COP29 dünyanın ən yeni tarixinin ən şərəfli və əlamətdar bir səhifəsinə çevrilməyi bacardı. Çünki COP29-da yaradılan bütün süni maneələrə baxmayaraq, yekun razılıq əldə olundu.
Belə ki, Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edildi.
MÖVZU İLƏ BAĞLI:
Bayden COP29-un müvəffəqiyyətlə təşkilinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ
Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, əvvəlki mətn layihəsi ilə müqayisədə 50 milyard dollar artım deməkdir və COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin məhsuludur.
Təbii ki, bu, tarixi uğurdur.
Çünki inkişaf etmiş ölkələr COP29-da böyük öhdəlik götürmək istəmirdilər. Necə deyərlər, məsələni 250 milyardla bağlamağa çalışırdılar. Amma aparılan diplomatik danışıqlar və gərgin müzakirələr nəticəsində yekun razılığa gəlmək mümkün oldu.
Təbii ki, bu uğur insanpərvər qüvvələr tərəfindən alqışlarla və məmnunluqla qarşılandı. Hətta Bakıdakı son çıxışında BMT-nin Baş katibi Antonio Quterreş məmnunluqla bildirib ki, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır:
“Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir”.
İnkişaf etmiş ölkələr nədən “narahat idi”?
Nəzərə alaq ki, COP29-da razılaşma heç də asan olmadı. Bədnam qüvvələr COP29-un uğursuzluğa düçar olması üçün çox çalışdı. ABŞ, Fransa, Niderland və digər ölkələr təkcə Azərbaycanın uğuruna əngəl olmaq istəmirdi, həm də yeni maliyyə öhdəliklərindən qaçırdılar.
Halbuki, qlobal iqlim dəyişikliyinin əsas günahkarı inkişaf etmiş ölkələrdir. Məsələn, Çin 14 milyard tondan çox, ABŞ 6 milyard ton, Hindistan 3,5 milyard ton, Avropa Birliyi 3,4 milyard ton, Rusiya 2 milyard ton, Yaponiya isə 1,170 milyard ton CO2 emissiyası buraxır. 2021-ci ildə Aİ dünyada bütün nəqliyyat İHQ emissiyalarının (daxili nəqliyyat və beynəlxalq bunkerlər daxil olmaqla) 76%-ni atmosferə buraxır.
Bununla belə, inkişaf etmiş bəzi ölkələr yaratdıqları problemlərin acı nəticələrini aradan qaldırmaqda o qədər maraqlı deyillər. Üstəlik, əksər inkişaf etmiş dövlətlər Azərbaycanın çağırışlarını və tələblərin eşitmək istəmirdi. Hətta Azərbaycanın çağırışlarını özlərinin riyakar kampaniyaları hesabına “eşidilməz” etmək istəyirdilər.
Bu durumu Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkədə hesabındakı paylaşımında dəqiqliklə ifadə edib:
“Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”.
Azərbaycan lideri əlavə edib ki, “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı:
“Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik”.
COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir.
Nəzərə alaq ki, həm ABŞ, həm də bəzi Avropa dövlətləri son bir ildə Azərbaycana qarşı çox çirkin kampaniya aparırdılar. Bu dövlətlərin hədəfi o idi ki, COP29 Bakıda keçirilməsin. Bunun əsas səbəbi Azərbaycanın beynəlxalq aktora çevrilməsinin qarşısını almaq, digər səbəbi isə bəzi təşəbbüslərin əldən verilməsinin qarşısını almaq idi.
Məlum olduğu kimi, son illər informasiya bolluğu və reallaşan proseslər böyük dövlətlərin əsl simasını sivilizasiyaya çılpaqlığı ilə göstərib. Ona görə də artıq heç kimi ABŞ və digər dövlətlərin həqiqət carçısı olduğuna inanmır. Belə reallıqda isə ortaya yeni güclərin çıxması zəruri idi. Məhz belə bir tarixi məqamda Azərbaycan müasir çağırışlarla qətiyyət nümayiş etdirdi.
Təbii ki, Azərbaycan kimi kiçik ölkənin beynəlxalq təşəbbüslərin və çağırışların müəllifi kimi çıxış etməsi böyük dövlətlər üçün heç də arzuolunan hal deyil. Ona görə də son bir ildə aparıcı dövlətlərin bəziləri Azərbaycana qarşı çirkin kampaniya apardılar. Sonda isə ABŞ, Fransa və Niderland COP29 konfransına yüksəksəviyyəli heyətlə qatılmaqdan imtina etdi. Üstəlik, həmin dövlətlər çağırışlar edərək digər dövlətlərin də Bakıya gəlişini əngəlləmək istədilər.
Amma Azərbaycanın qətiyyəti, obyektiv mövqeyi destruktiv təşəbbüsləri kölgədə qoydu.
Dünyanın 190-dan artıq dövləti Bakı sammitindəki müzakirələrə qoşuldu. Ən əsası COP29 inkişaf etmiş ölkələr üçün illik iqlim maliyyəsinin həcmini müəyyən edilməsinə nail oldu. Bu isə artıq COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Artıq bütün dünya COP29-un nəticələrini məmnunluqla müzakirə və təqdir etməyə başlayıb.
Beləcə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dediyi kimi, COP29 uğurla başa çatdı və digər mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi ilə qlobal iqlim fəaliyyəti tarixinə “Bakı sıçrayışı” kimi öz damğasını vurdu.
COP29-un uğurlu yekunu göstərdi ki, artıq Qərb əvvəlki kimi liderlik nümayiş etdirə bilmir və dünyada geosiyasi baxımdan dərin qütbləşmə prosesi gedir. Bu prosesdə isə Azərbaycan beynəlxalq aktor və lider dövlətlərdən biri kimi daha çox diqqət çəkir.
Ona görə də COP29-un təşkilatçılığındakı qüsursuzluq və yekun qərarlar Azərbaycanı dünyaya yeni bir güc kimi bütün dünyaya təqdim etdi.
Surxay Atakişiyev, Bizim.Media