Azərbaycanın son ayyarımda göstərdiyi rəşadət dünyanın bir çox ölkələrində diqqətlə izlənib. Azərbaycan Ordusunun hərbi manevrləri, Prezident İlham Əliyevin diplomatik davranışları, xalqımızın həmrəylik nümayişi bir çox ölkələr üçün nümunə oldu.
Qardaş dövlətlər bu nəticədən qürur duyduqlarını, digərləri isə Azərbaycan dövlətinin gücünü etiraf etdiklərini açıq şəkildə biruzə verdilər.
Noyabrın 10-a keçən gecə imzalanan Zəfər Sazişimiz dost və qardaş ölkə Ukrayna tərəfindən də məmnunluqla qarşılanıb. Öz sevincini Azərbaycan xalqı ilə bölüşən ukraynalı politoloq, Ukrayna Avropalılar Partiyasının sədri Nikolay Dmitreviç Katerinçuk Bizim.Media - nın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
-Nikolay Dmitreviç, bu axşam imzalanan üç tərəfli bəyanata necə qiymət verirsiz?
- Müharibə aparan tərəflərin, hərbi konflikti vasitəçiliklə, yəni Rusiya Federasiyası və onun sülhməramlılarının yardımı ilə həll edilməsi niyyətləri, və Ermənistanın bu çətin kompromisə getməsi, Azərbaycanın öz ərazilərini işqaldan azad edərkən, məsələyə tamamilə məntiqli və prinsipial yanaşmasından xəbər verir.
İstərdik ki, razılıq hər bir tərəfdən icra edilsin.
Vəziyyətin necə inkişaf etməsi bunu göstərəcək. Bildiyimiz kimi, Ermənistan prezidenti açıqlamasında sülh razılığından bixəbər olduğunu deyib. Onun fikrincə, Dağlıq Qarabağ konfliktinin həllinə aid hər hansı qərarın verilməsi hərtərəfli konsultasiyaların və müzakirələrin mövzusu olmalıdır.
Bütün bunlar Ermənistanda baş verən nümayişlərin fonunda baş verir.
- Nə zaman xəbər tutdunuz bu razılaşmadan və ilk ağlınıza gələn nə oldu?
- Mən bu razılığın imzalanması haqqında gecə xəbər tutdum. Birinci Tanrıya şükr etdim ki, artıq hər iki tərəfdə insanlar həlak olmayacaq. Hər hansı danışıq prosesi hərbi əməliyyatlardan dəfələrlə yaxşıdır.
Azərbaycan öz məqsədlərinə çatdı, bununla onu təbrik etmək olar. Bundan sonra nə olacağını zaman göstərək.
- Nikolya Dmityeviç, nəhayət dünyanın ən qaynar ocaqlarından biri Dağlıq Qarabağ münaqişəsi söndürüldü... Belə demək olarmı?
- Konfliktin qaynar fazası tamamilə söndürülüb. Bundan sonra olanlar, tərəflərin razılığın şərtlərinə necə əməl edəcəyindən asılı olacaq. Bu mərhələdə siyasi liderlərin verdikləri sözlərinin və imzalarının məsuliyyətinə əhəmiyyət vermələri vacibdir.
Sənədə əsasən, Ermənistan tərəfi Azərbaycana bir neçə ərazisini qaytarmalı, qaçqınlar Dağlıq Qarabağa BMT-nin nəzarəti altında qayıtmalı və təmas xəttində rus sülhməramlı qoşunları yerləşdirilməlidir.
- Siz Azərbaycanın konflikt ətrafında yürütdüyü siyasəti necə dəyərləndirirsiniz?
- Bu konflikti Azərbaycan tərəfi başlatmamışdı.
Hesab edirəm ki, Azərbaycan özünü praqmatik və dürüst aparırdı. Azərbaycan üçün bu, öz suverenliyinin müdafiəsi və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində aparılan haqlı mübarizə idi.
-Sizcə, bu saziş 30 ildən sonra regionda sülhü təmin edə biləcəkmi? Ermənilər bu sazişlə nə əldə edəcək?
-Ermənistan, baş naziri Paşinyanın simasında, onun üçün çox çətin olan bir güzəştə getdi.
Biz artıq bilirik ki, sülh həlli məsələsi ilə razı olmayanlar, üsyan edərək hökümət evini ələ keçiriblər və yeni hakimiyyət formalaşdırmasını tələb edirlər. Hesab edirəm, Ermənistanı siyasi elitasının əvəz edilməsi gözlənilir.
Ancaq, mənim fikrimcə, baş nazir bu razılığı imzalayarkən, ilk növbədə öz həmvətənlilərin həyatlarılarının qorunması haqda düşünüb. Ermənistan başdan bu müharibəni uduzmuşdu. Paşiniyanın bilə-bilə Azərbaycanı hərbi əməliyyatlara sövq etməyi mənə aydın deyil. Hələ də buna nəyin səbəb olduğunu başa düşmürəm.
-Sizcə, bu konfliktin həlli digər ölkələr üçün də nümunə ola bilərmi?
- Bu müharibə bütün dünyaya güclü siyasi rəhbərlik ilə, öz ərazilərini və milli maraqların müdafiəsində necə hərəkət etmək lazım olduğunu nümayiş etdirdi.
Bu bir Azərbaycan nümunəsi oldu.
- Sonda istərdim Azərbaycan xalqına ürək sözlərinizi arzularınızı çatdırasınız.
- Mən, bu müharibədə bütün doğma və yaxınlarını itirənlərə başsağlığı verirəm. Bütün xalqlara və doğma Ukraynama sülh və əmin-amanlıq arzu edirəm.
Müharibələr - dağıntılar deməkdir. Bütün xalqlara hər bir işi xeyirə çevirəcəkləri qədər müdriklik arzulayıram.
Bizim.Media