BİZİM TƏQVİM: 19 noyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 19 noyabrda baş vermiş tarixi hadisələr

221250

1918-ci ilin bu günündə Azərbaycan Milli Şurasının iclasında Xalq Cümhuriyyətinin geniş tərkibli parlamentinin (Müəssislər Məclisi) çağrılması barədə qərar qəbul edilib. Yeni parlamentin 120 deputatdan təşkil olunması qərara alınıb: 80 yer müsəlman (azərbaycanlı) əhaliyə, 21 yer ermənilərə, 10 yer ruslara, 4 yer digər milli azlıqlara (alman, yəhudi, gürcü, polyak), 5 yer isə neft sənayeçiləri və həmkarlar ittifaqlarına ayrılıb.

Bəs, noyabrın 19-da dünyada daha hansı hadisələr baş verib?

1. 1819-cu ilin bu günü İspaniyanın paytaxtı Madriddə sonralar bütün dünyada məşhurlaşacaq Prado Muzeyi açılıb.  Ən zəngin rəsm qalereyalardan biri olan Prado Muzeyində Velaskes, Qoyya, Rubens, Tisian və digər böyük rəssamların əsərləri sərgilənir. Qeyd edək ki, bundan əvvəl bu sənət ocağı İspaniya Kral Rəssamlıq və Heykəltaraşlıq Muzeyi adlanırdı. Milliləşdirildikdən sonra onu əhatə edən parkın adı Prado qoyuldu. 

2. Birinci Dünya Müharibəsindən sonra böhrana düşən Almaniya iqtisadiyyatı çökdü. Almaniyanın pul vahidi – mark böyük dəyər itkisinə uğradı: 1923-cü ilin 19 noyabr tarixində artıq 1 Amerika dolları qarşılığında 4,2 trilyon oldu.

3. 19 noyabr 1938-ci ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün cənazəsi xalqın gözyaşları ilə İstanbuldan Ankaraya yola salındı.

4. 1967-ci ilin 19 noyabr tarixində Türkiyə Böyük Millət Məclisi Qıbrızda (Kipr) artan gərginliklə əlaqədar hökumətə xaricə əsgərgöndərmə səlahiyyəti verdi: Türkiyə Donanması həyəcanla suları keçdi, Ankaradakı 28-ci Diviziya İskəndərinə hərəkət etdi.

5. 19 noyabr 1977-ci ildə Portuqaliya Hava Yollarına aid sərnişin təyyarəsi Madeyrada düşdü, 130 nəfər dünyasını dəyişdi.

6. Erməni terrorçular 1984-cü il 19 noyabrda Viyananın BMT Ofisində çalışan türkiyəli diplomat Enver Erqunu şəhid etdilər.

7. 19 noyabr 1985-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ başçısı - Mixail Qorbaçov ilk dəfə Cenevrədə görüşdülər. İki ölkə başçısı 2 gün davam edən zirvə toplantısının nəticəsində strateji nüvə silahlarının 50 faiz azaldılmasına qərar verdilər.

8. 19 noyabr 1986-cı ildə SSRİ-də ilk dəfə olaraq fərdi əmək fəaliyyətinə icazə verən qanun qəbul olunub. Qanuna əsasən, ölkədə, o cümlədən Azərbaycanda ilk özəl müəssisələr - kooperativlər yaranmağa başlayıb.

9. 1994-cü il 19 noyabrda Türkiyə millisi Xəlil Mutlu Beynəlxalq Ağırlıqqaldırma Çempionatında 7-ci dəfə dünya rekordunu qırdı.

10. 19 noyabr 1997-ci ildə Amerika Birləşmiş Ştatlarında Bobbi MakKoni (Bobby McCaughey) adlı qadın yeddiz doğdu. Bu, bütün körpələrin canlı doğulduğu ilk yediz hadisəsi olaraq tarixə düşdü. 

11. 1999-cu ilin bu günündə  İstanbulda ATƏT üzvü olan dövlət başçılarının sammiti başa çatıb. Prezident Heydər Əliyev toplantıda çıxış edib, sammitin sənədlərini imzalayıb. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) XİN başçılarının iştirakı ilə görüşü keçirilib.

12. 19 noyabr 2002-ci ildə NATO Parlament Assambleyasının İstanbulda keçirilən sessiyasında Azərbaycan quruma assosiativ üzv qəbul edilib.

13. İraqın işğalından sonra – 2005-ci ilin 19 noyabrında Hədisə qəsəbəsində bir qrup ABŞ əsgəri 24 qadın və uşağı qətl etdi. Hadisədə 4 əsgər təqsirli bilindi, ancaq məhkəməyə çıxarılmadan hamısı bəraət aldı.

19 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Böyük Səlcuqlu imperatoru Məlikşah 1092-ci ilin bu günü Bağdadda dünyasını dəyişib. (1055 - 1092)

2. Dünya elminin korifeylərindən biri, böyük rus alimi Mixail Lomonosov 1711-ci il 19 noyabrda Arxangelskdə milliyyətcə nen olan balıqçı ailəsində anadan olub. M.Lomonosov Rusiya tarixində ilk təbiətşünas alim, fiziki kimyanın banilərindən biri, şair, müasir rus ədəbi dilinin yaradıcısı, rəssam, tarixçi və maarifçidir. 1748-ci ildə Mixail Lomonosovun təkidi ilə Rusiyada ilk kimya laboratoriyası yaradıldı. Onun təşəbbüsü ilə yaradılan Moskva Dövlət Universiteti hal-hazırda alimin adını daşıyır. (1711-1765)

3. Rusiyanın dəniz səyyahı, admiral İvan Kruzenştern 1770-ci ilin bu günü dünyaya gəlib.  “Birinci rus dünya səyahəti” (1803-1806) ekspedisiyasına rəhbərlik edən Kruzenşteyn səyahət zamanı ilk dəfə Atlantik, Sakit və Hind okeanlarında geniş okeanoqrafik və meteoroloji tədqiqat aparıb, Kuril adalarının bir hissəisini, Saxalin və Kamçatkanın sahilboyunu, Yaponiyanın bir sıra adalarını təsvir edib. (1770-1846)

4. 19 noyabr 1907-ci ildə Xalq artisti Kseniya Lvovna Babiçeva (1907-1984) anadan olub. 1938-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib.

5. 19 noyabr 1915-ci ildə bəstəkar, tarzən Hökümə  Nəcəfova (1915-2002) Bakıda anadan olub. “Kaş ki, gözəl olmayaydım”, “Ceyran balası” və s. populyar mahnıların müəllifidir.

6. 19 noyabr 1935-cı ildə tanınmış dilçi alim, professor, AMEA-nın müxbir üzvü Zemfira  Verdiyeva (1935 – 8.11.2010) anadan olub. German dilləri üzrə elmlər doktoru olmuş ilk azərbaycanlı alimdir. Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) rektoru olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin