AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı azarkeşlərin daşınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan nəqliyyat planının icrasına başlanılıb.
Bu barədə Bizim.Media Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Plana uyğun olaraq bilet alan azarkeşlərin təyin olunan məntəqələrdən Bakı Olimpiya Stadionuna və geriyə daşınması üçün ekspres marşrut xətləri üzrə cəlb edilən avtobuslar artıq daşımalara hazırdır. Səhər saatlarından daşımalarda iştirak edən sürücülər tibbi müayinədən keçirilib.
Məlumat üçün bildiririk ki, X-1 marşrut xətti “Qara Qarayev” metro stansiyası yaxınlığında yerləşən “Sevinc” kinoteatırının önündən, X-2 marşrut xətti isə “28 May” metro stansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyava küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyun bitdikdən sonra isə ekspres xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək.
Hər iki xətt üzrə avtobus sayı tələbata uyğun tənzimlənəcək. Zərurət yarandığı halda daşımalara ehtiyat avtobuslar da cəlb olunacaq. Daşımalar ödənişsiz həyata keçiriləcək.
Xaricdən gələn azarkeşlərin daşınması da ekspres xətt avtobusları ilə icra olunacaq. Bunun üçün P21 və P22 olmaqla əlavə iki ekspres xətt təşkil edilib. P21 xətti üzrə avtobuslar Xəlil Rza Ulutürk küçəsi-"Dəniz Mall"un qarşısı, P22 xətti üzrə isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı-Ağ şəhər Bulvarı və əks istiqamətlərdə hərəkət edəcəklər.
Qeyd olunduğu kimi P21 və P22 xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.
Nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə qərargah yaradılıb. Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:28 / 12.06.2021
Azarkeşlər stadiona bu avtobuslarla aparılacaq - FOTO
Hazırda oxunan: Azarkeşlər stadiona bu avtobuslarla aparılacaq - FOTO
Hazırda oxunan: Azarkeşlər stadiona bu avtobuslarla aparılacaq - FOTO
24506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.