Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan iyunun 1-də gözlənilmədən Fransaya səfər edib. Həm də 46-cı yaş günündə və seçkilərə 20 gündən az qaldığı bir vaxtda.
Paşinyanın Fransadan sonra Belçikaya da səfəri planlaşdırılıb. Ermənistan lideri Avropa Şurasının rəhbəri Çarlz Mişel və Belçikanın baş naziri Aleksandr de Kro ilə görüşmək üçün Belçikanın paytaxtı Brüssel şəhərinə yola düşüb.
Ölkəsində davam edən xaos ortamında Nikolun məhz Fransaya səfər etməsi heç də təsadüfi deyil.
MÖVZU İLƏ BAĞLI:
Rusiyalı erməni milyarderdən MÜHARİBƏ ANONSU: “Geri alacağıq”
Rəsmi Paris 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olsa da, heç vaxt Ermənistan simpatiyasını gizlətməyib. Xüsusilə də 44 günlük savaş və post-müharibə dönəmində Fransa hökuməti saxlamağa borclu olduğu neytral mövqeyi qorumağa ehtiyac belə görməyib və ölkəsində azalan nüfuzunu artırmaq üçün “kozır”a ehtiyacı olan Nikolun səfər üçün Parisi seçməsi heç də təəccüblə qarşılanmamalıdır.
Lakin, Paşinyanın Fransa ilə əlaqələrinin onsuz da yüksək səviyyədə olması bu səfərin arxasında fərqli məqsədlərin yatdığını təsdiqləyir.
Nikolun hazırki günlərdə ən ümdə məqsədi, təbii ki, 20 iyunda keçiriləcək parlament seçkilərində qələbə qazanmaqdır. Aydındır ki, Paşinyanın son günlərdə sürətlə azalan nüfuzunu bərpa etməyə ehtiyacı var. Lakin təkcə Fransadan gələn dəstək Nikol üçün yetərli deyil. Erməni diasporasının dəstəyini almaq hal-hazırda Paşinyan üçün daha vacib məsələdir.
Nikolun Avropadakı erməni nümayəndələri ilə görüşməsi də bunun əyani sübutudur.
Habelə, məğlub liderin Avropa Şurası rəhbəri və Belçika baş naziri ilə görüşmək istəməsinin əsas səbəbi məhz Fransa xaricində digər qüvvələrin də dəstəyini əldə etməkdir. Digər maraqlı məqam isə, Ermənistan baş nazirinin müavini səlahiyyətlərini icra edən Mher Qriqoryanın sərhəddəki vəziyyətlə bağlı Bakı-Moskva-İrəvan işçi qrupunun fəaliyyətini dayandırdığını açıqlamasıdır. Bəlkə də, Nikol havadarlarının yanına əliboş getməsin deyə, bu cür bəyanatın səfərlə eyni vaxtda verildiyini güman etmək olar.
Həmçinin, Ara Ayvazyanın gözlənilməz istefası Paşinyanın bu cür kritik dönəmdə səfərə yollanmasının əsas səbəblərindən hesab oluna bilər.
Xatırlatmaq yerinə düşər ki, Ayvazyan, demək olar ki, bütün Vətən müharibəsi dövrünü Avropada keçirmişdi. Dağlıq Qarabağın statusu məsələsini dilindən düşürməyən nazirin Nikoldan daha radikal formada qərb yönümlü ideyaların daşıyıcısı olması heç kəsə sirr deyil.
Ayvazyanın istefasından sonra Qərbdə Qarabağın statusu məsələsinin diqqətdən yayınmasının qarşısını almaq Paşinyanın Avropa səfərində əsas məqsədlərindən biri ola bilər.
Ümumilikdə isə, Nikol Paşinyanın Avropa ziyarətinin ona xeyirdən çox zərər gətirəcəyi daha yüksək ehtimal kimi görünür.
Çünki Azərbaycanla sərhəd probleminin həllində dünən Rusiyanı tək vasitəçi kimi qələmə verən Paşinyanın, bu gün Fransadan yardım dilənməsi rəsmi Moskvanın, təbii ki, xoşuna gəlməyəcək. İkinci məsələ isə, bütün dünyada Azərbaycan ərazisi kimi qəbul olunan Dağlıq Qarabağın statusu məsələsini qaldırmaqla Paşinyanın seçkiöncəsi rəqibləri qarşısında uğur qazanması reallıqdan uzaq variantdır.
Habelə, Azərbaycan Xarici İşlər Nazirliyinin Makrona verdiyi bəyanatda qeyd edildiyi kimi, Fransanın sərhəd məsələlərinin həllində heç bir rolu yoxdur. Paşinyanın ziyarətinə getdiyi digər güclərin də quru bəyanatlar verməkdən savayı Ermənistana ciddi dəstək göstərməsi mümkün görünmür.
Murad Əhmədov, Bizim.Media