Axşam və gecə saatlarında Bakının “alışıb-yanan” mərkəzi küçələrinin fonunda əksər ətraf qəsəbə və kəndləri qaranlığa bürünür. Bəzi küçələr zəif işıqlandırılır, bəzilərində isə ümumiyyətlə işıqlandırma sistemi mövcud deyil.
Problem avtomabil qəzalarına, onun nəticəsində insan ölümlərinə, xəsarətlərə yol açır. Bu günlərdə Novxanı qəsəbəsində axşam saatlarında baş verən qəzada 4 nəfərin həyatını itirməsi də işıqlandırma prolemi ilə əlaqələndirildi.
Xatırladaq ki, Bakının ətraf qəsəbə və kəndlərində işıqlandırma problemi dövlət səviyyəsində keçirilən görüşlərdə və iqtisadi müşavirələrdə dəfələrlə səslənib.
MÖVZU İLƏ BAĞLI:
Bakı gecələrinin qəza xronikası – SƏBƏB QARANLIQDIR!
Prezident İlham Əliyev də dəfələrlə problemə toxunub və bu sahəyə ciddi diqqət göstərilməsi barədə tapşırıqlarını verib. Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi isə hələ ki, tədbir görməyə tələsmir.
Yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında problemin aktual xarakter daşıdığını bildirib:
“İşıqlandırma yol hərəkəti təhlükəsizliyi baxımından çox önəmlidir. Axşam saatlarında baş verən yol qəza hadisələrinin əsas səbəbi işıqlandırmanın zəif olmasıdır. Xüsusən piyadaların vurulmasında bu amil önəmli rol oynayır. Təəssüflər olsun ki, bəzi yollarda işıqlar günün müəyyən vaxtlarında yandırılsa da daha sonra söndürülür. Axşam saat 12 olan kimi bəzi yollar qaranlığa bürünür. Bəzi küçələrində dirəklər qurulsa da, indiyədək hələ bir dəfə də işıq yanmayıb. Bunun əziyyətini piyadalar da, yol polisi də çəkir”.
Elməddin Muradlı deyir ki, şəhərin normal işıqlandırılması həm də bir mədəniyyətdir:
“Ölkəmizi turizm ölkəsi kimi dünyaya tanıtmağa çalışırıq, ölkəyə gələn turist saat 11-də gedib yatmır ki..Saat 12 tamam olan kimi işıqların söndüyünü görən turist həmin ölkə haqqında normal düşünməz. Hansısa qurum iddia edə bilər ki, işıq çəkməyə vəsait yoxdur, amma insan həyatı hər hansı bir vəsaitdən üstün tutulmalıdır. Qonşu Gürcüstan elektrik enerjisini Azərbaycandan alsa da, bütün küçələr gecə-gündüz işıqlandırılır. Biz başqa ölkələrə enerji satdığımız halda isə öz yollarımızı işıqlandıra bilmirik”.
Ekspert yolların qaranlıq olmasının qış fəslində xüsusilə sürücülərə təhlükə yaratdığını deyir.
O, Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, Azərbaycan Avtomabil Yolları Dövlət Agentliyini məsələyə diqqətlə yanaşmağa, bununla bağlı Prezidentin tapşırıqlarına əməl etməyə çağırdı.
Xatirə Nəsirli, Bizim.Media