Gürcüstan məktəblərində "vorzakonlar" təbliğ olunur – VİDEO

Hazırda oxunan: Gürcüstan məktəblərində "vorzakonlar" təbliğ olunur – VİDEO

23392

Gürcüstan məktəblərində şagirdlər arasında oğru dünyası geniş şəkildə təbliğ olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın telekanallarından birində sujet yayımlanıb. Sujetdə məktəblərdə bu cür təbliğatın ölkədə böyük narahatlıq yaratdığı bildirilir.

“Son zamanlar məktəblərdə kriminal aləmin məqsədyönlü təbliğatı güclənib. Tədris ocaqlarının hətta divarlarlarında belə oğru və kriminal aləm barədə jarqon ifadələrə də rast gəlmək olur. Hətta bu yaxınlarda məktəblərin birinə gələn təhsil naziri sinifdəki yazı lövhəsində “oğru həyatı” ifadəsini görüb”.

Daha sonra ekspertlər baş alan bu vəziyyətdən danışarkən məsələlərdə bir nömrəli günahkarının dövlət orqanlarının olduğunu bildirirlər.

Onlar qeyd ediblər ki, dövlət oğru mentalitetin bu cür vüsət almış təbliğatına qarşı heç bir ciddi tədbir görmür.

Buna görə də kriminal aləm yavaş-yavaş daha da geniş yayılmağa, kök atmağa başlayıb. Ekspertlər həmçinin bu hadisənin ilk olmadığını, bu cür halların məktəblərdə tez-tez yaşandığını da bildiriblər. Onların sözlərinə görə, Təhsil nazirliyi ümumiyyətlə, vəziyyəti başlı-başına buraxıb və hadisələrə göz yumur.
 

Ölkədə yaşanan ən son hadisə isə böyük qalmaqala səbəb olub. Belə ki, son zəng günü sinif rəhbəri şagirdini “məktəbin qanuni oğrusu” kimi təqdim edib. Məktəb müdiri isə açıqlamasında bildirib ki, bu bir zarafat olub. Müəllim şagirdi ilə zarafat edib.  


“Burada qorxulu və şişirdiləcək  bir şey yoxdur. Düzdür bu cür hadisı yaşanmamalı idi. Bu cür halların təkrarlanmaması üçün müəllimə mütləq töhmət veriləcək”.

Reportajda həmçinin bildirilir ki, Ukrayna televiziyasında orada yaşayan gürcü avtoritetlərinin evlərini satıb vətənlərinə geri dönməkləri barədə sujet yayımlanıb.

Buna səbəb kimi isə son zamanlar Ukraynada hüquq mühafizə orqanlarının kriminal avtoritetlərə qarşı başlatdıqları güclü mübarizənin olduğu göstərilib.  

Buna görə də onlar Ukraynadan qaçaraq Gürcüstana sığınmaq istəyirlər. Sanki Gürcüstan onların rahat dolanmaqları üçün yaxşı şərait yaratmaqla məşğuldur. Saakaşvili hakimiyyəti zamanı ölkəni tərk edən bir çox qanuni oğrular artıq Tbilisidə yerləşiblər. Məhz Mixeil Saakaşvilinin onlara qarşı apardığı amansız mübarizə nəticəsində Gürcüstanda 10 ilə yaxın bir zamanda “vor v zakone” psixologiyası səngimişdi. 

Sonda sujetdə gənclər arasında bu təbliğatı daha da yaymaq üçün oğru aləmi haqqında mahnılar da dövriyyə buraxıldığı da vurğulanır. Qeyd olunur ki, bu mahnılar əsasən sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, ekspertlərin fikrincə, son zamanlar ölkə daxilində svanlarla azərbaycanlılar arasında yaşanan qarşıdurmaların da özəyi məhz məktəblərdə bu cür təbliğatların geniş vüsət alması ilə əlaqəlidir. Çünki, məktəblərdə bu cür aparılan təbliğatlar, tərbiyə üsulları gələcəkdə cəmiyyət üçün təhlükə mənbəyinə çevrilir. Onlar qeyd edirlər ki, uşaqlar məqsədyönlü şəkildə, bu cür tərbiyə olunurlar. 

Məlumatlı mənbədən aldığımız xəbərə görə, svanlarla azərbaycanlılar arasında yaşanan ədavəti də yoluna qoymaq üçün bölgəyə məhz azərbaycanlı qanuni oğrular dəvət edilibmiş. İlk baxışdan adi görünsə də bu artıq Gürcüstan cəmiyyətində 90-ların yenidən qayıtdığına işarədir.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin