Yaponiya televiziyası Qarabağdan reportaj yayımladı - FOTO

Hazırda oxunan: Yaponiya televiziyası Qarabağdan reportaj yayımladı - FOTO

24965

Yaponiyanın nüfuzlu TBS telekanalı Azərbaycanın Vətən müharibəsində qələbəsi və işğaldan azad edilmiş əraziləri barədə xüsusi reportaj yayımlayıb.

Bizim.Media xəbər verir ki, telekanalın Moskva bürosunun müxbiri tərəfindən hazırlanan reportajda ötən ilin payızında baş verən və Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan Vətən müharibəsi barədə ətraflı məlumat verilir.

Qeyd edilir ki, ötən il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ermənistan ordusu tərəfindən 30 ilə yaxın bir dövrdə işğal altında saxlanılan torpaqları azad edib.
 

MÖVZU İLƏ BAĞLI:

Moldova mətbuatı Şuşa Bəyannaməsindən yazdı - FOTO


Reportajda Qələbədən sonra Bakıda yaradılan Hərbi Qənimətlər Parkı barədə də yapon tamaşaçılara ətraflı məlumat verilib.

Qeyd edilib ki, həm Bakı sakinləri, həm də Azərbaycan paytaxtının qonaqları böyük məmnuniyyətlə açıq səma altında yerləşən bu muzeyə gələrək burada xatirə şəkilləri çəkdirirlər.

Çəkiliş qrupunun Gəncə şəhərində apardığı çəkilişlərdə Ermənistanın dinc əhaliyə raketlərlə hücum etməsi, nəticədə böyük dağıntıların qeydə alındığı, uşaqlar da daxil olmaqla 10 nəfər mülki vətəndaşın həlak olması barədə məlumatlar öz əksini tapıb.

Ermənistan tərəfindən sərhəddə törədilən təxribatlar barədə də reportajda ətraflı bəhs edilib. Erməni silahlılarının Azərbaycan ərazilərinə keçərək burada minalar basdırdığı, müxtəlif terror aktlarına əl atdığı da reportajda qeyd edilib.

Əldə edilən razılaşmaya əsasən Ermənistanın minalar basdırılmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməli olduğuna baxmayaraq, bu günədək yalnız Ağdamda basdırılmış partladıcı qurğuların xəritələrinin verildiyi diqqətə çatdırılıb.

Ağdamda çəkiliş aparan qrup üzvləri ermənilərin bu şəhəri viranə qoyduğu, xarici jurnalistlərin onu “Qafqazın Xirosiması” adlandırdığı da qeyd edilib.
 

Azərbaycan Xarici İşlər Nazirinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın müsahibəsində Ermənistanın sərhəddə törətdiyi təxribatların yolverilməz olmasını vurğuladığı bildirilib.


Reportajda Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı, burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı barədə kadrlara da geniş yer verilib.

Verilişdə işğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işləri barədə də məlumat verilib. Qeyd edilib ki, Azərbaycan rəhbərliyi həmin ərazilərdə böyük quruculuq və bərpa işlərinə başlayıb. Həmin bərpa işlərinin və yeni infrastrukturun yaradılması ilə əlaqədar layihələrin həyata keçirilməsində Yaponiya şirkətləri də yaxından iştirak edirlər.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin