İran İslam Respublikasında 18 iyunda keçiriləcək prezident seçkilərində mübarizə aparacaq son 7 namizəddən biri də İbrahim Rəisidir.
Bəs, İbrahim Rəisi kimdir?
MÖVZU İLƏ BAĞLI:
İranda seçkilər: “Yeni prezident heç nəyi dəyişməyəcək” – Tofiq Abbasovdan ŞƏRH
1960-cı ildə İranın Məşhəd şəhərində dünyaya gələn Rəisi Ali Dini Lider Ayətullah Əli Xameneyinin ən yaxın adamlarından hesab olunur. İran İnqilab Keşikçiləri Korpusunun da sevimli adamlarından olan Rəisi əvvəlki illərdə İranın Baş Prokuroru və Ali Məhkəmə sədrinin müavini kimi önəmli vəzifələrdə çalışıb. Rəisi 1988-ci ildə İranda solçu qüvvələrə qarşı həyata keçirilən repressiyalardakı xüsusi canfəşanlığı ilə daha da məşhurlaşıb.
Habelə Əli Xameneyinin vəfatından sonra İranın gələcək Ali Dini Liderinin məhz İbrahim Rəisi olacağı gözlənilir.
İbrahim Rəisi 2017-ci il seçkilərində də prezidentliyə namizədliyini irəli sürüb. Lakin 38% seçicinin səsini qazanan Rəisi əsas rəqibi Həsən Ruhaniyə məğlub olaraq uğursuzluğa düçar olub.
Qeyd edək ki, prezidentliyə iddialı 5 mühafizəkar namizəddən biri olan Rəisinin İranın gələcək prezidenti olma ehtimalı böyükdür. Xüsusilə də, mayın 25-də əsas reformist siyasətçilərin seçkilərdə namizədliyinin qeydə alınmamasından sonra mühafizəkarların qələbəsinə şübhə yeri qalmayıb.
Hətta, İranda reformist qanadın nümayəndələri belə Rəisini “rəqibsiz qalib” olaraq görməkdədirlər.
Rəisini seçkilərin favoritinə çevirən amillər sırasına Ruhani dönəmində reformistlərin iqtisadi siyasətdəki uğursuzluğunu da aid etmək olar. Qərbin sanksiyaları qarşısında iqtisadi böhrandan çıxmaqda uğursuz olan islahatçılar mühafizəkarların əlini daha da gücləndiriblər.
İbrahim Rəisinin İranın növbəti prezidenti olacağı təqdirdə, onun siyasi xəttini əvvəlcədən təxmin etmək mümkündür. Çünki hələ uşaq yaşlarından adət-ənənələrə bağlı, mühafizəkar mühitdə yetişən Rəisi hər zaman öz sərt mövqeyi ilə yadda qalıb. Xüsusilə də, reformist qüvvələrə qarşı narazılığı ilə bilinən namizədin, İranda yaşayan soydaşlarımıza qarşı da mehriban münasibətdə olmadığı məlumdur.
1988-ci il hadisələrində xüsusilə azərbaycanlılara qarşı “repressiya” adlandıra biləcəyimiz əməllər törədənlərdən biri olan Rəisinin öz qərəzli niyyətindən əl çəkdiyinə inanmaq isə elə də asan deyil.
Həmçinin Rəisinin iqtisadi siyasətində xarici bazardan çox daxili bazara önəm verəcəyi və İranda daha geniş yayılmış sahələrə yatırımları davam etdirəcəyi güman olunur.
Habelə son zamanlarda Qərblə normallaşmanın yeni təməllərinin atıldığı İranda qatı mühafizəkar namizədin qələbəsinin, sözügedən prosesə mane olacağı proqnozlaşdırılır.
İranda prezident dəyişikliyinin Azərbaycanla münasibətlərdə ciddi fərqlərin ortaya çıxması ilə nəticələnəcəyi isə inandırıcı görünmür. Çünki uzun illərdir İranda kimin prezident olmasından asılı olmayaraq Azərbaycanla siyasətdə radikal qərarlar müşahidə olunmayıb.
Murad Əhmədov, Bizim.Media