COP29 çərçivəsində keçirilən Parlament Görüşünün ilk günü başa çatdı - FOTO/VİDEO

Hazırda oxunan: COP29 çərçivəsində keçirilən Parlament Görüşünün ilk günü başa çatdı - FOTO/VİDEO

220997

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində noyabrın 16-da Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ilk günü baş tutub.

Bizim.Media xəbər verir ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edib.

Açılış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 90-a yaxın nümayəndə heyətinin iştirak etdiyini bildirib. Qeyd edib ki, bu, zəmanəmizin ən aktual problemi olan iqlim dəyişikliyi məsələsinin həllindəki qətiyyətimizin və fədakarlığımızın göstəricisidir. İqlim dəyişikliyinin təsirləri dünyanın bütün ölkələrinə sirayət edir və bu baxımdan, ölkəmiz də istisna deyil. Son illərdə Azərbaycan həddindən artıq istilər, su qıtlığı, Xəzər dənizinin dayazlaşması və daşqınlar kimi problemlərlə üzləşib. Bu çağırışın əhəmiyyətini anlayan və qabaqcadan dəyərləndirən Azərbaycan, hələ COP29-a ev sahibi seçilməzdən xeyli əvvəl, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlimlə bağlı fəaliyyətləri öz milli planlarının mərkəzinə yerləşdirib.



Azərbaycan könüllü öhdəliklər götürərək, yaşıl gündəliyi milli inkişaf proqramlarına daxil edib, bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirərək və yaşıl enerji zonaları yaradaraq, gələcək inkişaf yolunda əzm və qətiyyət nümayiş etdirib.

Parlamentin sədri, eyni zamanda, bildirilib ki, Azərbaycanın COP29-a ev sahibi qismində seçilməsi, dünya ictimaiyyətinin ölkəmizin körpü qurucusu kimi çıxış etmək, icmaları və ölkələri ortaq bir məram ətrafında birləşdirmək bacarığına və təcrübəsinə olan inamının nəticəsidir.

Milli Məclisin sədri deyib ki, iqlim dəyişikliyi bəşəriyyətin istənilən milli sərhədləri aşan və kollektiv səylər tələb edən ən böyük problemidir.



Tanzaniya Milli Assambleyasının sədri, Parlamentlərarası İttifaqın (PAİ) prezidenti xanım Tulia Akson Bakı şəhərinin COP29-a gözəl ev sahibliyi etdiyini deyib, buna görə təşəkkürünü bildirib.

Qeyd edib ki, bu, qlobal əməkdaşlıq üçün gözəl imkan yaradır: “Biz burada inklüzivlik və tərəfdaşlıq ruhunda iqlim böhranının öhdəsindən gəlməliyik. Daim çalışırıq ki, beynəlxalq dialoqu gücləndirək, insan hüquqlarını gündəmə gətirək, daha ədalətli dünya quraq”.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev çıxışı zamanı COP29-un əsas hədəflərindən söz açıb. O qeyd edib: “Biz istəyirik ki, COP29-da ambisiyalarımızı ortaya qoyaq. Çalışaq ki, iqlimlə bağlı bütün tərəflərin səslərini eşidə bilək”.
 

Muxtar Babayev bildirib ki, həm nəzarət, həm məsuliyyət qoymaqla və qanunvericiliyi təkmilləşdirməklə daha güclü iqlim tədbirlərini həyata keçirmək olar. Parlamentlər milli büdcələri təsdiq edir, iqtisadi qərarların qəbulunda əhəmiyyətli rol oynayır. Bu iqlim dəyişmələrinə qarşı dayanıqlı dünyanın qurulmasında vacib məsələdir. “Bütün xalqların təhlükəsizliyi və rifahı hər şeydən önəmlidir. Biz istərdik, COP-dan evə qayıdandan sonra siz ölkənizdə iqlim təhlükəsizliyi ilə bağlı siyasətin təşkilində öz rolunuzu verə biləsiniz”, - deyə o əlavə edib.


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil çıxışında COP29 çərçivəsində G20 liderlərinə müraciət edib. O, iqlim dəyişikliyinin yaratdığı qlobal böhranın həlli istiqamətində təcili və daha təsirli tədbirlər görülməsinin vacibliyini vurğulayıb.



"Gələn həftə Rio-de-Janeyroda keçiriləcək G20 Sammiti önəmli mesaj üçün bir fürsətdir. İqlim böhranı dünyanın ən böyük iqtisadiyyatlarının əsas gündəlik məsələsi olmalıdır. Əks halda, bu böhran bütün ölkələrə dərin iqtisadi və sosial təsir göstərəcək”, - deyə Saymon Stil əlavə edib.

