Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan 44 günlük müharibə öz uğurlu nəticəsini verib. Bu şanlı Vətən savaşının sonunda Ermənistan tərəfindən işğal edilmiş 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad olunub.
Bizim Media xəbər verir ki, bu sözləri Milli Məclis Sədrinin müavini Adil Əliyev “30 illik mifi dağıdan 44 günlük savaş” məqaləsində yazıb. Məqalədə bildirilib ki, hər bir kəndin, şəhər və qəsəbəmizin işğaldan azad edilməsi xəbərini Ali Baş Komandanın dilindən eşidirdik.
Hər gün bu xəbərləri səbirsizliklə gözləyirdik. Açıqlanan şad xəbərlərin arxasında hansı əziyyətlərin, necə böyük zəhmət və mübarizənin durduğu, bu qalibiyyətin nələrin hesabına başa gəlməsinin hər kəs fərqində idi.
Düşmənin itkilərinin dəyəri artıq 3 milyardı keçib, davam edən hərbi əməliyyatlar fonunda Ermənistan ordusu tam sıradan çıxarılıb. Dəfələrlə döyüş zamanı erməni hərbi qulluqçuları döyüşməkdən imtina edərək geri çəkiliblər.
Məqalədə qeyd olunub ki, bu gün ermənilərin ayrı-ayrı zümrələrindən olan şəxslərin sosial şəbəkələrdə Azərbaycan vətəndaşı olmaq istəklərini dilə gətirmələri təsadüfi deyil. Bunun real səbəbi odur ki, onlar ölkə başçımızın timsalında ilk dəfə əsl lider, müharibə meydanında ilk dəfə qalib ordu gördülər.
Çünki, döyüş əməliyyatları başlayan andan deyilmişdi ki, bu müharibə həm də Ermənistanın cinayətkar siyasi rəhbərliyinin sonu olacaq...
Həmin siyasi rəhbərlik isə öz qəddar və vandal siyasətinə, barbar əməllərinə davam etməkdə idi. O qədər çıxılmaz vəziyyətə düşdülər ki, hətta qadınlardan və qocalardan ibarət hərbi qruplar da təşkil etdilər. Bu da onlara kömək edə bilmədi, yenə döyüşdə olan erməni əhalisi savaşmaqdan imtina edirdi.
Noyabrın 8-də qəhrəman əsgər və zabitlərimiz üzbəüz mövqelərdə, təkbətək döyüşərək Qarabağımızın göz bəbəyi olan Şuşa şəhərini işğaldan azad etdi.
Artıq 10 noyabr - xalqımız üçün zəfər bayramıdır, qələbə günüdür.
Biz qalib ölkə olaraq, Ermənistana kapitulyasiyanı imzalatmağı bacardıq. Paşinyan məğlubiyyətdən yaxa qurtarmaq məqsədilə bu imzanı atsa da, ölkəsində ona qarşı etirazlar sürətlə artıb.
Adil Əliyev məqalədə yazıb ki, Ermənistanın bu müharibədə itkiləri yalnız çoxsaylı döyüş texnikasının və canlı qüvvəsinin məhv edilməsindən ibarət olmayıb.
Azərbaycanın Dövlət-Ordu-Xalq birliyinin gücü, savaş meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarının şücaəti düşmənin dünyada 30 ildə yaratmağa cəhd etdiyi mifi 44 gündə alt-üst elədi. Danışıqlar prosesində istədikləri şərtlərin hər birini sıfırladı...
Biz artıq Qalib Azərbaycanın vətəndaşlarıyıq! Müharibədə güc göstərən Qalib Ordunun sahibləriyik! Bununla nə qədər fəxr etsək azdır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Bizim Media