Ermənistanda seçklər bitdi və Nikol Paşinyan bütün rəqiblərini geridə qoyub, yeni höküməti formalaşdırmaq üçün yeni addımlar atmağa başlayır. Parlamanetdə özü üçün səs çoxluğunu təmin etdikdən sonra onun Baş nazir postuna yiyələnməsi demək olar ki, an məsələsidir.
Bu dəqiqə ictimaiyyəti onun yenidən hakimiyyətə gəldikdən sonra hansı siyasət sərgiləmək fikrində olduğu maraqlandırır.
O, Qarabağa qarşı hər hansısa şərtlər irəli sürmək iddiasındadırmı? Yoxsa regionda sülhü bərqərar etmək üçün cizilmiş planı var?
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın partiyası indidən vəzifə “paylayır” – DETALLAR
Politoloq Əli Hacızadə Bizim.Media-ya açıqlamasında bildirib ki, Paşinyan populist siyasətçidir.
“Belə siyasətçilərin adətən uzunmüddətli planları olmur. Ona görə bu gün Qarabağa Paşinyan öz qısamüddətli planları nöqteyi nəzərindən baxır. Hazırda onun istəyi müxalifətin ona qarşı ünvanladığı “satqın” ittihamından yaxa qurtarmaqdır.
Digər tərəfdən isə Azərbaycanla vəziyyəti çox gərginləşdirməməklə üç tərəfli bəyanatdan irəli gələn öhdəliklərin icra etmək istəyir. Ona görə də hesab edirəm ki, ən azından kameralar qarşısında Paşinyan öz köhnə destruktiv siyasətini davam etdirməyə cəhd edə bilər”.
Politoloq həmçinin qeyd edib ki, hazırda gündəmdə duran əsas məsələlər Zəngəzur dəhlizi, sərhədlərin müəyyən olunması və sülh sazişinin bağlanmasıdır.
“Bütün bunlar uzunmüddətli perspektivdə həm Ermənistanın, həm də bütün regionun xeyrinə işləyəcək işlərdir. Lakin Ermənistan hökumətinin və onların bağlı olduğu geosiyasi mərkəzlərin bu məsələyə necə baxacağı sual doğurur”.
Vüsalə Balayeva, Bizim.Media