Ərazi bütövlüyü: Zəngəzur “körpüsü”!

Hazırda oxunan: Ərazi bütövlüyü: Zəngəzur “körpüsü”!

2377

İkinci Qarabağ Müharibəsinin aktiv hərbi əməliyyatlar mərhələsi sona çatmış kimi görünür. Böyük ölçüdə müharibə bitdi!

Savaş isə davam edir!

Razılaşmanın hər bəndinin geniş təhlilə ehtiyacı var.

Eyni zamanda, bir bəndinin tarixi, geosiyasi, geoiqtisadi, siyasi-diplomatik əhəmiyyəti üzərində ayrıca dayanmaq gərəkdir.

Naxçıvanla Azərbaycanın Qərb bölgələri arasında quru dəhlizinin yaradılması nəzərdə tutulub.

Prezident İlham Əliyev bu barədə konkret deyib: “Yaradılmalıdır!” 

Bu, ancaq əminliyi, inamı və məqsədyönlüyü ifadə edən söz deyil. Həm də tarixi, hüquqi, siyasi və geosiyasi həqiqətin, haqlı və ədalətli olmağın, dövlətçilikə siyasi-hüquqi varisliyin yığcam ifadəsidir.

Beynəlxalq hüquqdan başlayaq.

İndiki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Bu barədə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev dəfələrlə fikir bildiriblər. 

Beynəlxalq aləmdə bu mövqe avtomatik qəbul edilir. Çünki müstəqil Azərbaycan AXC-nin Respublikaçılığını, Demokratikliyini və Sülhsevərliyini götürdüyünü Konstitusiyada təsbit edib!

Bu bağlılıqda müasir müstəqil dövlətçilikdə ərazi məsələsinin prinsipial rol oynadığını fəlsəfə də, elm də birmənalı qəbul edir. Hətta elə müəlliflər vari ki, ərazi məsələsini millətin (və deməli, BMT-nin Nizamnaməsinə görə, dövlətin) başlıca xarakteristikası kimi təqdim edirlər. Xüsusilə, dövlətin ərazisinin bütövlüyü çox əhəmiyyətlidir.

Tarixin keşməkeşlərindən baxanda müstəqil Azərbaycan üçün ərazi bütövlüyü bütün aspektlərdə strateji xarakterli əhəmiyyət kəsb edir.

O sırada Navçıvanın Ana Vətənlə quru ərazisinin olması vazkeçilməz şərt kimi qarşıda durmaqdadır.

Bunun yolu isə “Zəngəzur məsələsi”nin tarixi, hüquqi, siyasi və territorial mənsubluq kimi birdəfəlik həll edilməsindən keçir. 

Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi idi.

Onun terror, hiylə, geosiyasi məcburiyyət kimi Azərbaycandan qoparılması haqqında çox yazılıb. Onların üzərində dayanmayaq. 

Bizim.Media-da da o faktlar verilib. İndi bizim üçün aktual olanı Zəngəzurun quru ərazisi kimi Naxçıvanı Azərbaycanın qalan hissəsinə birləşdirməsi zərurətinin dərk edilməsidir.

Azərbaycan baza prinsipi kimi AXC-nin varisi olaraq buna iddia etməkdə tam haqlıdır. İndi baş verən proseslərin məntiqi də Zəngəzur məsələsinin avtomatik olaraq aktuallaşdığını və həllini gözlədiyini göstərir.

Biz nəyi nəzərdə tuturuq?

Azərbycan İkinci Qarabağ Müharibəsi ilə sübut etdi ki, öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək qüdrətindədir.

Bu işdə Türkiyə ilə vahid güc kimi fəaliyyət göstərə bilir. Pakistan ədalətli və  obyektiv dövlət kimi Azərbaycanı dəstəkləyir. Rusiya tarixi, geosiyasi və geoiqtisadi reallıqları nəzərə alaraq Azərbaycanın qarşısını kəsmək istəmir. 

Nəticədə Qarabağla bağlı rəsmi İrəvan Azərnbaycanın şərtləri daxilində sənəd imzalamağa məcbur olub. Bu, fikir deyil, reallığı göstərən konkret faktdır. Deməli, faktiki olaraq müxtəlif tərəflərdən olan ciddi təzyiqlərə baxmayaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etməkdə qətiyyət göstərib qələbə əldə edə bilən müstəqil dövlətdir!

Ancaq ərazi bütövlüyü yalnız Qarabağla məhdudlaşmır.

Və ya məhdudlaşmamalıdır. Çünki Naxçıvanla ərazi olaraq Azərbaycanla birbaşa quru əlaqəsinə malik deyildir. Üstəlik, Naxçıvan Türk Dünyasının elə bir məkanıdır ki, birbaşa əlaqələndirici rol oynaya bilər. Özü də ancaq türk dövlətləri üçün deyil. 

Naxçıvan bütün Avrasiyanın bütövlüyünü təmin edə biləcək “körpü” rolunu oynaya bilər və tarixdə oynayıb da!

Başqa tərəfdən, Zəngəzurun Naxçıvanla Azərbaycanın materik hissəsini birləşdirməsi böyük beynəlxalq layihələrin reallşamsı baxımından arxiəhəmiyyətlidir. 

Məsələn, “Bir Qurşaq, Bir yol” (və ya “Yeni İpək Yolu”) layihəsi üçün bu məsələ geosiyasi və geoiqtisadi əhəmiyyət daşıyır. Təhlükəsizlik, davamlı və sabit əməkdaşlıq üçün ciddi rol oynayır. Necə?

Bunun üzərində ətraflı dayanmağa ehtiyac vardır.

(davamı var)  

Bizim.Media

     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin