Dünyaya ekoloji həmrəylik mesajlarının səsləndiyi Azərbaycan təkcə bu gün yox, hər zaman iqlimin, ətraf mühitin qorunması yönündə əhəmiyyətli layihələrin həyata keçirilməsini prioritet sayıb.
Belə layihələrdən biri də Böyükşor gölünün təmizlənməsidir. Hansı ki, uzun illər çirkab yuvası, ətrafa üfunət yayan bu ərazi qısa müddətdə paytaxtın ən gözəl məkanlarından birinə çevrilmişdi...
Böyükşorun çirkli “şor”u
Abşeron gölləri içərisində ən böyük su səthi olan Böyükşor gölü Abşeron yarımadasının mərkəzində, Bakının Binəqədi, Sabunçu və Nərimanov rayonları sərhədində yerləşir. Gölün su səthi 1300 ha, həcmi isə 45 mln kub metrdir.
Böyükşorun əsas çirklənmə mənbəyi keçən əsrin 30-cu illərindən başlayaraq ətraf ərazilərdə neft çıxarılması zamanı əmələ gələn neft-mədən sularının gölə axıdılması olub. Statistik məlumatlara görə, 1929-cu ildə Keşlə kanalı vasitəsilə gölə neft-mədən suları axıdılıb. Bu suların 60%-i bilavasitə qazma, qalanı isə mədənlərdə istifadə olunmuş, bilavasitə dənizdən su xətləri ilə götürülmüş sulardan ibarət olub.
1970-ci illərdən isə gölə fekal, təsərrüfat-məişət və sənaye suları axıdılıb. Bu da ərazinin sanitariya vəziyyətini xeyli pisləşdirib, gölün dibi və sahil zolağı neft məhsullarının bitum qatı altında qalıb. İsti havalarda neft məhsullarının buxarlanması səbəbindən atmosferdə neftin yüngül konsentrasiyaları yayılaraq kəskin qoxu yaranmasına səbəb olub.
Daha sonra gölə şəhərin Binəqədi, Sabunçu və Nərimanov rayonlarının göl ətrafında salınmış və kanalizasiya sistemləri ilə təchiz olunmayan məişət, ticarət və digər obyektlərindən, fərdi evlərdən tullantı suları axıdılıb. Gölün əsas çirklənmə mənbələrindən biri şərq hissəsində Suraxanı ərazisindəki Balaxanı zibilxanası olub.
Fövqəladə çirkli su
Nəticədə şor sulu göllər qrupuna aid göldə minerallaşma YVQH-dən dəfələrlə çoxalıb, oksigen rejimi tam pozulub.
Çirkləndirici maddələrin oksidləşməsi bioloji prosesləri sürətləndirib. Oksigenin biokimyəvi sərfi normadan bir necə dəfə çox artıb. Bunlarla yanaşı, çirkab sularının təsirindən suyun tərkibindəki kation və anionların konsentrasiyaları da kəskin şəkildə artıb. Kalsium, maqnezium və xloridlərin miqdarı sanitar normadan dəfələrlə, sulfatlar isə bir necə dəfə yüksəlib. Neft məhsulları və fenolların konsentrasiyaları YVQH-dən dəfələrlə artıb, sintetik yuyucu maddələr də normanı keçib. Göldə əsas çirkləndirici maddələr kimi ağır metallardan mis, kadmium, dəmir, sink, manqan YVQH-dən bir-necə dəfə çoxalıb.
Suyun inteqral çirklənmə indeksinə əsaslanaraq demək olar ki, 2000-ci ildə Böyükşor gölü keyfiyyət sinfinin çox çirkli su sinfinə, 2004-cü ildən isə fövqəladə çirkli su sinfinə aid edilib.
Gölün və ətrafdakı ərazinin böyük bir hissəsi uzunmüddətli texnogen çirklənmə nəticəsində sıradan çıxaraq fauna üçün tam yararsız hala düşüb. Gölün Balaxanı tullantılar poliqonu olan sahilinə uzun illlər ərzində sənaye və məişət tullantıları atıldığı üçün sahil və sututarlar çirklənib.
