Azərbaycanda yol qəzalarının əsas səbəblər sırasında həm sürücü məsuliyyətsizliyi, həm də avtomobillərin texniki vəziyyəti xüsusi yer tutur. Statistikaya görə, hər il baş verən qəzalarda onlarla insan həyatını itirir, yüzlərlə şəxs isə müxtəlif dərəcəli xəsarət alır. Mütəxəssislər bildirirlər ki, yol təhlükəsizliyində yalnız sürücünün deyil, avtomobilin özü də mühüm rol oynayır.
Elə bu mövzu ilə bağlı nəqliyyat - eksperti Aslan Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, xüsusilə nasaz avtomobillər qəza törətmə ehtimalını artırır:
“Bir halda avtomobilin mühərrik, əyləc və ya idarəetmə sistemi tamamilə sıradan çıxır, bu da sürücünün nəzarəti itirməsinə səbəb olur. Digər halda isə texniki baxışdan keçmiş görünsə də, yanacaq sistemi, təkərləri və işıqlandırma qurğuları problemli olur. Belə avtomobillər də qəfil dayana və ya idarəedilməz hala gələ bilər”.
Ekspert qeyd edir ki, qəza riskini artıran yalnız nasazlıq deyil, həm də avtomobilin konstruksiya xüsusiyyətləridir. Onun sözlərinə görə bu avtomobillər də qəza riskini artırır:
“Köhnə istehsal ili olan, təhlükəsizlik yastığı və sabitlik sistemi (ESP) olmayan avtomobillər qəzalarda ölüm riskini artırır. Güclü mühərrikə malik idman avtomobilləri təcrübəsiz sürücülərin əlində daha ağır faciələrə yol aça bilər. Yolsuzluq üçün nəzərdə tutulmuş iri avtomobillər şəhər küçələrində manevr imkanlarını məhdudlaşdırır və toqquşmalar zamanı daha ağır nəticələr doğurur”, - deyə o, bildirib.
Aslan Əsədov sürücülərin avtomobil seçərkən yalnız ucuz qiymətə və ya görünüşə deyil, texniki təhlükəsizlik göstəricilərinə diqqət etməsini vacib hesab edir:
“Qəzaların əsas səbəblərindən biri də təhlükəsizlik kəmərinin taxılmaması, təkərlərin vaxtında dəyişdirilməməsi və işıq sistemlərinə laqeyd yanaşmadır. Sadə görünən bu məqamlar yollarda insanların həyatını xilas edə bilər”.
Mütəxəssislər hesab edirlər ki, təhlükəsizlik qaydalarına riayət olunmadığı və texniki baxış tələbləri ciddi icra edilmədiyi təqdirdə, yol qəzalarının qarşısını almaq mümkün olmayacaq.
Aygün Hüseyn, Bizim.Media