Bu gün Bakı vaxtı ilə saat 20:00-da Azərbaycan üçün Çempionlar Liqası həyəcanı başlayır.
Bizim.Media xəbər verir ki, dünyanın ən mötəbər klub turnirinin qruplarına düşmək üçün Bakının Neftçi klubu Tbilisi Dinamosu ilə qarşılaşacaq. Oyun Dinamo arenada baş tutacaq.
MÖVZU İLƏ BAĞLI:
"Neftçi" Çempionlar Liqasında mübarizəyə başlayır
Dinamo Tbilisini qələbə üçün hazırlayan şəxs Kaxaber Tşadadze, Neftçini isə Samir Abbasovdur. Azərbaycan futbolunun flaqmanı səfərdə minimum heç-heçə, bir xala ümid edir, amma gürcülər də iddialıdır.
Ən azından onə görə ki, oyun doğma azərkeşləri önündə keçiriləcək. Gürcüstanda çoxlu sayda azərbaycanlının yaşamasını nəzərə alaraq demək olar ki, fanat dəstəyi sarıdan Neftçi də əziyyət çəkməyəcək.
Bu oyuna qədər klublar 58 dəfə qarşılaşıb. Ən böyük hesablı heç-heçə 3:3, ən çox qol vurulan oyun isə 5:3 tamamlanıb. Gürcülərin ən böyük hesablı qələbələri iki dəfə 4:0, Neftçinin isə 3:0 olub. 27 dəfə Dinamo Tbilisi qalib gəlibsə, Neftçi 14 dəfə qələbəyə sevinib. 17 oyunda komandalar sülhlə ayrılıb. Tarix boyu Dinamo Tbilisi Neftçinin qapısını 83 dəfə silkələyibsə, Neftçi gürcülərə 54 top vurub.
Lakin Qarabağı öyrəşdiyi Azərbaycan birinciliyindən məhrum edən və çempion olan Neftçi sürprizlərlə dolu klub olduğu üçün mövcud statistikada müsbət dəyişikliyə nail ola bilər.
Ümumiyyətlə, bu gün Azərbaycan vətəndaşları üçün futbol həyəcanı ilə yadda qalan tarixdir. Çünki Neftçinin Çempionlar Liqası matçından sonra saat 23:00-da Avropa Çempionatında finalda İtaliyanın rəqibi bəlli olacaq.
İngiltərə-Danimarka matçı da 90 dəqiqəni keçə bilər. Hər iki klubun nəticəyə oynayaraq hücum futbolu sərgilədiyini nəzərə alsaq, mütəxəssislər oyunun əsas vaxtının 1:1, yaxud 2:2 tamamlanacağını düşünür. Əlavə vaxt və penaltilərdə isə bəxt güclünün yanında olacaq.
Anar Rəhimov, Bizim.Media