Ötən həftə Bizim.Media saytında Azərbaycanda satılan enerji içkilərinin orqanizmə ciddi fəsadları barədə “Enerji içkiləri – “Qanadlandırmır”, öldürür – Kardioloqdan SOS” başlıqlı məqalə dərc olunub.
Yazıda enerji içkilərinin tərkibindəki maddələrin ziyanları, xüsusilə kofeinin miqdardan artıq qəbul edilməsinin xəstəliklərə yol açdığı, spirtli içkilərlə qarışdırılıb içilməsi halında isə ölüm təhlükəsi yaratdığı vurğulanıb.
MÖVZU İLƏ BAĞLI:
ENERJİ İÇKİLƏRİ - “Qanadlandırmır”, ÖLDÜRÜR! – Kardioloqdan SOS!
Məqalədə kardioloq Sara Bayramzadənin enerji içkilərinin miqdardan artıq qəbul edilməsinin taxikardiya, psixoloji gərginlik və depressiya kimi hallar yaratması ilə bağlı fikirləri yer alıb:
“Energetik içkiləri hazırlayan zaman orqanizmi stimulyasiya edən maddələrdən istifadə olunur. Bu maddələr orqanizmdə stimulyasiya yaradaraq ürəyin fəaliyyətini artırır, arterial təzyiqi yüksəldir. Daimi olaraq bu cür maddələrin qəbul edilməsi ürəyi yorur”.
Yazıda xüsusilə son vaxtlar gənclərin bu cür ziyanlı içkilərin aludəçisinə çevrilməsinin təəssüf doğurduğu qeyd olunub.
Məhz yazı dərc olunan gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) enerji içkiləri bazarında apardığı monitorinqin nəticələri açıqlanıb. Qeyd edək ki, bunun təsadüf olduğunu düşünmürük. Çünki Bizim.Media-nın qeyd olunan məqaləsinə oxucularımız tərəfindən də ciddi reaksiyalar gəlib. Mövzunun aktual olduğu, enerji içkilərinin gənclər üçün təhlükə mənbəyinə çevrildiyi oxucularımız tərəfindən də vurğulanıb.
AQTA-nın açıqlaması isə təəssüf ki, bu təbliğata dəstək deyil, əks istiqamətə yönəlib. Qeyd edək ki, Agentliyin Aparat rəhbəri Elxan Mikayılov bildirib:
“AQTA tərəfindən müxtəlif marka enerji içkilərinin monitorinqi edilib. Müəyyən edilib ki, əksər enerji içkilərinin tərkibindəki kofenin və digər maddələrin miqdarı onun enerji içkisi olmadığını deməyə əsas verir”.
Elxan Mikayılov əlavə edib:
“İstehlakçıların diqqətinə çatdırmaq istəyirəm ki, tərkibindəki kofenin miqdarı 15-dən aşağı olduğuna görə, o, enerji içkisi sayılmır. O, adicə sərinləşdirici içkidir. Onu istehlak etmək olar, ancaq o, enerji içkisi kimi istifadə edilməməlidir. Onun stimullaşdırma effekti olmayacaq”.
Bu açıqlama bir sıra suallar doğurur – Sərinləşdirici içkilər niyə enerji içkiləri adı altında satılır? Əgər enerji içkilərinin stimullaşdırma effekti yoxdursa, onlar adi sərinləşdrici içkilərdirsə və bu fakt AQTA-ya da məlumdursa, niyə istehlakçıların aldadılmasına yol verilir, bəs, sertifikat-filan kimi məsələlər harda qaldı?
Onların tərkibi haqqında qablaşdırmanın üzərində yalan məlumatların yer almasına niyə yol verilir? - Qeyd edək ki, Azərbaycanda satılan əksər enerji içkilərinin tərkibi oxşardır – bir banka içkinin tərkibində 0,5 l su, 75 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyən maddə, karbon 4 oksid və bəzi vitaminlərin olduğu qeyd olunur.
Qida təhlükəsizliyinə məsul olan bir qurumun bu açlqlamasının məqsədi onun mətnindən də aydındır.
“Onu istehlak etmək olar” deyən AQTA səlahiyyətlisinin bununla enerji içkiləri bazarınn qeydinə qaldığı aydın görünür. Görünür, biznes maraqları vətəndaşların sağlamlığından, gənclərin məhvə doğru sürüklənməsindən daha önəmlidir.
Xatirə Nəsirli, Bizim.Media