Daha bir POMIDOR BÖHRANI – Şəmkir sahibkarları müflis olur - ŞİKAYƏT

Hazırda oxunan: Daha bir POMIDOR BÖHRANI – Şəmkir sahibkarları müflis olur - ŞİKAYƏT

23955

Xəbər veridiyimiz kimi hazırda Azərbaycanın bir çox bölgələrində pomidor böhranı yaşanır. Sahibkarların banklara üz tutub kreditlə, borc xərclə qurduqları istixanalarda becərilən tonlarla pomidor gömrük keçid məntəqələrində yaşanan problemlərə görə, əllərində qalıb. Bununla da Rusiya bazarı üçün nəzərdə tutulan pomidorlar günlərlə gömrükdə qalıb xarab olur və tullantıya çevrilir.
 

MÖVZU İLƏ BAĞLI:

Daha 30 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi


Bu dəfə Bizim.Media-ya ölkədə yaşanan pomidor böhranından şikayətçi olan Nahid Məmmədov deyir ki, ən kritik vəziyyət Şəmkir rayonundadır:

“Məhsul həddindən artıq çoxdur, sahibkarlar çox pis vəziyyətdədirlər. Bizim əsas məhsul bazarımız Rusiyadır. Hazırda yaşanan problemlərə görə, 2000-2500 pomidorla dolu yük avtomobilləri gömrükdə qalıb. Bildiyimiz kimi ölkə daxili bazarda təlabat aşağı olduğu üçün belə halda qiymət həddindən artıq ucuzlaşır və sahibkarlar ziyana uğrayır. Hazırda Şəmkirdə pomidorun topdan satış qiyməti 15- 20 qəpikdir”.

Şikayətçi həmçinin bildirib ki, vəziyyətin belə olması istixana işi ilə məşğul olan sahibkarların müflis olmasına gətirib çıxarır, bu da orada çalışan minlərlə işçini “çörəksiz” qoyur. 

“Əsasən burada böyük sahibkarlar istixana biznesi ilə məşğul olur. Şəmkirdə istixanalar çox böyük ərazilərdə yerləşir. Bundan başqa burada çalışmaq üçün digər ərtaf rayonlardan kütləvi şəkildə işçilər gəlir ki, evinə bir parça çörək pulu apara bilsin. Tovuz, Gədəbəy, Samux, Gəncə, Göranboy və s. rayonlarından insanlar işləmək üçün bura üz tuturlar. Yaşanan bu problemə görə, məhsulun qiymətinin get-gedə aşağı düşməsi getdikcə sahibkarları müflisləşdirir, nəticədə istixanalar məhv olur və minlərlə işçi isə işsiz qalır”.

Şəmkir sakini gömrükdən yaranan vəziyyət haqqında heç bir tutarlı səbəb göstərilmədiyini də qeyd edib. N.Məmmədov deyir ki, onlara ancaq, Rusiya tərəfindən malların qəbul edilməsində problem yarandığını bildiriblər. 

Şikayətçi məsələnin digər həll yollarından da danışıb:

“Düşünürəm ki, İqtisadiyyat Nazirliyi Rusiya bazarından başqa bazarlara yol tapmaq üzərində çalışmalıdır ki, bu problem kökündən həll olunsun. Çünki, bu məhsulların ixracından dövlət büdcəsi də gəlir əldə edir. Bizim məhsulların yalnız Rusiya bazarından asılılığı təsərrüfat üçün ciddi problemlər yaradır”.

Söhbət əsnasında Şəmkir sakini daxili bazarda yaradılan süni manelərin pomidorun ixracına problem yaratması haqqında yayılan söz-söhbətə də aydınlıq gətirib. 

“Mənim fikrimcə, daxili bazarda monopolislərin olması, onların məhsulların Rusiya bazarına çatmasına süni maneçilik törətməkləri barədə yayılan xəbərlər əsassızdır. Düzdür, sahibkarların hər zaman təbii qazın və qışda istixanaları qızdırmaq üçün xüsusi yağların baha olmasından şikayətləri olub. Qaza olan borcları sahibkarların müflisləşməsinə yol açan daha bir amillərdəndir. Ümimiyyətlə, daxili bazarda maneələr yoxdur, ancaq konkret istiqamətin olmaması xaotik vəziyyət yaradır”.

Qeyd edək ki, bir müddət əvvəl AQTA pomidor ixracı ilə bağlı Rusiya tərəfinin sertifikat tələb etdiyini bildirərək, sahibkarlara bu sənədi əldə etməyi təklif ediblər.

Lakin agentlik sertifikatı sahəsi 1 hektardan az olmayan istixanalara təqdim edir. Bu bir çox xırda sahibkarlaıqla məşğul olan insanlar arasında problemlər yaradıb. Lakin nəzərə alsaq ki, Şəmkirdə istixana biznesi ilə iri sahibkarlar məşğul olur və istixanalar hektarlarla böyük torpaq ərazilərdə yerləşir bu sertifikasiya məsələsi inandırıcı görünmür. Problemin kökündə başqa səbəblərin olduğu görünür. Mövsümün belə bir vaxtında Rusiyaya keçidin asanlaşdırılması üçün qarşı ərRəflə ciddi danışıqlara ehtiyac var. Sahibkarlar bu problemin tezliklə aradan qalxacağına ümidvar olduqlarını bildirirlər.

Mövzunu diqqətdə saxlayacağıq.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin