Azərbaycan WUF12-ni uğurla başa vurdu: Ölkəmiz daha bir tədbirə ev sahibliyi edəcək - FOTO

Hazırda oxunan: Azərbaycan WUF12-ni uğurla başa vurdu: Ölkəmiz daha bir tədbirə ev sahibliyi edəcək - FOTO

220063

Misirin paytaxtı Qahirə şəhərində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Misir hökumətinin himayəsi altında keçirilmiş 12-ci Ümumdünya Şəhərsalma Forumu (WUF12) noyabrın 8-də başa çatdı.

Bizim.Media xəbər verir ki, “Hər şey evdən başlayır” mövzusunda təşkil olunan Forumda 182 ölkədən nümayəndə heyətləri bir araya gəlmişdi. Ümumilikdə 35 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi tədbirə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərliyi altında 50-dən çox nümayəndədən ibarət heyətlə qatılmışdı.
 

4-8 noyabr tarixlərində keçirilən Forumda sərgilənən Azərbaycan milli pavilyonunda ölkəmizin dayanıqlı inkişaf və şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlər nümayiş olundu. Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti Forum çərçivəsində urbanizasiya məsələlərinə həsr olunmuş 11 tədbir təşkil edərək, işğaldan azad edilmiş ərazilərdə şəhərlərin inkişafı sahəsində əldə edilmiş uğurları, münaqişədən sonrakı bərpa və tikintidə innovativ yanaşmaların rolunu vurğuladı.


Beynəlxalq ekspertlərin də qatıldığı sessiyalarda həmçinin “Böyük Qayıdış” proqramı çərçivəsində ərazilərin minalardan təmizlənməsi məsələlərinə və dayanıqlı bərpa strategiyalarına toxunuldu. Şuşanın mədəni irsinin qorunması, Bakının transformasiyası və Baş planı, ekoloji təmiz və “yaşıl” şəhərlərin təşviqi, gənclərin şəhər məkanlarının yaradılmasında iştirakı əsas müzakirə mövzusu oldu. Nümayəndə heyətinin üzvləri həm də müxtəlif müzakirələrdə fəal iştirak edərək, xarici həmkarları ilə geniş təcrübə mübadiləsi apardılar.

Nümayəndə heyəti burada həmçinin növbəti Ümumdünya Şəhərsalma Forumunun (WUF13) hazırlıqları ilə bağlı böyük təcrübə qazandı. Anar Quliyev bütün iştirakçıları 2026-cı ilin 18-22 may tarixlərində Bakıda baş tutacaq WUF13-ə dəvət edərək, belə əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsinin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və dayanıqlı gələcək üçün birgə səylərin təşviqinə böyük töhfə verəcəyini vurğuladı.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin