COP29 çərçivəsində iqlim fəaliyyətinin inkişaf maliyyəsinə inteqrasiyası MÜZAKİRƏ OLUNDU - FOTO

Hazırda oxunan: COP29 çərçivəsində iqlim fəaliyyətinin inkişaf maliyyəsinə inteqrasiyası MÜZAKİRƏ OLUNDU - FOTO

220712

Bakıda keçirilən COP29 çərçivəsində noyabrın 14-də “İqlim fəaliyyətinin inkişaf maliyyəsinə inteqrasiyası” mövzusunda müzakirə təşkil edilib.

Bizim.Media xəbər verir ki, tədbir İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişaf Yardımı Komitəsinin sədri Karsten Sauerin moderatorluğu ilə keçirilib.

COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, iqlim və inkişaf fəaliyyətinin inteqrasiyası davam edən prosesdir. Biz inkişaf sahəsində əməkdaşlıq sektorunun necə dəyərli təcrübə qazandığını, prioritetlərin və siyasətlərin uyğunlaşdırılması, ssenarilərin maksimum səviyyəyə çatdırılması ilə bağlı yaxşı nümunələr gördük. İqlim məqsədləri üçün rəsmi inkişaf yardımı son on ildə tədricən artaraq 2022-ci ildə ümumi inkişaf yardımının üçdəbirinə çatıb. İqlim dəyişmələrinin inkişaf maliyyəsinə daxil edilməsi barədə ümumi fikrin olması çox əhəmiyyətlidir. İnkişaf maliyyəsi və iqlim maliyyəsi bir-birini əvəz edə bilməz. İnkişaf maliyyəsinin təminatçıları kollektiv təcrübəmizə əsaslanaraq, xüsusilə də iqlimin digər Dayanıqlı İnkişaf Məqsədlərinin mühüm hərəkətverici amil olduğunu nəzərə alaraq onun mövcud işlər siyahısına daxil olunmasını davam etdirməlidir.

“Qəbul etməliyik ki, ən az inkişaf etmiş ölkələr üçün inkişaf yardımının bir hissəsi olaraq özəl maliyyənin payı çox aşağıdır. Buna görə də ən az inkişaf etmiş ölkələr üçün də daxil olmaqla müvafiq iqlim fəaliyyətinin inkişaf strategiyalarını necə genişləndirə biləcəyimiz barədə fikirlərinizi eşitməyi səbirsizliklə gözləyirik. Açıq şəkildə qeyd edim ki, iqlim maliyyəsini təmin etmək iqlim məqsədlərimizə çatmaq üçün mühüm amildir. Biz müvafiq mənbələrdən maliyyəni sürətlə genişləndirməli, inkişaf edən ölkələr üçün ictimai maliyyənin artırılmasından əlavə onun kritik rolunu nəzərə almalıyıq”, - deyə Yalçın Rəfiyev bildirib.
 

COP29-un baş danışıqçısı diqqətə çatdırıb ki, müvafiq mənbələrdən təmin edilən maliyyənin həcmi sürətlə genişləndirilməli, inkişaf edən ölkələr üçün ictimai maliyyənin artırılmasından əlavə, onun kritik rolu nəzərə alınmalıdır.


İnkişaf etməkdə olan ölkələr üçün dövlət maliyyəsini artırmaqdan başqa, bütün beynəlxalq maliyyə strukturunun sistem miqyaslı yanaşmaların qəbulu da daxil olmaqla gələcək iqlim maliyyəsi hədəfləri və inkişaf nəticələrinin səmərəliliyini maksimum səviyyəyə çatdırmasının önəmini vurğulayan Yalçın Rəfiyev deyib: “İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin iqlim dəyişikliyinin mənfi təsirləri ilə bağlı ssenariləri hər il iqlim fəlakətləri ilə üst-üstə düşür. Son aylarda təkcə Karib dənizində Beverli qasırğasını, Hindistanda, Banqladeşdə, Nigeriyada, Çadda və ən son İspaniyada ölümcül daşqınları gördük. Gəlin, bu pilot layihəyə əməkdaşlıq və qətiyyət ruhu ilə yanaşaq ki, iqlim və inkişafla bağlı maliyyəni artıra bilək. COP29-un qlobal səyləri iqlim dəyişikliyi ilə mübarizəyə səfərbər etməkdə Paris Sazişinin effektivliyini vurğulayaraq, hamımızı bu məqamda qətiyyətli və dəqiq addımlar atmağa çağırıram”.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev bildirib ki, ölkəmiz beynəlxalq cəmiyyətin etibarlı və məsuliyyətli üzvü kimi müxtəlif coğrafiyalarda davamlı inkişafın təşviqinə böyük əhəmiyyət verir, qlobal miqyasda hərtərəfli tərəqqinin stimullaşdırılması üçün beynəlxalq səylərə sadiq qalır.

E.Mehdiyev xatırladıb ki, Azərbaycanın müstəqilliyin ilk illərində üzləşdiyi münaqişənin ağır nəticələri, o cümlədən ərazilərimizin 20 faizinin işğalı və bir milyondan çox insanın məcburi köçkün vəziyyətinə düşməsi ölkənin sosial-iqtisadi vəziyyətinə sarsıdıcı təsir göstərib. Ancaq uğurlu daxili və xarici siyasət, davamlı tərəqqi və dinamik iqtisadi inkişaf nəticəsində Azərbaycan qarşıya qoyulmuş maneələri dəf edə bildi və uğurla donor ölkəyə çevrildi. Həmrəylik ruhu, qlobal rifah, eləcə də ölkələr və millətlər arasında dostluq münasibətlərinin gücləndirilməsinə töhfə vermək Azərbaycanın xarici siyasətinin ayrılmaz hissəsidir.

Sonra OECD-nin inkişaf əməkdaşlığı üzrə direktoru xanım Mariya del Pilar Qarrido Qonzalonun tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirilib. Müraciətdə iqlim dəyişikliyi ilə mübarizənin dayanıqlı inkişafla birbaşa əlaqəli olduğunu bildirən direktor dünya ölkələrinin davamlı inkişafının təmin olunmasında bu sahədə fəaliyyətin mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib. Qeyd olunub ki, iqlimlə bağlı görülən işlərin əksəriyyəti mövcud beynəlxalq maliyyə sistemi vasitəsilə həyata keçirilə bilər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin