Hərbi Qənimətlər Parkı kimin gözünü deşir? – Elşad Mirbəşiroğludan PƏRDƏARXASI MƏQAMLAR

Hazırda oxunan: Hərbi Qənimətlər Parkı kimin gözünü deşir? – Elşad Mirbəşiroğludan PƏRDƏARXASI MƏQAMLAR

23396

Hərbi Qənimətlər Parkı Ermənistan üçün də həmişə aktuallığını saxlayacaq bir ismarıcdır. Bu, İrəvan üçün bundan sonrakı mərhələdə subliminal (şüuraltı) mesaj rolunda çıxış edəcək. Çünki park hər zaman ermənilərin alt şüurunda onların nə dərəcədə ağır məğlubiyyətə uğradıqlarını saxlayacaq.

Ola bilsin ki, bu, təcavüzkarı təcavüzlərindən müəyyən qədər də olsa çəkindirə bilər. Növbəti təxribatlara görə, ermənilərin hansı çətin duruma düşəcəklərini daim onlara xatırladacaq.

Millət vəkili, politoloq Elşad Mirbəşiroğlunun Bizim.Media oxucuları ilə bölüşdüyü bu fikirlər deməyə əsas verir ki, Hərbi Qənimətlər Parkı əslində çox ciddi ideoloji əsası olan bir mənbədir.
 

MÖVZU İLƏ BAĞLI:

Hərbi Qənimətlər Parkından VİDEO REPORTAJ


Onun çox böyük tarixi əhəmiyyəti olmaqla bərabər düzgün təbliğat strategiyasının qurulmasına da ehtiyac var: 

“Hərbi Qənimətlər Parkının yaradılması hər şeydən öncə Vətən Müharibəsi haqqında tarixi yaddaşın formalaşmasına xidmət edir. Vətən Müharibəsində tarixi, şanlı qələbəmiz ölkədə ümumi psixoloji duruma kifayət qədər müsbət təsir göstərir.

Nəzərə almaq lazımdır ki, müstəqilliyimizə qovuşduğumuz illərdəcə Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qaldıq və ermənilər uzun illər torpaqlarımızı işğal altında saxladı. Azərbaycan vətəndaşında istər-istəməz bir məğlub durum təsəvvürü var idi. Bu məğlubiyyət sindromunun izlərinin aradan qalxmasında Hərbi Qənimətlər Parkının çox böyük rolu olacaq”.

Onun fikrincə, Hərbi Qənimətlər Parkı bir neçə istiqamətdə təsirli rol oynamaqdadır:
 

“Ayrıca olaraq qeyd edim ki, ermənilər Cənubi Qafqaz regionunda faşizm ideologiyasını açıq şəkildə dəstəkləyirlər. Separatizm hərəkatını hər zaman öz fəaliyyətlərinin istiqamətinə çeviriblər.


Hərbi Qənimətlər Parkı həm də Azərbaycan dövlətinin faşizm və separatizm üzərində qələbəsinin göstəricisidir. Bu da təkcə Azərbaycan xalqı üçün deyil, bütövlükdə dünya xalqları, dövlətləri üçün mühüm əhəmiyyət kəsb edən hadisədir. Azərbaycan erməni separatizminə çox böyük və təsirli zərbə vurmuş oldu. Hərbi Qənimətlər Parkı bu baxımdan da çox önəmlidir”.

Millət vəkili onu da vurğuladı ki, Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının qalib obrazının mühüm bir elementidir. Yəni, o parka hər baxanda biz zəfərimizi xatırlamış oluruq.

Ümumiyyətlə, Vətən Müharibəsi haqqında tarixi yaddaşın formalaşması Azərbaycan xalqında bundan sonrakı dönəmdə həmrəyliyin güclənməsinə xidmət edəcək, milli maraqların qorunması istiqamətində hər zaman daha sıx birləşməyi, səmərəli mübarizə aparmağı təmin və təşviq edəcək”.

Anar Rəhimov, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin