İyunun 16-da Azərbaycan respublikasının prezidenti İlham Əliyev videoformatda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısındakı çıxış edib. Çıxışı zamanı prezident “Covid-19” pandemiyasına da xüsusi yer verib və bəşəriyyəti cənginə alan virusun dünyada yaratdığı ədalətsizliyi tənqid edən Prezident ölkələri virusla mübarizədə birliyə çağırıb.
Prezident İlham Əliyevin toplantıda əsas tənqid hədəfləri sırasında koronavirus vaksinlərinin dünya miqyasında ədalətsiz paylanması amili xüsusilə yer alıb.
Həqiqətən də, günümüzdə vaksin idxal etməyə maddi imkanı olan ölkələr sürətli şəkildə kütləvi peyvəndləmə prosesini davam etdirərək yavaş-yavaş normal həyata qayıdırlar. Lakin kasıb ölkələrin əksəriyyətində virusun ağır təsirləri hələ də davam etməkdədir.
Prezident İlham Əliyevin İƏT çərçivəsində bu cür çağırış etməsinin müsbət nəticələr doğuracağını ehtimal etmək olar. Xüsusilə də, zəngin Ərəb ölkələrinin maddi yardımlarının az gəlirli ölkələrə “Covid-19”la mübarizədə böyük yardımı olacağını təsəvvür etmək çətin deyil.
Çıxışı önəmli edən bir digər amil isə əsas mesajın birbaşa İslam ölkələri nümayəndələrinə yönəlməsinə baxmayaraq, digər inkişaf etmiş dövlətlər üçün də siqnal olmasıdır.
Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın pandemiya ilə mübarizədə əməkdaşlığın təmin olunmasında daha əvvəl də mühüm addımlar atdığını qeyd edib. Xatırladaq ki, ölkə başçısı Azərbaycanın sədr qismində çıxış etdiyi Qoşulmama hərəkatının zirvə toplantısında, habelə BMT Baş Assambleyasının Xüsusi Sessiyasında dünya ölkələrinə oxşar çağırışlarla yadda qalıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin daha əvvəl sözügedən məsələni gündəmə gətirməsi müəyyən qədər öz effektini vermişdi. ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş dövlətlər bu çağırışlardan sonra zəif inkişaf etmiş ölkələrə vaksinlər yollamağa başlayıb. Lakin vəziyyət hələ də ürəkaçan səviyyədə deyil. Ümumi istehsal olunan peyvəndlərin cəmi 0,3% hissəsi azgəlirli ölkələrə paylanılıb.
Azərbaycanın beynəlxalq miqyasda pandemiya ilə mübarizəsi isə təkcə bununla yekunlaşmayıb. Habelə ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə yardımı da ayrılıb. Bu cür addımların atılması dünya ölkələri üçün də nümunə hesab oluna bilər.
Çünki bütün ölkələr pandemiyanın qlobal problem olduğunu dilə gətirsələr də, əməli addımlar atmaqda heç də könüllü olmayıblar.
Koronavirusun bu qədər uzun müddət davam etməsində, bu cür ikili standartların olması heç də az rol oynamayıb. Bu səbəbdən də, bütün ölkələr öz məsuliyyətlərini dərk etməyə və bəşəriyyətin ümumi probleminə qarşı birlikdə çıxış etməyə məcburdurlar.
Ümid edək ki, post-pandemiya dövrünə qədəm qoymağın astanasında olduğumuz bir dövrdə Prezident İlham Əliyevin bu çağırışı digər dünya ölkələrinin bu məsələyə daha ciddi yanaşmalarına, dövlətlərarası vaksin bərabərsizliyinin aradan qaldırılmasına gətirib çıxaracaq.
Rəvan Əliyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:00 / 17.06.2021
İlham Əliyevdən dünyaya çağırış: “Peyvənd milliyətçiliyi”nə son qoyulacaqmı?
Hazırda oxunan: İlham Əliyevdən dünyaya çağırış: “Peyvənd milliyətçiliyi”nə son qoyulacaqmı?
Hazırda oxunan: İlham Əliyevdən dünyaya çağırış: “Peyvənd milliyətçiliyi”nə son qoyulacaqmı?
25171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.