II Qarabağ Savaşının bölgədəki yaratdığı yeni geopalitik vəziyyət və Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi ilə bağlı suallarımızı Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, istefada olan general Yücəl Karauz cavablandırıb və əsas olaqaq da qeyd edib ki, hər doğrunun açıqlanması düzgün deyil:
-Türkiyənin münaqişənin nizamlanması prosesindəki konkret iştirakı hansı sənədlərlə öz əksini tapacaq?
-Əgər biz münaqişənin milli maraqlarımız baxımından qısa zaman kəsiyində 100% çözüləcəyini desək, bu gerçəyi əks etdirməyəcək. Çünki burada maraqları və siyasi hədəfləri olan, bölgəyə nəzarət etmək istəyən güclər birdən-birə öz istək və arzularından əl çəkməzlər.
Mənim qənaətim ondan ibarətdir ki, Ali Baş Komandan, Prezident İlham Əliyev və Türkiyə Azərbaycanın milli maraqlarını bir nöqtə belə əks etdirməyən hər hansı bir sənədə heç vaxt imza atmazlar.
Bu məsələ müzakirə mövzusu da ola bilməz. Prezident İlham Əliyev və Azərbaycan Ordusu düz 30 ildən sonra Azərbaycan insanın üzünü qələbə xəbərləri ilə güldürdülər.
İmzalanan bəyanat Ermənistanın kapitulyasiyasıdır, məğlubiyyəti qəbuletmə aktıdır.
Türkiyənin sözügedən məsələdə iştirakı ilə bağlı deyə bilərəm ki, biz bölgədə tək deyilik, keçmişdən bura hakim olan güclər var. Eyni zamanda, İranı və ATƏT-in Minsk qrupunun həmsədrlərini xüsusi qeyd etmək istəyirəm.
Bu bəyanatda Türkiyənin adının olmaması normaldır. Çünki sözügedən sənnəddə Minsk qrupunun digər həmsədr ölkələrinin, İranın adı yer almırsa, Türkiyənin adının keçməsi uyğun olmazdı.
- Rusiya və Türkiyə arasında gedən danışıqların detallarının açıqlanmaması hansı mətləbləri özündə gizlədir?
- Siyasi tarix araşdırıldığı zaman imzalanan sazişlərin, anlaşmaların bir görünən tərəfləri, bir də görünməyən tərəfləri var. Bunlar dövlətlərin təhlükəsizliyi ilə bağlıdır.
Azərbaycan xalqının bu məsələ ilə bağlı maraqlarını, həssaslığını anlayışla qarşılayıram. Amma hər doğrunun, hər bilinən şeylərin açıqlanması da düzgün deyil. Olaylara bu prizmadan baxmaq daha məqsədəuyğundur.
İyulun 12-dən Türkiyə və Rusiya arasında prezidentlər, xarici işlər və müdafiə nazirləri səviyyəsində keçirilən görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin öncəliklə sülh yolu ilə, əgər mümkün olmazsa, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində detallı müzakirələr olub.
Hələ də bu görüşlər davam edir, bu barədə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasınada yenidən sözügedən məsələ ilə bağlı danışıqlar baş tutub.
Eyni zamanda xarici işlər və müdafiə nazirləri arasında görüşlər olub.
Türkiyə ilə Rusiya arasında atəşkəsə nəzarət və təftişlə bağlı qurulacaq Türkiyə-Rusiya Ortaq Mərkəzi ilə bağlı anlaşma memorandumu imzalanıb.
Özəlliklə də Ermənistanın qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasında Türkiyə aktiv rol alacaq.
Ermənistan qoşunları Xocalı, Ağdərə, Xocavənddən çıxarıldıqdan sonra orada təhlükəsizlik və idarəetmə sistemi ilə bağlı məsələlər həllini tapacaq.
Bu istiqamətdə danışıqlar davam edir, əminəm ən qısa zamanda biz bu məsələ ilə bağlı fikir söyləyə bilərik. Amma indi nəsə demək olmur. Böyük ehtimalla yaxın vaxtlarda Türkiyə, Azərbaycan, Rusiya arasında yol xəritəsi həyata keçiriləcək.
- Türkiyə Qafqazda Rusiya tərəfindən qısqanclıqla qarşılandığı aydındır, onda rəsmi Ankara hansı cəbhələrdə Rusiyanın damarına basa bilər?
- Təbii ki, Türkiyə və Rusiya arasında regional bir rəqabət var, biz bunu gizlətmirik. Dünyanın müxtəlif yerlərində, sizin də bildiyiniz kimi Suriya, Liviya başda olmaq üzrə zaman-zaman qarşı tərəf olmaq, zaman-zamanda birlikdə fəaliyyət göstərmək durumundadır.
Elə məqamlar var ki, eyni mövqedən çıxış edirik. Mən Türkiyə və Rusiyanın Qafqazın təhlükəsizliyi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması anlamında eyni düşüncə və bərabər çalışmaq qərarında olduğunu təqdir edirəm.
İşğalçı Ermənistanın məğlubiyyət aktı Azərbaycanın Qafqazda və beynəlxalq arenada regional güç olduğunun göstəricisidir. Naxçıvan və Azərbaycan arasında açılacaq koridor rəsmi Bakının sırf Naxçıvana deyil, Türk dünyasına birləşməyini saxlayacaq.
Ən böyük ehtiyacımız milli birlik və bərabərlikdir. Azərbaycan xalqının milli və mənəvi dəyərləri ən yüksək nöqtədidir. Bütün dünya Dağlıq Qarabağ savaşında Azərbaycanın birlik və həmrəyliyinin, güç və qüdrətinin şahidi oldu.
Ağanisə Sultan, Bizm.Media
- A-
- A
- A+
Siyasət
17:21 / 16.11.2020
Yücəl Karauz: “Bəyanatda Türkiyənin adının olmaması normaldır”
Hazırda oxunan: Yücəl Karauz: “Bəyanatda Türkiyənin adının olmaması normaldır”
Hazırda oxunan: Yücəl Karauz: “Bəyanatda Türkiyənin adının olmaması normaldır”
2799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.