DTX Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirildi

Hazırda oxunan: DTX Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirildi

27129

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında 01 iyul 2021-ci il tarixdə növbəti məzun buraxılışına həsr olunan təntənəli tədbir keçirilib.

Bizim.Media DTX-nin saytına istinadla xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, DTX-nin rəhbər heyəti, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər. 

Əvvəlcə müasir Azərbaycanın banisi və qurucusu ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib, Akademiyanın “Şöhrət” muzeyi qarşısında ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulub. 

Sonra Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ali Hərbi Məktəbdə buraxılış mərasimi keçirildi - VİDEO


Akademiyanı bitirən gənc zabitlərə diplomlar təqdim edildikdən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev şəxsi heyəti salamlayaraq bu əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini, Akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə gələcək xidmətlərində müvəffəqiyyətlər arzulayıb. 

General-polkovnik Əli Nağıyev çıxışında dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan təhsil ocağının məzunlarının Ulu Öndərin vətənpərvərlik və peşəkarlıq irsini layiqincə davam etdirəcəklərinə, qazandıqları bilikləri doğma Vətənin qüdrətlənməsinə, müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına səfərbər edəcəklərinə, bu istiqamətdə yorulmadan çalışacaqlarına inamını ifadə edib.  

Xidmət rəisi dövlətimizin başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət xəttinin prioritet istiqaməti kimi elmin və təhsilin inkişafını xüsusi vurğulayaraq bildirib ki, hazırda Akademiyada yüksək səviyyəli təhsil almaq üçün hərtərəfli şərait yaradılıb.

Bu da öz növbəsində gələcəkdə təhlükəsizlik orqanlarının ixtisaslı, peşəkar kadrlarla təmin edilməsi və kadr potensialının müasir tələblər səviyyəsinə uyğunlaşdırılmasına xidmət edir. 

Qeyd olunub ki, ümumilikdə Xidmətin maddi-texniki təminatının möhkəmləndirilməsi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu mühüm dövlət təsisatına göstərdiyi xüsusi diqqət və qayğının bariz göstəricisidir. 

Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi, xalqın sarsılmaz birliyi və həmrəyliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad olunmasına toxunan Xidmət rəisi 44 günlük savaşda Vətənimizin qəhrəman oğullarının nümayiş etdirdikləri igidlik və cəsurluğun hər bir gənc hərbi qulluqçu üçün nümunə olduğunu diqqətə çatdırıb.
 

Hərb tariximizə qızıl hərflərlə yazılan Zəfər salnaməmizə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının verdiyi töhfələri xüsusi vurğulayan general-polkovnik Əli Nağıyev bildirib ki, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq nümunələrinə görə DTX-nin çoxlu sayda əməkdaşı fəxri ad, orden və medallarla təltif olunub. 


Sonra tədbir Akademiyanın rəisinin və bu təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirmiş kursantın çıxışları ilə davam edib. 

Təntənəli mərasim ulu öndər Heydər Əliyevin Akademiyanın “Şöhrət” muzeyi önündə ucaldılmış abidəsi qarşısında xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin