Bu gün sosial şəbəkələr demək olar ki, müasir insanların ayrılmaz bir parçasına çevrilib. İnsanlar bu paltformalarla bütün günlərini tənzimləyir, dərdlərini, problemlərini açıq şəkildə ifadə edir. Bəzən bu paylaşımlar əndazəsindən çıxaraq, cəmiyyət tərəfindən ikrah hissi oyadır.
Buna misal olaraq, bir müddət əvvəl azərbaycanlı aparıcının dünyasını dəyişən anası ilə yayımladığı fotosunu göstərə bilərik. O zaman paylaşım istifadəçilər tərəfindən tənqid olunaraq, böyük qınaqlara səbəb olmuşdu.
MÖVZU İLƏ BAĞLI:
Ən çox Twitter-dən narazılıq var – Səbəb nədir?
Bəs, bu problemlər haradan yaranır?
Psixoloqların fikrincə, sosial şəbəkələr insanları yalnızlığa və inamsızlığa sürükləyir. Daxili tənhalıq hiss edən insan özünə təsəllini məhz paylaşımlarında görür. Bununla sanki onlar həyatlarında olan çatışmazlıqlarını sosial şəbəkələrdə axtarır. Bundan başqa insanların bir-birlərinə deyə bilmədikləri sözləri, hissləri cəsarətlənərək sosial şəbəkələrdə “yiyəsinə” çatdırır. Bu da onlara daxili sakitlik bəxş edir.
ABŞ-da aparılan təqdiqatlar zamanı mütəxəssislər belə qənaətə gəliblər ki, hər addımını, hər dəqiqəsini sosial şəbəkələrdə paylaşan insanlar psixoloji cəhətdən normal deyillər. Bu insanlar özlərini bədbəxt sayırlar. Bu əsasən uğursuz karyerada və ailədə öz xoşbəxtliklərini tapmayan insanlarıdır.
Sosial şəbəkələrdə xoşbəxtlik axtaranlar
Psixoloq Taryel Faziloğlu Bizim.Media-ya açıqlamasında deyir ki, insanlar sosial şəbəkələrdə olanları deyil, yaşamaq istədikləri həyatı paylaşırlar.
“Çox vaxt biz yaşamaq istədiyimiz həyatı sosial şəbəkələrdə paylaşırıq. İnsanlara bunu təbliğ etmək bizim üçün çox xoş olur. Hazırda proqramlar vasitəsi ilə öz görünüşlərini dəyişən şəxslər həyatda da elə görünmək istəyirlər. Lakin bu kənardan adi görünsə də bir çox problemlərə yol açır”.
İnamsızlıq yaradan amillər
Mütəxəssisin sözlərinə görə, belə paylaşımlar zamanla insanda inamsızlıq yarada bilir.
“Məsələn sosial şəbəkədə tanıdığı insanla real həyatda görüşən şəxs, həqiqətdə onun elə görünmədiyini və ya həyat tərzinin tamam başqa cür olduğunu görəndə bir növ xəyal qırıqlığı yaşayır. Bu da zamanla insanlarda bir-birinə qarşı olan inamı, etibarı itirir”.
O, qeyd edir ki, bu cür yaranan kiçik problemlər, bəzən insanları dönülməz yollara sürükləyir. Bu problemlər əsasən formalaşmaqda olan gəncləri öz qurbanına çevirir.
“Fikir versəz, müasir dövrdə gənclər daha çox depresiyaya meyilli olurlar. Bəzən isə depresiya ilə mübarizə apara bilməyən insanlar sonda intihara əl atırlar. Belə halların əksəriyyəti isə insanların daxili yalnızlıqları, sosiallaşa bilməməklərindən doğur”.
Vüsalə Balayeva, Bizim.Media