Ekosos
Böyükşor gölünün təmizlənməsi üçün ölkə başçısı 2013-cü ildə fərman və 2014-cü ildə isə "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Məhz ölkə başçısının təşəbbüsü və göstərişlərindən sonra 2013-cü 26 dekabrından etibarən Böyükşor gölünün bir neçə mərhələlər üzrə təmizlənməsi həyata keçirilməyə başlanıldı.
“Təmiz şəhər”
İqtisadiyyat Nazirliyinin koordinasiyası ilə “Təmiz Şəhər” ASC layihənin birinci mərhələsi 2015-ci ilin may ayında təhvil verilib.
Gölün daxilinin təmizlənməsi üçün isə öncə nəzərdə tutulan hissənin təcrid edilməsi üçün 1570 metr uzunluğunda bənd çəkildi və Böyükşor gölü iki hissəyə ayrıldı. Bu bəndin üzərindən hazırda Ziya Bünyadov prospekti ilə Balaxanı şossesini birləşdirən magistral yol çəkilib. Sovet dövründən etibarən Böyükşor gölünə 76 mənbədən axıdılan sənaye və məişət tullantı sularının qarşısı böyük həcmdə alındı. Göl dibində neftlə çirklənmənin səviyyəsi 121 min mq/kiloqramdan 86 min mq/kiloqrama endirildi. Cənub sahili boyunca kanalizasiya xətti çəkilərək çirklənmə mənbələrinin qarşısı tamamilə alındı.
Bir əsrlik çöküntü təmizləndi...
Gölün neftlə çirklənmiş əsas ərazi – layihə ərazisinin Balaxanı qəsəbəsi tərəfindədir. Qədim neft yataqlarının gölün bu hissəsini çirkləndirən tullantılarının qarşısının alınması üçün Balaxanı qəsəbəsi tərəfdən gölün sərhədləri boyunca 1850 metr uzunluğunda bənd inşa olundu. Eyni zamanda, bir əsrdən artıq müddətdə göl dibinə yığılmış çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görüldü.
Növbəti mərhələdə 2,8 milyon kub metr həcmində çöküntü gölün dibindən çıxarılaraq zərərsizləşdirildi.
Və Böyükşorun sahilləri parka çevrildi
Qeyd edək ki, gölün birinci mərhələsi üzrə tikinti işlərinin başa çatdırıldığı sahə 15 hektardan çox ərazini əhatə edir. Neftlə çirklənmiş torpaqlar təmizlənərək gölün şərq sahilində metal lövhələrlə yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alan drenaj sistemi quruldu.
Sahilboyu gəzinti zolağı ilə əhatələnən gölün ətrafında idman və uşaq oyun meydançaları quraşdırıldı, qaçış və velosiped zolaqları salındı, ekoloji mühitin daha da yaxşılaşdırılması məqsədi ilə 80 minə yaxın ağac və kol əkildi.
Ərazidə insanların istirahəti üçün geniş bulvar və park salındı. Bura indi Bakının ən gözəl istirahət məkanlarından birinə çevrilib.
Böyükşorla bağlı işlər bununla yekunlaşmır. Qarşıda layihənin daha bir uğurlu və böyük mərhələsinin həyata keçirilməsi nəzərdə tutulub.
Rəna Cumaqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 16.11.2024
Azərbaycanın EKOLOJİ MÖCÜZƏSİ: Böyükşor gölü çirkab bataqlığından müasir bulvara necə çevrildi? - FOTO
Hazırda oxunan: Azərbaycanın EKOLOJİ MÖCÜZƏSİ: Böyükşor gölü çirkab bataqlığından müasir bulvara necə çevrildi? - FOTO
Hazırda oxunan: Azərbaycanın EKOLOJİ MÖCÜZƏSİ: Böyükşor gölü çirkab bataqlığından müasir bulvara necə çevrildi? - FOTO
220818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.