“Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir və qonşularla münasibətlərin nizamlanmasında maraqlıdır.
İkincisi, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksər hissəsi seçkidə “Qarabağ klanına” “yox” deməklə həm də Rusiyaya “yox” dedi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Atlas “ Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında qeyd edib.
Onun sözlərinə görə, Paşinyanın seçkiləri qazanması onu göstərir ki, Ermənistan əhalisinin əksər hissəsi Qarabağa görə ölkələrini itirmək istəmirlər:
Politoloq qeyd edir ki, Azərbaycan üçün “Rəsmi Bakının Nikol Paşinyanın yeni hökuməti ilə münasibətləri hansı əsasda qurmalıdır?” əsas sualdır:
“Bu Paşinyanın quracağı hökümətin tərkibindən və atacağı addımlardan asılı olacaq. Paşinyan yeni hökumətində revanşist baxışlara malik siyasətçilərə və diplomatlara yer verməməlidir. Paşinyan Azərbaycana tərəf bir addım atacağı halda Bakı qarşılıqlı addım atmağa hazır olacaq. Misal üçün Paşinyan seçkidən öncə iki vəd verib: “Əsirlərin hamısını geri qaytaracam”,
“Minalanmış ərazilərin xəritələrini Azərbaycana qaytaracam”. Birinci məsələnin həlli ikincidən bilavasitə asılıdır. Ancaq xəritələr bu dəfə yoxlanılmalıdır. Çünki Ağdam ətrafındakı minalanmış ərazilərin xəritəsiylə bağlı ciddi suallar yaranıb. Digər tərəfdən xəritə + əsir kombinasıyasında Gürcüstanın vasitəçilyinin həlledici rolu oldu. Ermənistan və Azərbaycan Gürcüstanın vasitəçilik imkanlarından gələcəkdə də istifadə etməlidirlər. Bu Rusiyanın bölgədəki təsir imkanlarının azaldılmasında həlledici rol oynaya bilər. Gürcüstanın vasitəçilik imkanlarının artması Azərbaycan və Ermənistanla yanaşı Qərbin və Türkiyənin də xeyrinədir”.
E.Şahinoğlunun fikrincə Nikol Paşinyan bölgədə gerçək sülh və əməkdaşlıq istəyirsə, iki addımı atmağa da hazır olmalıdır:
“Birincisi, Nikol Paşinyan Azərbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanımalıdır. İkincisi, Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır”.
Paşinyanın atacağı bu iki addımın qarşılığında Azərbaycan-Ermənistan sərhədinin demilitasiyasının və demarkasiyasının sürəti artacaq, Türkiyə-Ermənistan sərhədi açılacaq, İrəvanın Türkiyə və Azərbaycanla diplomatik münaqsibətlər qurması üçün perspektivi yaranacaq, Ermənistanın regional layihələrə qoşulması imkanları artacaq. Bütün bunların fonunda Azərbaycan prezidentinin Ermənistanın baş naziri ilə görüşü ehtimalı artacaq.
Bizim.Media