Bakının havasını çirkləndirmək üçün 30 min manatlıq İCAZƏ KAĞIZI – 200 “kərpic kəsən kişi” 

Hazırda oxunan: Bakının havasını çirkləndirmək üçün 30 min manatlıq İCAZƏ KAĞIZI – 200 “kərpic kəsən kişi” 

25895

İki gün paytaxt Bakı və Abşeron yarımadasında havanın kəskin şəkildə tozlu olması, şəhərin havası ilə bağlı problemi yenidən aktuallaşdırdı.

Xatırladaq ki, iki il əvvəl paytaxtda tez-tez müşahidə olunan toz dumanı sakinlərin əsl bəlasına çevrilmişdi. Həmin vaxt rəsmi qurumlar mütəmadi olaraq toz dumanının xarici ölkələrdən hava axını vasitəsilə ölkəmizə daxil olmasını açıqlasalar da, bunun digər səbəbinin də şəhər ətrafında daş karxanalarının fəaliyyət göstərməsi ilə bağlı olduğu məlum oldu.
 

MÖVZU İLƏ BAĞLI:

Bakını ağuşuna alan TOZ DUMAN - Bizə hansı XƏSTƏLİK gətirib? 


Xatırladaq ki, bu amil Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də etiraf olundu və monitorinqlər başlandı. Karxanaların fəaliyyəti ilə bağlı yeni qaydalar tətbiq olundu.

Hazırda daş karxanaları normativlərə uyğun fəaliyyət göstərir? 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, Bakı və Abşeron yarımadasında müxtəlif yataqlarda ümumilikdə 200-ə qədər əhəng daşı karxanası fəaliyyət göstərir: 

“Təxminən 120 karxana Bakı ərazisində, təxminən 80 karxana isə Abşeron yarımadasında yerləşir. Ümumiyyətlə əhəng daşı fəaliyyəti – onun istismarı, çıxarılması səs-küylə və tozla müşayyət olunan bir sahədir.

Əvvəlki illərdə bununla bağlı böyük narazılıqlar, şikayətlər var idi. Nazirlik tərəfindən geniş sayda monitorinqlər aparıldı, heç bir normativlərə cavab verməyən karxanaların fəaliyyətinin dayandırılması və ya yeni texnologiyalara keçilməsi ilə bağlı məcburi göstərişlər verildi. Amma qeyd etmək lazımdır ki, bəzi hallarda daşın kəsilməsində istifadə olunan yeni maşınlar da həm səs-küy, həm də toz yaradır. Mümkün deyil ki, bu olmasın”.

Xidmət rəisi bildirib ki, karxanaların qarşısında tələb qoyulub ki, küləkli havalarda bu cür fəaliyyətlərini həyata keçirməsinlər: 
 

“Bundan başqa tələb olunur ki, bu fəaliyyətlərini həyata keçirərkən yataq ərazisini sulasınlar. Çünki sulayan zaman toz daha az yayılır. Karxanaların ətraf ərazilərində isə yaşayış evləri yerləşir. Hansı karxanada ki, tələblərə əməl edilir, şikayət olmur, əməl etməyənlərlə bağlı şikayətlər yenə də olur və cərimələr tətbiq olunur”.


Hikmət Əlizadə bildirib ki, cərimələrdən başqa bu ilin beş ayı ərzində karxanalar ətraf mühitə göstərdikləri təsirə görə Ətrafmühiti Mühafizə Fonduna 30 min manatdan artıq vəsait ödəyiblər.

Karxanaların fəaliyyəti ilə bağlı monitorinqlər aparılırımı?

ETSN-nin rəsmisi qeyd edib ki, monitorinqlər şikayətlərlə olduqda aparılır:

“Məlumdur ki, 2015-ci ildən sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb. Bilavaistə şikayətlər olduqda sahibkarlıq subyektlərində yoxlamalar aparıla bilər. Amma ümumi, kənardan müşahidə vasitəsilə monitorinqlər aparılır”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin