Almaniyanın Gürcüstandakı səfirliyi “dinc inqilabın mümkün olduğunu” bildirən yazı dərc edib.
Bizim.Media SOVA nəşrinə istinadən xəbər verir ki, səfirlik Gürcüstanın hazırkı hökuməti ilə Almaniya Demokratik Respublikası (ADR) hakimiyyəti arasında müqayisə aparıb.
“Sülh yolu ilə inqilab mümkündür. Berlin divarının sökülməsi bunun bariz nümunəsidir. Onilliklər ərzində ADR öz vətəndaşlarını zülm və zorakılıq sistemində saxladı. Cəsarətləri və azadlıqda müstəqil həyat arzuları sayəsində ADR sakinləri Berlin divarını yıxdılar.
Onlar Mərkəzi və Şərqi Avropanın digər igidləri ilə birlikdə Almaniyanın birləşməsinin və azad, vahid Avropanın əsasını qoydular. Bu durum günümüzdə də doğrudur: azadlıq heç də adi qəbul ediləcək bir şey deyil. Bunun üçün mübarizə aparmaq lazımdır. O vaxt da belə idi, indi də belədir”.
Qeyd edək ki, daha əvvəl Gürcüstanın hakim partiyası müxalifətin ölkədə inqilab təşkil edə bilməyəcəyini bəyan edib. “Gürcü arzusu” çevriliş hazırladığı iddialarını “spekulyasiya” adlandırıb və xəbərdarlıq edib ki, istənilən qanunsuz addımın “ardınca çox sərt reaksiya veriləcək”.
Xatırladaq ki, “Gürcü arzusu” oktyabrın 26-da keçirilən parlament seçkilərində 54 faiz səs toplayaraq qalib gəlib. Müxalifət isə yeni seçkilərin keçirilməsi tələbi ilə aksiyalar keçirir.
Bizim.Media