib.
Apennin təmsilçisi səkkizdəbir finalda Avstriyanı (2:1, əsas vaxt 0:0), dörddəbir finalda turnirin ən güclülərindən olan Belçikanı (2:1) mübarizədən kənarlaşdırıb. Apennin təmsilçisi yarımfinalda İspaniyanı (1:1, penalti 4:2) məğlub edərək finala yüksəlib.
“Avro-2020”nin D qrupunda yer alan İngiltərə seçməsi isə Xorvatiya və Çexiya millilərinə minimal hesabla qalib gəlib (1:0), Şotlandiya ilə qolsuz heç-heçə edib. Komanda səkkizdəbir finalda Almaniyanı (2:0), dörddəbir finalda Ukraynanı (4:0), yarımfinalda isə Danimarka (2:1) millisini mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, İngiltərə millisi yarımfinal mərhələsinə kimi qapısını toxunulmaz saxlayan yeganə komanda idi.
Xatırladaq ki, 1960-cı ildə keçirilən ilk Avropa çempionatının qalibi SSRİ yığması olub. Avropa çempionu titulunu ən çox Almaniya (1972, 1980, 1996) və İspaniya (1964, 2008, 2012) milliləri qazanıblar.
Bizim.Media