Haiti prezidenti Jovenel Moizin öldürülməsi ilə əlaqədar saxlanılan amerikalılar dindirilmə zamanı əsas məqsədlərini açıqlayıblar. Bildiriblər ki, əsas hədəf ölkə rəhbərini öldürmək olmayıb.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, saxlanılanlar arasında Haiti əsilli iki amerikalı da var.
“Onlar tərcüməçi olduqlarını deyirlər. Muzdluların məqsədi prezident Moizi istintaq hakiminin fərmanı ilə həbs etmək idi, öldürmək yox”, - deyə hakim Klement Noel bildirib.
Hakim eyni zamanda qatillərin olduğu iddia edilən avtomobillərdə aparılan axtarışların nəticələrindən də danışıb. Maşında odlu silah və dollarlardan əlavə, Moizin evində quraşdırılmış müşahidə kamerasının serveri və birinci xanımın çek dəftəri də tapılıb.
Ümumilikdə 17 şübhəli nəzarətə alınıb, daha yeddi nəfər polis əməliyyatları zamanı məhv edilib.
Moizin öldürülməsindən sonra, müvəqqəti prezident seçilənə qədər hökumətə Nazirlər Kabineti rəhbərlik edəcək.
Bizim.Media