BMT rəsmisi deyib ki, Bakıda keçirilən COP29 çərçivəsində yeni iqlim maliyyəsi hədəfi üzərində danışıqların davam etdiyini, hamının məsuliyyətin böyüklüyünü anladığını, gecə-gündüz işlərin getdiyini diqqətə çatdırıb.

Sonra Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva “COP29-da parlamentlərarası əməkdaşlığın təşviqi: Parlamentlərarası İttifaqın 150-ci Assambleyası və sonrakı dövr” mövzusunda çıxış edib. COP29-un ciddi önəm qazandığını söyləyən Tənzilə Narbayeva burada irəli sürülən bütün təşəbbüsləri dəstəklədiyini deyib. Qeyd edib ki, metan emissiyalarının azaldılması, təmiz karbohidrogendən istifadə olduqca əhəmiyyətlidir.



Açılış mərasimindən sonra Azərbaycan Milli Məclisi ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament tərəfindən isə Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan imzalayıblar.

Daha sonra görüş işini sessiyalarla davam etdirib.

“Zəmin yaratmaq: iqlim dəyişikliyinin real təsirini anlamaq” adlı sessiyada əvvəlcə iqlim dəyişmələri ilə bağlı videoçarx nümayiş etdirilib.

Albaniya parlamentinin sədri Elisa Spiropali hazırda dünyanın gözünün Azərbaycanda, COP29-da olduğunu söyləyib. Bildirib ki, burada parlament səviyyəsində də COP29-a töhfə verməyə çalışırıq. Tədbirdə çıxış edən Tonqa Qanunvericilik Assambleyasının sədri Lord Fakafanua diqqətə çatdırıb ki, iqlim dəyişmələri davam etdikcə vəziyyət daha da pisləşəcək. “Bizim imkanlarımız var, amma maliyyə və texniki bacarıqlarımızın çatışmazlığı səbəbindən bərpa olunan enerjimiz 18 faiz təşkil edir”, - deyə o qeyd edib.

Əlverişsiz vəziyyətdə olduqlarını bildirən Lord Fakafanua ildən ilə həddindən artıq hava şəraiti ilə üzləşdiklərini bildirərək deyib: "Biz səviyyəsi aşağı olan adalardan insanları köçürürük. Maliyyə texnologiyaları alimlərin bizə verdiyi son müqəddərata uyğun deyil. Sakit okeanda bəzi ada ölkələrinin adaptasiyası artıq çox gecdir.



Tacikistan Nümayəndələr Palatasının sədri Məhmədtair Zokirzadə isə iqlimin mühafizəsinin aktual problemlərdən biri olduğunu vurğulayıb. O, BMT-nin qərarlarını su və iqlim məsələlərinin həllində önəmli hesab etdiklərini bildirərək vurğulayıb: "İnanıram ki, bugünkü yüksək səviyyəli Parlament Görüşünün iştirakçıları da bu işdən kənarda qalmayacaq.

COP29-un İqlim üzrə gənclər çempionu xanım Leyla Həsənova COP29-un əsas hədəflərindən bəhs edib. İqlim maliyyəsi məsələsinin önəmin qeyd edən Leyla Həsənova parlamentarilərin həll yolları göstərən proqramların tapılmasındakı rolunu vurğulayıb.

"İqlim öhdəliklərinin reallaşdırılması: təsirlərin azaldılması üzrə ambisiyalarının artırılmasında və milli səviyyədə müəyyən edilmiş öhdəliklərin həyata keçirilməsində parlamentlərin rolu" mövzusunda ilk sessiyada Paris Sazişinə əsasən qəbul edilmiş təsirlərin yumşaldılması üzrə öhdəliklərin səmərəli şəkildə milli fəaliyyətdə tətbiq olunmasının təmininə yönəlmiş müzakirələr aparılıb. Sessiyada, həmçinin istixana qazı emissiyalarının azaldılması üzrə milli səviyyədə müsbət təcrübələr paylaşılıb, parlamentlərin bu təşəbbüslərdə olduqca əhəmiyyətli rol oynadığı vurğulanıb.

“Qlobal İqlim Maliyyəsi Arxitekturasını Aşmaq: Resursların hərəkətə gətirilməsi və iqlim maliyyəsinə girişin sadələşdirilməsi” adlı ikinci sessiyada mövzu ətrafında fikir mübadiləsi aparılıb.

"İqlim dəyişiklikləri üzə dayanıqlılığın artırılması: uyğunlaşmanın və yerli səlahiyyətlərin genişləndirilməsi" mövzusunda üçüncü sessiyada isə iqlim dəyişikliyindən artıq ciddi şəkildə təsirlənmiş şəxslərin uyğunlaşma ehtiyaclarının həlli istiqamətində milli və qlobal təşəbbüslər ətrafında fikir mübadilələri aparılıb.

Görüş noyabrın 17-də yekunlaşacaq.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin