COP29-da enerji keçidinin maliyyələşdirilməsində suveren sərvət fondlarının rolu MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: COP29-da enerji keçidinin maliyyələşdirilməsində suveren sərvət fondlarının rolu MÜZAKİRƏ EDİLDİ

220700

Noyabrın 14-də Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Suveren Fondların Beynəlxalq Forumu (SFBF) ilə birgə COP29 çərçivəsində Maliyyə Gününə həsr olunmuş “Enerji keçidinin maliyyələşdirilməsində suveren sərvət fondlarının rolu” mövzusunda yüksəksəviyyəli panel təşkil edib.

Bizim.Media xəbər verir ki, COP29 Sədrliyinin tədbirlər siyahısında yer alan və Mavi Zonada baş tutan bu mühüm tədbir qlobal liderləri bir araya gətirərək, suveren sərvət fondlarının (SSF-lərin) dayanıqlı maliyyənin inkişafına və aşağıkarbonlu iqtisadiyyata keçid prosesinə dəstəyini, o cümlədən bu istiqamətdə fəaliyyətin genişləndirilməsini müzakirə etmək məqsədi daşıyıb.
 

Tədbirdə “Ithmar Capital” şirkətinin icraçı direktoru - SFBF-nin sədri Obaid Amrane və ARDNF-in İcraçı direktoru - SFBF-in sədr müavini İsrafil Məmmədov açılış çıxışları ediblər. Çıxışlarda SSF-lərin iqlim dəyişikliyinin qarşısını almaqda uzunmüddətli investisiya strategiyaları ilə oynadığı əhəmiyyətli rola xüsusi diqqət çəkilib.


Obaid Amrane diqqətə çatdırıb ki, sərvət fondları davamlı inkişafa xidmət edəcək kapitalın cəlb olunmasında nümunə yaratmaq üçün geniş imkanlara malikdir: “Bu gün COP29 çərçivəsində əməkdaşlığımız uzunmüddətli və strateji investisiyalar vasitəsilə enerji keçidinin maliyyələşdirilməsində və iqlim problemlərinin həllində ortaq öhdəliyimizi bir daha əks etdirir”.

İsrafil Məmmədov bildirib ki, Azərbaycanın dövlət büdcəsinə əhəmiyyətli töhfə verən ARDNF ölkənin dayanıqlı inkişaf gündəliyinin və enerji keçidinin maliyyələşdirilməsində də mühüm rol oynayır: “Biz Santyaqo Prinsiplərinə uyğun olaraq güclü idarəetməni təmin etməklə iqtisadi sabitliyi möhkəmləndirməyə və dayanıqlı gələcəyə doğru irəliləyişə sadiqliyimizi nümayiş etdiririk”.

Tədbirin moderatoru, “Franklin Templeton” şirkətinin qlobal dayanıqlılıq üzrə rəhbəri Anne Simpson SSF-lərin maliyyə mandatlarını qorumaqla portfellərinin enerji keçidi məqsədlərinə uyğunlaşdırılmasından və bu kontekstdə maliyyə öhdəliklərinin yenidən qiymətləndirilməsindən danışıb.

Panelin iştirakçıları investisiya mühitində keçid maliyyəsinin inteqrasiyası, emissiyaların azaldılması, aktivlərin bölgüsü, risk-gəlir gözləntilərinin idarə edilməsi və digər mövzularda fikir mübadiləsi aparıblar. Müzakirələrdə keçid maliyyəsinin geniş miqyasda tətbiqində qarşıya çıxan əsas tənzimləmə, struktur və bazar çətinlikləri müzakirə olunub və dayanıqlı investisiyaların genişləndirilməsi istiqamətində müxtəlif maliyyə modellərinin tətbiqi kimi həll yollarından bəhs edilib.

Müzakirələrdən sonra SFBF üzv fondların portfellərinin dekarbonizasiyasını dəstəkləmək, dayanıqlı maliyyə üçün tərəfdaşlıqları gücləndirmək və iqlim maliyyələşdirilməsini genişləndirmək öhdəliyini bir daha təsdiqləyən kommünike elan edib.
 

Kommünikedə xüsusilə inkişaf etməkdə olan ölkələrdə innovativ maliyyə alətlərinin yaradılmasının, şəffaflığın təşviqinin və ədalətli enerji keçidinin əhəmiyyəti vurğulanıb.


Sənəddə, həmçinin qeyd olunub ki, SFBF iqlim dəyişikliyi ilə mübarizəyə kapital cəlb etmək üçün fəaliyyətlərini davam etdirəcək. Bu istiqamətdə növbəti tədbirlər Belen, Braziliyada keçiriləcək COP30 və qarşıdakı BMT-nin İqlim Dəyişikliyi konfransları çərçivəsində baş tutacaq.

COP29 Sədrliyinin tədbirlərindən biri kimi bu panel qlobal iqlim gündəliyinin hədəflərinə dəstək olmaqda SSF-lərin unikal və strateji rolunu ön plana çıxarıb. ARDNF və SFBF tərəfindən təşkil olunan bu platforma qlobal əməkdaşlıq və məsuliyyətli investisiyalar vasitəsilə dayanıqlı gələcəyin formalaşdırılmasında SSF-lərin potensialını bir daha nümayiş etdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin