Çözülməyən “kupça” düyünü – MTK-ların təkrar alqı-satqıda FAİZ QALMAQALI

Hazırda oxunan: Çözülməyən “kupça” düyünü – MTK-ların təkrar alqı-satqıda FAİZ QALMAQALI

22505

Bakı və regionlarda inşa edilən yeni tikililərdə yaşayan sakinlərə Mənzil Tikinti Kooperativlərinin (MTK) “zülmü” davam edir.

Məlumdur ki, daha əvvəliki illərdə bu cür binaların sakinləri sənədləşmə ilə bağlı problem yaşayırdılar. Mənzillərin dövlət qeydiyyatı haqqında çıxarışı əldə etmək mümkün deyildi. Buna səbəb isə binaların Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində istismara qəbul edilməməsi idi.
 

MÖVZU İLƏ BAĞLI:

MTK-lar əhalini aldadır – İcra hakimiyyətləri isə buna göz yumur


Baxmayaraq ki, dövlət tərəfindən qaydalar sadələşdirilib, hələ də “kupça” problemi yaşayan sakinlər var. 

Öz vəsaitləri hesabına aldıqları mənzillərdə kirayə qalırlarmış kimi, hər ay MTK-lara müəyyən məbləğlərdə vəsait ödəmək məcburiyyətində qalan vətəndaşlardan çıxarış əldə etmək üçün də pul tələb olunur.

MTK-lar isə bununla bağlı dövlətin qərarlarını “ayaq altına” alaraq mənzillərə çıxarış əldə edilməsini yubatmağa çalışırlar. 

Qeyd edək ki, 2019-cu ilin əvvəlində Prezident İlham Əliyev çoxmənzilli binaların istismarına icazə verilməsi qaydalarının sadələşdirilməsi haqda fərman verib. Fərmana görə, növbəti il (2020) yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla, tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarına çıxarış verilməli idi.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimli Bizim.Media-ya açıqlamasında bildirib ki, bu vaxtadək bəzi binalarda mənzillərin “çıxarış”-la təmin edilməməsinin günahı yalnız MTK-lardadır: 

“Prezidentin həmin binaların istismara qəbulu ilə bağlı fərmanından sonra 2019-2020-ci ildə MTK-lar həmin binaları kütləvi şəkildə təhvil verdilər. Hansı Kooperativlər ki verməyib, günah onların özündədir. Binanın təhvil verilməsi üçün cəmi üç şərt saxlanıldı. Sadəcə təhvil vermək istəmirlər. Çünki, bu onların marağındadır. Vətəndaşlar onların “boğazlarından” yapışmalıdırlar”.

Nüsrət İbrahimli deyib ki, burada əsas maraq mənzillərin təkrar alqı-satqısı zamanı gəlir əldə etməkdir:

“MTK-ların burada maliyyə maraqları var. Onlar alqı-satqı zamanı vətəndaşlardan faiz alırlar”.

Ekspertin sözlərinə görə, sənədlərin hazırlanması ilə bağlı MTK-ların pul tələb etməsi qeyri-qanunidir. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin